Fransanın coğrafi göstəricilərinin Azərbaycanda qorunması məsələləri müzakirə olunub (FOTO)


Digərləri 12 İyl 2019 20:22:37 188 0

Fransanın coğrafi göstəricilərinin Azərbaycanda qorunması məsələləri müzakirə olunub (FOTO)

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Fransanın Türkiyədəki səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri və bu ölkənin Konyak Peşələrarası Milli Bürosunun (BNIC) hüquq departamentinin direktorunu qəbul edib.

Bakı. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fransanın Türkiyədəki səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Fransua Viel və bu ölkənin Konyak Peşələrarası Milli Bürosunun (BNIC) hüquq departamentinin direktoru Eduard Dö Kervenoaeli qəbul edib. Trend-in məlumatına görə, qonaqları salamlayan Kamran İmanov dövlət başçısı İlham Əliyevin apardığı xarici siyasət sayəsində Azərbaycan və Fransa arasında dostluq və tərəfdaşlıq münasibətlərinin genişləndiyini, xüsusilə son illər Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın səyləri nəticəsində bu ikitərəfli əlaqələrin daha da inkişaf etdiyini nəzərə çatdırıb. Sədr əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar nəticəsində keçən il Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əqli Mülkiyyət Agentliyinin yaradıldığını və bir neçə qurumun vahid struktur altında birləşdirildiyini qeyd edərək Dünya Bankının «Doing Business - 2019» hesabatında Azərbaycanın 10 ən islahatçı dövlətlər sırasında olduğunu və Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının “Əqli mülkiyyətin qorunması” indeksi üzrə Azərbaycanın dünyada 36-cı pillədə yerləşdiyini və hazırda Agentliyin qarşısında duran ən mühüm vəzifələrdən birinin dövlət başçısının apardığı islahatlara yardımçı olmaq və əqli mülkiyyət sahəsində innovasiyalı inkişafa dəstəyin verilməsindən ibarət olduğunu bildirib. Qəbul üçün təşəkkürünü bildirən F.Viel artıq ikinci dəfə Azərbaycanda olduğunu və bu dəfəki gəlişinin Fransa Şirkətlər Hərəkatının (MEDEF) nümayəndə heyətinin Bakıya səfəri ilə əlaqədar olduğunu qeyd edərək nümayəndə heyətinə 12 sahəni əhatə edən 45 şirkətin 70 nəfər əməkdaşının daxil olmasının Fransa sabihkarlarının Azərbaycana marağının necə yüksək olmasına dəlalət etdiyini nəzərə çatdırıb. O, ölkəsinin aqrar sahədə coğrafi göstəricilərin qorunması məsələsinə çox əhəmiyyət verdiyini və bunun kənd təsərrüfatı sahəsində milli strategiyasının prioritetlərindən olduğunu vurğulayıb. F.Dö Kervenoaeli Bakı şəhəri haqqında ilk təəssüratlarından məmnun olduğunu bildirərək Fransanın Konyak şəhəri ilə Azərbaycanın Tovuz şəhəri arasında olan əlaqələr, Azərbaycan nümayəndə heyətinin Konyak şəhərinə səfərləri haqqında qısa məlumat verib. O, təmsil etdiyi BNIC təşkilatının əsas vəzifələrindən biri kimi dünya miqyasında “Konyak” coğrafi göstəricisinin qorunması olduğunu diqqətə çatdıraraq Azərbaycan və Avropa ittifaqı arasında coğrafi göstəricilərin qorunması sahəsində razılığın əldə olunmasından razı qaldıqlarını qeyd edib və bu sahədə Azərbaycanın şərab istehsalçılarına hüquqi və texniki yardımın göstərilməsinə hazır olduqlarını bildirib. K.İmanov ölkəmizdə konyak istehsalının 200 illik tarixi olduğunu və bunun əsasən Azərbaycanda məskunlaşmış alman koloniyaları ilə bağlı olduğunu söyləyib. Agentliyin rəhbəri Sovetlər dövründə Azərbaycanın demək olar ki, ən çox üzüm istehsal edən ölkə olduğunu, ölkəmizdə dünyanın heç bir yerində olmayan şirin üzüm sortlarının yetişdirildiyini qeyd edərək bu sahədə əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulayıb. Görüşdə Agentlik və BNIC-in təşkilatçılığı ilə gələcək əməkdaşlıq üçün yol xəritəsinin hazırlanması və gələcəkdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə tədbirlərin keçirilməsi barədə razılıq əldə edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin