Azərbaycan dövlətçiliyinin xilaskarı


Siyasət 13 İyl 2019 10:01:00 182 0

Azərbaycan dövlətçiliyinin xilaskarı

Son.az YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin yazısını təqdim edir:

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" tezisi müstəqilliyimizin ilk illərində yaşanan gərginliklərdən, faciələrdən daha aydın görünür.

28 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın 1991-cu ildən 1993-cü ilin iyununadək yaşadıqları yaddaşlarda, tariximizdə, nəşr olunan kitablarda, araşdırmalarda öz əksini tapıb. Azərbaycan tarixinin 1991-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum, ya ölüm" dövrü kimi qaldı. Moskvadan idarə olunan xəyanətkar rəhbərlər və onları əvəz edən səriştəsiz, heç bir idarəçilik bacarığı olmayan AXC-Müsavat hakimiyyəti ölkəmizi parçalanmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdular. Cəbhədə məğlubiyyətlər, xəyanətlər adi hala çevrilmişdi. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, anarxiya, özbaşınalıqlar baş alıb gedirdi. Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Faktiki olaraq dövlət yox idi. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən acınacaqlısı bu idi ki, Azərbaycanın xaricdəki düşmənləri daxildəki satqınlarla birləşmişdilər.

Belə fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri Heydər Əliyev idi. Məhz o zaman - 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi zəngin təcrübəsinə və idarəçiliyinə arxalanaraq vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.

Dahi şəxsiyyətin hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi. Bu, ilk növbədə, yazımızın birinci hissəsində bəhs etdiyimiz ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gördüyü işlərlə, Azərbaycanın müstəqil gələcəyi üçün atdığı addımlarla bağlı idi. Qeyd etdiyimiz kimi, Azərbaycan o illərdə Ulu Öndərin səyləri nəticəsində keçmiş İttifaqın ən qabaqcıl ölkələrindən birinə çevrilmiş, ölkəmizin bu günü üçün möhkəm baza yaradılmışdı. Digər mühüm səbəb isə təbii ki, ulu öndər Heydər Əliyevin Vətən, xalq sevgisi, ən çətin anlarda belə xalqının yanında olması idi. Dahi şəxsiyyət Qanlı Yanvar faciəsindən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hakimiyyətini, Kommunist Partiyasını törətdiyi cinayətə görə pislədi, sərt tənqid etdi. Haqq səsini ucaldaraq xalqla həmrəylik göstərdi, faciənin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı.

Keçilən yola nəzər salıb, tariximizin səhifələrini vərəqlədikcə bu reallığı bir daha böyük qətiyyətlə qeyd edirik ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün müstəqil Azərbaycan adlı dövlətdən danışmaq yalnız və yalnız utopiya olardı. Vətənini, xalqını, torpağını canından artıq sevən bir liderə xalqın ümidləri daim böyük olur. Ulu öndər Heydər Əliyev bu ümidləri doğrultdu, milyonların sevgisini, məhəbbətini, etimadını qazandı. Ümummilli Lider bildirirdi: "Mən çox böyük sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm." Onun üçün Vətən, xalq, torpaq hər şeydən əziz idi.

1993-cü il tariximizdə dönüş nöqtəsi oldu

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsəri zənginləşdirən Ümummillli Liderin düşünülmüş və məqsədyonlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imzanın atılması, Azərbaycanın dünya dövlətlərinin imzaları arasında imzasının olmasıdır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətçiliyin əsasları yaradıldı, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addımlar atmağa başladılar.

1993-cü il 15 iyun gününün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil edilməsi səbəbsiz deyil. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas oldu. Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Xalqın sabaha inamı artdı. Bir sözlə, ulu öndər Heydər Əliyev uğurlu daxili və xarici siyasəti, gələcəyə hesablanmış inkişaf konsepsiyası ilə Azərbaycanı yenidən qurdu. "Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir" söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır.

