Azərbaycanda peyvəndlərdən niyə imtina edilir?


Digərləri 13 İyl 2019 19:38:00 190 0

Azərbaycanda peyvəndlərdən niyə imtina edilir?

Azərbaycanda bəzi valideynlər uşaqlarına peyvənd etdirməkdən imtina edirlər. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Üçüncü qrup valideynlər isə bunun sadəcə "uşağın seçiminə buraxılmalı olduğuna" inanır.

Səhiyyə Nazirliyi ölkə üzrə peyvənd planının 95-97 faiz yerinə yetirildiyini bildirsə də, peyvənddən imtina edənlərin cüzi də olsa artdığını qeyd edib.

Azərbaycanda 2015-ci ildə peyvəndlərdən imtina edən valideynlərin sayı 1,2 faiz idisə, 2018-ci ildə bu göstərici 1,6 faiz olub.

2019-cu ildə Səhiyyə naziri digər ölkələrdən qızılca xəstəlinin Azərbaycana gətirilməsi hallarının qarşısını almaq məqsədilə immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalamışdı.

Nazirliyin məlumatında Azərbaycanda 2013-cü ildən qeydə alınmayan xəstəliyin ölkəyə 2018-ci ilin sonundan gətirildiyi və ölkəyə 160 min doza peyvəndin gətirildiyi deyilirdi.

Bakıda poliklinikaların birində çalışan, adının çəkilməsini istəməyən pediatr deyir ki, iki-üç il qabaq peyvəndlərdən kütləvi imtina halları artmışdı, qızılca xəstəliyi yayılandan sonra isə "camaat qorxuya düşərək vaksinasiyaya gəlməyə başlayıb".

Bakıda yaşayan Nəsibə Məmmədova övladına peyvənd etdirməyin əleyhinədir. O düşünür ki, uşaqlar həyatlarındakı bütün seçimləri özləri etməlidir, peyvəndlər də buna daxil olmalıdır.

Menecer işləyən Məmmədovanın bir oğlu var. Onun sözlərinə görə, həyat yoldaşı ilk başlarda vaksindən imtina qərarına qarşı olsa da, sonradan razılaşmağa məcbur olub.

"Mənə çox dedilər ki, uşağa bir şey olar, qorxmursanmı, nə bilim o xəstəlik var, bu xəstəlik var. Bəyəm peyvənd olunmayan uşaqlara nəsə olur? Yox. Hələ elə bir şey görməmişəm".

Peyvənddən rəsmi olaraq imtina edən Nəsibə Məmmədova deyir ki, həm həkimlər, həm də qohumlar ona uşağın vaksin olunmasına görə bir növ "təzyiq edirlər", o isə fikrindən daşınmağa hazır deyil.

26 yaşlı ana övladını tibbi müayinələrə aparmağa davam etdiyini, imtinanın təkcə vaksinlərə aid olduğunu deyir və hesab edir ki, buna görə 3 yaşlı oğlunun "həyatı təhlükədə ola bilməz".

"Məncə övladlarımıza seçimləri uşaq vaxtından verməliyik. Onlar o vaxt özləri başa düşməsə də gözləyə bilərik. Əgər nə vaxtsa Azərbaycanda hansısa dəhşətli epidemiya olsa bu qərarı yenidən müzakirə edə bilərik, amma hələ buna ehtiyac duymuruq".

Azərbaycanda peyvəndlər necə edilir və hansı xəstəliklərlə mübarizə aparılır?

Hazırda Azərbaycanda Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır.

Səhiyyə Nazirliyinin milli peyvənd təqdiminə əsasən, uşaqlara peyvəndlər 0-6 yaşına qədər müəyyən edilmiş vaxtlarda vurulur. Dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur, özəl müəssisələrdə isə vaksinlər ödənişli əsaslarla edilir.

Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Azərbaycana vaksin preparatları 2014-cü ildə UNİCEF-in xətti ilə daxil olur və daxil olan bütün preparatlar Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasını keçib.

