Lənkəran və Salyanda aqrokimya laboratoriyaları istifadəyə verilib (FOTO)


Digərləri 13 İyl 2019 07:26:55 239 0

Lənkəran və Salyanda aqrokimya laboratoriyaları istifadəyə verilib (FOTO)

Fermerlər torpaq, su, bitki analizlərini aqrokimya laboratoriyalarında analiz edə biləcəklər

Bakı. Fermerlər torpaq, su, bitki analizlərini aqrokimya laboratoriyalarında analiz edə biləcəklər. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Lənkəran və Salyanda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Lənkəran Regional Aqrokimya Laboratoriyasının fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib. Agentliyin mütəxəssislərinin, alimlərin fermerlərin iştirakı ilə keçirilən tədbirdə Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadə laboratoriyanın fəaliyyət istiqamətləri və həyata keçirilən analizlərin formatı ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Respublikada 11 Regional Aqrokimya Laboratoriyasının fermerlərin istifadəsinə verildiyini və onlarının ən müasir cihaz və avadanlıqlarla təmin olunduğunu deyən R.Vahabzadə, laboratoriyaların Salyan, Neftçala, Hacıqabul, Cəlilabad, Biləsuvar, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı rayonlarını əhatə etməklə 327 000 hektardan artıq əkinə yararlı torpaq sahələrinə xidmət göstərəcəyini diqqətə çatdırıb. Aqrokimya laboratoriyalarının aqrar sahənin inkişafı üçün çox böyük önəm daşıdığını vurğulayan AXA rəsmisi qeyd edib ki, laboratoriya fermerlərə torpağın məhsuldarlıq və fiziki göstərcilərinin, torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini təklif edir: “Aqrokimyəvi tədqiqatların nəticəsində qabaqlayıcı tədbirlərin aparılması mümkün olur, fermerlər hansı məhsul qrupunun əkəcəyini müəyyən edir, gübrələmə normalarını düzgün seçir və sonda keyfiyyətli bol məhsul əldə edir. Torpağın və bitkinin fiziki-kimyəvi analizi, pestisidlərin qalıq miqdarının təyin olunması qida sağlamlığının qorunmasında vacib amillərdən biridir. Fermerlər bu xidmətlərdən yararlanaraq istehlakçılara keyfiyyətli məhsul təklif edə bilərlər”.