Azərbaycançılıq bu gün ideoloji əsaslarımızı təşkil edir. Diasporun bir dövlətin xaricdəki varlığı olduğunu nəzərə alıb öncə dünyanın müxtəlif ölkələrində Azərbaycan mərkəzlərinin, cəmiyyətlərinin yaradılmasına xüsusi diqqət yönəldildi. 2001-ci ildə onların vahid mərkəzdən idarə olunmasının təşkili məqsədilə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra sabitliyin təmin olunması ölkədə iqtisadi tərəqqiyə geniş yol açdı. Azərbaycan xalqı illərdən bəri ürəyində gəzdirdiyi istəyinə- öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsinə nail oldu. Dahi şəxsiyyətin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi onun uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli Lider dünya təcrübəsinə istinadən bu fikri bildirirdi ki, heç bir dövlət təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəsə nail olunması ölkəmizin bütün sahələrdə davamlı inkişafını təmin etdi. Həmin ilin sentyabrın 20-də dünyanın nüfuzlu trans-milli şirkətləri ilə tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft müqaviləsi imzalandı. Bu saziş Azərbaycanın sabahına inamı artıraraq, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, ölkəmizə yeni-yeni dostlar, tərəfdaşlar qazandırdı. Dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində bildirmişdir: "Əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik." "Əsrin müqaviləsi" sonrakı sazişlərə, Anlaşma memorandumlarına yol açdı, Azərbaycan dünya iqtisadiyyatının bir parçasına çevrildi.

İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması uğurların davamlılığında əhəmiyyətli rol oynadı

Siyasi islahatlar həyata keçirildi, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul olundu. İnsan hüquqlarının qorunmasını, azad mətbuatın inkişafını, çoxpartiyalı sistemin yaradılmasını, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini demokratik cəmiyyətin əsas atributları kimi dəyərləndirən ulu öndər Heydər Əliyev onların bərqərar olması istiqamətində davamlı addımlar atdı. 1995-ci ildə qəbul olunan Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. 1995-ci ildən imzalanan əfv fərmanları və Amnistiya Aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini təsdiqləyir. Şəxsiyyət azadlığına humanist münasibətlərin formalaşdığı ölkəmizdə ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından 2003-cü ilə qədərki dövrə qədər 32 əfv Fərmanı imzalanıb, 7 Amnistiya Aktı qəbul olunub. Son 15 ildən artıq dövrdə isə 30-dan çox əfv Fərmanı imzalanıb, 4 Amnistiya Aktı qəbul olunub. Bu sənədlər əsasında ümumilikdə on minlərlə məhbus azadlığa qovuşub.

Təkmilləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir. Bu yeniləşmə Ali Qanunumuza edilən əlavə və dəyişikliklərdə, həmçinin bu və ya digər sahələr üzrə qəbul olunan qanunların təkmilləşməsində də özünü göstərir. 2002-ci ildə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi insan hüquq və azadlıqlarının qorunmasının və yeni müdafiə mexanizmlərinin müəyyənləşdrilməsinin dövlət siyasətinin əsasında dayandığını bir daha təsdiqlədi.

Azərbaycanın demokratiyaya gedən yolu heç də hamar olmayıb. Belə ki, daxili və xarici bədxahlarımız hər vəchlə ölkəmizin demokratik inkişafına mane olmağa çalışırdılar. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ərəfəsində ölkəmizə nə qədər təzyiqlər göstərildiyini xatırlamaq kifayətdir. Lakin ulu öndər Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində bu maneələr dəf olundu. 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması barədə qərar qəbul edildi, yanvarın 25-də üçrəngli bayrağımız qurumun qarşısında dalğalanmağa başladı. Azərbaycan bu mühüm hadisə ilə dünyaya nümayiş etdirdi ki, demokratik dəyərlərə sadiqliyimiz sözdə deyil, əməldə öz təsdiqini tapır.