Qurumdan deyilib ki, hazırda ölkədə Belçika, Hollandiya, İndoneziya, Hindistan, Cənubi Koreya, Bolqarıstan, Britaniya Krallığının istehsalı olan vaksinlərdən istifadə edilir.

Peyvənd seçimi: vaksin, yoxsa imtina?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvəndləşməni dəstəkləyir. Qurum bu gün dünyanın bir çox ölkələrində vaksinasiyadan imtina tendensiyasını 2019-cu ildə dünya səhiyyəsinə ən böyük təhlükələr siyahısına daxil edib.

ÜST-nin məlumatına əsasən, 2019-cu ilin ilk üç ayı ərzində dünya boyu qızılca xəstəliyinə tutulma halları ötən ilin eyni dövrü ilə müqayisədə dördqat artıb.

Azərbaycanda peyvəndləşməni icbari edən qanun yoxdur - bu, valideynin seçiminə buraxılır. Peyvənddən imtina etmək istəyən valideynlər notariusda peyvəndlərdən yazılı imtina etməli və sənədi qeydiyyatda olduğu poliklinikaya aparmalıdır. Bu zaman valideyn uşağının xəstələnməsi hallarındakı bütün məsuliyyəti öz üzərinə götürmüş olur.

Səhiyyə Nazirliyi bildirib ki, peyvəndlərdən yazılı imtina edənlərin ən çox göstərdiyi səbəblər "sosial şəbəkələrdə peyvənd əleyhinə yanlış məlumatların olması, dini baxışlar, peyvənddən sonra autizm qorxusu, peyvənddən sonra gələcəkdə uşaqda sonsuzluq qorxusu, peyvənddən sonra baş verə biləcək ağırlaşmalardan ehtiyat edilməsi" olur.

Pediatr Vaqif Qarayev deyir ki, peyvənd təbabətin ən son ixtiralarından biridir və bu, bir sıra xəstəliklərdən qorunmağın yeganə yoludur.

O söyləyir ki, peyvənd siyahısına düşən xəstəliklərin hamısı epidemiya yaradır və xüsusən körpələr arasında ölümə səbəb olur, amma epidemiyanın olub-olmamasına baxmayaraq vaksinasiyaya həmişə ehtiyac var.

Cənab Qarayev Azərbaycanda vaksinasiyadan imtina edənlərin statistikasını bilməsə də, rastlaşdığı və oxuduğu hallardan irəli çıxaraq bu halların artdığını düşünür, bunun səbəblərindən biri kimi isə internetdə rastlaşdığı peyvənd əleyhinə kampaniyaları görür.

"Pis örnək yoluxucu olur. Bir var sübutlu təbabət, bir də var internetdəki peyvənd əleyhinə kampaniyalar. Bu kampaniyalarda hansısa sarı saytlardan fikirlər paylaşılır ki, peyvənd ziyandır və s. Əslində isə bütün dünya həkimləri həm sübutlu təbabətin, həm də Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əməl etməlidirlər".

Pediatr söyləyir ki, peyvənddən imtina edənlərə qarşı müxtəlif ölkələr fərqli siyasət yürüdür.

"Əgər kimsə uşağına peyvənd etdirmirsə, o zaman gərək onu uşaq kollektivinə buraxmasın.

Son bir neçə ayda ABŞ-ın ən böyük ştatlarında qızılca epidemiyasına görə peyvəndsiz uşaqların məktəbə davamiyyəti qadağan edilib, hətta peyvənddən imtina edənlərə cərimə edilib.

Daha sonra isə Almaniyada qadağan edilib. Gürcüstanda son dövrlərdə qızılca tüğyan edirdi.

Sonra Gürcüstandan qızılca Azərbaycana keçdi, xəstəxanalar ağzınadək dolu idi və oradakı uşaqların hamısı peyvəndsiz idi.

Mən valideynlərdən soruşuram ki, niyə vaksin etdirməmisiniz, deyir oxudum ki, ziyandır, rəfiqəm dedi etdirmə və s. Sonra da ağlayır ki, həkim, kömək edin".