Bizi bizdən çox sevənlər uşaqlarımızı "ev dustağı"na döndərir


Digərləri 13 İyl 2019 22:41:00 271 0

Bizi bizdən çox sevənlər uşaqlarımızı "ev dustağı"na döndərir

Azərbaycanda evində və həyətində it saxlayanlar az deyil. Amma son ayların statistikası göstərir ki, ölkəmizdə sahibsiz itlərin sayı evlərdə bəslənənlərə nəzərən durmadan artır. Henri Şounun insanı onun özündən də çox sevən yeganə varlıq adlandırdığı itlər Adəm övladına qənim kəsliblər.  

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bir neçə gün öncə Şəkidə itin azyaşlını dişləməsi ilə bağlı xəbər yaymışdıq. Bu xəbər itdişləmə ilə bağlı mövcud problemi yenidən gündəmə atdı. Maraqlıdır, ötən il və bu ilin bir neçə ayı ərzində nə qədər belə hadisə baş verib? Ümumiyyətlə, sahibsiz itlərlə bağlı haraya müraciət edilməlidir? Sputnik Azərbaycan bunu araşdırmağa çalışdı.

Son günlər təkcə media vasitəsi ilə əldə olunan belə məlumatların sayı vəziyyətin ciddi olduğunu deməyə əsas verir. Şəkidə baş verən hadisə təkcə regionlarda deyil, elə paytaxt Bakıda da böyük narahatlığa səbəb olub. Bakının müxtəlif ərazilərində, xüsusən də yaşayış rayonlarının ətrafında sahibsiz itlərin dolaşması insanların canına vahimə salıb. Paytaxtın bir neçə ərazisi var ki, ora, demək olar ki, sahibsiz itlər üçün əsas məskənə çevrilib. Bakının Yeni Günəşli qəsəbəsini buna misal çəkmək olar. Qəsəbənin müxtəlif ərazilərində, eləcə də "Kərpic zavod" adlanan yerdə 5-6 addımdan bir dəstə-dəstə itlər görmək mümkündür. Qəsəbənin D massivində də bənzər mənzərə müşahidə olunur. Əlbəttə, yaşayış ərazisində belə bir durum uşaqlarla yanaşı, onların valideynlərini də qorxudur. Qəsəbə sakinlərinin bəziləri deyirlər ki, onlar məhz bu səbəbdən övladlarını küçəyə təkbaşına buraxa bilmirlər.

Bəs bu istiqamətdə hansı addımlar atılır?

Azərbaycanda sahibsiz heyvanlara qayğı mərkəzi olan İDEA İctimai Birliyinin "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, rəsmi fəaliyyətə başladıqları gündən, yəni 2017-ci ildən etibarən 6 minədək sahibsiz küçə heyvanı - it, pişik peyvəndlənib. Sahibsiz itlərin daşınması və təcili tibbi yardım üçün avtomobillərlə təchiz olunan mərkəz həftə ərzində 50-dək iti qəbul etmə gücünə sahibdir.

Belə bir mərkəzin olmasına rəğmən, demək olar, hər həftə itdişləmə ilə bağlı aldığımız xəbərlər vəziyyətin heç də ürəkaçan olmadığını göstərir.

İlin əvvəlindən bəri sahibsiz itlərin hücumuna məruz qalanların sayını öyrənmək istədik. Sorğumuza cavab olaraq Dövlət Statistika Komitəsindən bildirdilər ki, onlar yalnız illik hesabatı təqdim edə bilərlər.