“Fatihə” surəsinin təfsiri


Digərləri 13 İyl 2019 22:55:00 257 0

“Fatihə” surəsinin təfsiri

Həmd etməyin faydaları

İmam Cəfər Sadiqdən (ə) soruşdular: "Hansı əməl Allahın ən çox xoşuna gəlir?" Cavab verdi: "Ona həmd etmək" (Üsul əl-Kafi, Kitab əl-dua, bab 27, hədis 2).

Son.az islam.az-a istinadən bildirir ki, İslam müqəddəslərindən rəvayət edilmiş hədislərdən məlum olur ki, Allahın verdiyi nemətlərə görə həmd etmək həmin nemətlərin daha da artmasına səbəb olar. Əksinə, nankorluq edib Allahın həmdini yerinə yetirməyən şəxsin xeyir-bərəkəti çəkilər. Mərhum Şeyx Səduq "Əmali" kitabında Həzrət Mühəmməd Peyğəmbərdən (s) bu hədisi rəvayət edib:

"Bəndə "əl-həmdu lillahi Rəbbil-aləmin" ayəsini deyəndə Allah-Taala mələklərə xitab edib buyurar: "Bəndəm Mənə həmd etdi. Şəhadət verib təsdiq etdi ki, aldığı hər nemət Mənim tərəfimdən verilib, hər bəladan yalnız Mənim mərhəmətim sayəsində xilas olur. Siz də şahid olun ki, bu bəndəmə verdiyim dünya nemətləri üzərinə axirət nemətlərini də əlavə edirəm, dünya bəlalarını onlardan uzaqlaşdırdığım kimi axirət əzabını da ondan uzaqlaşdırıram" (Şeyx Səduq. Əmali, məclis 33, hədis 1).

İmam Əli ibn Əbutalib (ə) öz qısa kəlamlarında Allaha həmd etməyin faydalarını belə açıqlamışdır: "Kim Allaha həmd etsə, daha da ehtiyacsız olar" (Ğürər əl-hikəm, 9098-ci kəlam). "Hər kim nemətdən sonra həmd etsə, Allah bu həmdi onun üçün nemət artımının açarı qərar verər" (Ğürər əl-hikəm, 8898-ci kəlam).

Allahın lütf və mərhəmətindəndir ki, Ona həmd etməklə bəzi xəstəliklərdən də şəfa tapmaq mümkündür. Həzrət Əli (ə) buyururdu ki, hər kim asqırandan sonra "əl-həmdu lillahi Rəbbil-aləminə əla kulli hal" ("Hər bir halda, hər zaman aləmlərin Rəbbi olan Allaha həmd olsun") desə, o adamın qulaqları və dişləri ağrımaz" (Həvizi Şirazi. Nur əl-səqəleyn təfsiri, 1-ci cild, səh. 16).

Hər bir duanın Allah tərəfindən qəbul edilməsinin şərtlərindən biri də duadan əvvəl Allaha həmd etməkdir. Bu barədə İmam Sadiq (ə) belə buyurub: "Əvvəlində həmd olmayan hər bir dua yarımçıq və naqisdir" (Üsul əl-Kafi, Kitab əl-dua, 27-ci bab, hədis 6). Başqa bir hədisdə buyurulur: "Hər kim Allahdan dünya və axirətə aid bir hacət (istək) istəsə, həmdü-səna ilə başlasın, Peyğəmbərə və Onun Əhli-beytinə salavat göndərsin, sonra istəyini diləsin" (Şeyx Təbrisi. Məkarim əl-əxlaq).