Azad mətbuat demokratik inkişafın əsas tərkib hissələrindən biri kimi

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatın inkişafında da yeni mərhələnin başlanğıcı oldu. KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlara dövlət qayğısının artırılması, söz, məlumat azadlığının qorunması, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsi həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri idi. Mətbuata dövlət nəzarəti olan senzuranın götürülməsi, "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" mütərəqqi qanunların qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. kimi biri-birindən əhəmiyyətli addımlar bu sahəyə diqqət və qayğıdan qaynaqlanırdı. Mütəmadi olaraq jurnalist kollektivləri ilə görüşlər keçirən Ümummilli Lider onların problemləri, qayğıları ilə yaxından tanış olur, həlli istiqamətində zəruri addımlar atırdı. Dahi şəxsiyyət bildirirdi: "Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca böyük zəhmət tələb edən əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir."

Məhz bu sahədə görülən işlərin, atılan uğurlu addımların nəticəsidir ki, bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə 5 mindən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatından keçib. Xeyli sayda jurnalist təşkilatları və ictimai birilklər fəaliyyət göstərir. Ölkəmizdə internet istifadəçiləri 85 faizdən çoxdur.

Mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaratmışdı. 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı.

Azad mətbuatın inkişafı sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq quruldu. Bu əməkdaşlıq Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasını daha da sürətləndirdi.

Məhz bu diqqət və qayğının nəticəsi idi ki, 2002-ci ildə ulu öndər Heydər Əliyev "Jurnlistlərin dostu" mükafatına layiq görüldü.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir

Ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərindən biri də bu gün milyonların partiyasına çevrilən, 750 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı olmasıdır. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" adlı müraciətində həmin illərin reallıqları öz əksini tapmışdır. Həmin müraciətdə də qeyd olunduğu kimi, o çətin günlərdə məsuliyyətli işi öz üzərinə götürməyə qadir yeganə şəxs ulu öndər Heydər Əliyev idi. Bildirilirdi ki, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabında Onun Azərbaycanın müstəqlliyi üçün yaranan təhlükələrdən narahatlığı daha aydın görünürdü: "Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin." Həmin cavabda ulu öndər Heydər Əliyev bu inamı da ifadə etmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram."

Bu, ulu öndər Heydər Əliyevin xalq, Vətən sevgisinin göstəricisi idi. Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə təsis konfransını o dövrdə siyasi hakimiyyətdəkilərin ədalətsizliyi ucbatından Bakıda deyil, Naxçıvanda keçirdi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.

Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib. Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi partiyanın əsas prinsipləri sırasındadır. Bu fikir də böyük inamla qeyd olunur ki, tarixi müstəqil Azərbaycanın tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi inişaf yolunun bələdçisi, uğurların təminatçısıdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyası bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Vaxtilə "Yeni Azərbaycan uğrunda" devizi ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası bu gün "Güclü dövlət, yüksək rifah", "Yeni hədəflərə doğru İlhamla irəli" deyib Azərbaycanın daha da qüdrətlənməsi, beynəlxalq mövqeyinin möhkəmlənməsi istiqamətində töhfələrini daha da artırır. Xalqına, dövlətinə xidmət edən partiyaya inamın, etimadın böyüklüyü inkaredilməzdir. Ölkəmizdə bu günə qədər keçirilən prezident, parlament, bəldiyyə seçkiləri bunu bir daha təsdiqləyir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinə qələbələr, uğurlar partiyası kimi daxil olub.

Beynəlxalq təcridə son

Xarici siyasətin daxili siyasətin davamı olduğunu nəzərə alsaq 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə yaradılan sabitlik Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin və şirkətlərin tərəddüdlərinə son qoydu. Bu faktı daim qeyd edirik ki, Azərbaycan yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu etirafı da edək ki, diqqət və maraq müxətlif dövrlərdə fərqlidir. Belə ki, müstəqilliyimizin ilk illərində ölkədə xaosun, anarxiyanın, özbaşınalığın, iqtisadi tənəzzülün mövcudluğu Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Xarici iş adamları qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə ulu öndər Heydər Əliyevin qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik, normal iqtisadi mühit bu tərəddüdləri aradan qaldırdı, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Məhz bu inama söykənərək bu gün bu rəqəmi açıqlayırıq ki, ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya yatırılıb.

Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə beynəlxalq təcriddən xilas oldu. Müstəqilliyimizin ilk illərində yaşananlar ölkəmizin beynəlxalq nüfuzuna da təsirsiz ötüşmədi. Belə ki, ermənilərin və erməni diasporunun apardığı təbliğata uyğun olaraq bədxah qonşularımız beynəlxalq aləmdə "yazıq, məzlum, əzilən, döyülən" xalq imicində tanınırdı. Məhz bu təqdimata görə ABŞ Konqresi ölkəmizə qarşı ədalətsiz "907-ci düzəliş"i qəbul etmişdir. Həmin qərara əsasən guya Azərbaycan işgalçı, Ermənistan isə işğala məruz qalan tərəfdir. Ermənilərin belə bir qərarın qəbul olunmasına nail olmaqda məqsədləri Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, ən əsası digər ölkələrdən asılı vəziyyətə salmaq idi. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qaydışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq, həqiqətlərimizi dünya ictimaiyyətinə əsaslı şəkildə çatdırmaq idi. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada diqqət Dağlıq Qarabağ probleminə yönədilməsin, erməni yalanları ifşa edilməsin.

Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan ermənilərin "907-ci düzəliş"in tətbiqindən gözlədiklərini puç etdi. Azərbaycan iqtisadi cəhətdən nəinki zəiflədi, əksinə daha da güclü, qüdrətli dövlətə çevrildi. 2001-ci ildə ABŞ-da baş verən terror aktı, həmçinin dövlətimizin uğurlu xarici siyasəti nəticəsində ABŞ hökuməti öz siyasətində dəyişiklik etdi, "907-ci düzəliş"in ədalətsizliyini təsdiqləyərək fəaliyyətinin bir illik dondurulması ilə bağlı qərar qəbul olundu. 2001-ci ildən başlayaraq bu qərar hər il yenidən təsdiqlənir.

Azərbaycanın xarici siyasət uğurlarından biri də diaspor quruculuğu prosesinin geniş vüsət alması oldu. Əvvəldə də qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarına bu çağırışı etdi: "Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır!"

Azərbaycanın qonşu və dünya dövlətləri, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığı quruldu, zaman-zaman yüksələn xətlə inkişaf etməyə başladı. 1993-cü ilə qədər Azərbaycan bütün qonşu dövlətlərlə çox gərgin münasibətlər şəraitində yaşayırdı. Qonşu, həmçinin dünya dövlətləri ilə münasibətlərin qurulması ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biridir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Azərbaycanın iqtisadi imkanlarının artması siyasi mövqeyinin möhkəmlənməsi ilə müşayiət olundu. "Əsrin müqaviləsi"nin bu uğurlara töhfələri davamlı xarakter aldı. Bir sözlə, daxili sabitlik, həyata keçirilən uğurlu siyasət xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərdi. Xarici siyasətini bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında quran Azərbaycan dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrildi. "Açıq qapı" siyasətinə üstünlük verən ümummilli lider Heydər Əliyev bu çağırışı da etmişdir ki, Azərbaycanın qapıları bura xoş niyyətlə ayaq basan bütün iş adamlarına açıqdır. Onlar ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər.

Ulu öndər Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biri də türk dünyasının birliyinə, həmrəyliyinə nail olmasıdır. Əbəs yerə Ümummilli Lider türk dünyasına işıq saçan bir çıraq kimi dəyərləndirilmir.

Müstəqil Azərbaycan dövlətinin İslam dünyasındakı nüfuzu da böyükdür. Məhz ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan bu gün dünyaya dostluq, həmrəylik, birlik, ən əsası sülh mesajını ünvanlayır. Azərbaycanın beynəlxalq aləmdə tolerant multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınmasında və nüfuz qazanmasında möhkəm təmələ əsaslanan siyasət dayanır.