Sualtı qayıqdakı 7 ton kokain belə ələ keçirildi


Dünya 12 İyl 2019 19:04:00 222 0

Sualtı qayıqdakı 7 ton kokain belə ələ keçirildi

ABŞ Sahil Mühafizəsi Xidməti əməkdaşlarının Sakit okeanda göyərtəsinə 7 ton kokain yüklənmiş sualtı qayığı qovmalarını və ələ keçirmələrini əks etdirən video yayımlayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, amerikalı dənizçilər bu zaman 5 qaçaqmalçı tutublar. Sualtı qayığın ələ keçirilməsi may ayından iyuladək davam edən, 14 müxtəlif qaçaqmalçı qrupunun və 55 qaçaqmalçının tutulması ilə yekunlaşan uzunmüddətli əməliyyatın tərkib hissəsi idi.

Kadrlarda sahil mühafizəsinin sualtı qayığı necə qovduğu, ondan dayanmağı tələb etdiyi, lakin qaçaqmalçıların hərəkət etməyə davam etdikləri görünür. Bir müddətdən sonra xüsusi xidmət əməkdaşları sualtı qayığın üzərinə adlayırlar. Onlar lükü açır və qayığı ələ keçirirlər. Sahil Mühafizəsi Xidmətinin nümayəndəsi Con Messon qeyd edib ki, bu zaman qayığın daxilində qaçaqmalçılıqda şübhəli bilinən 5 nəfər olub. Qayığın ələ keçirilməsi iyunun 18-də baş verib.

"Qayıq kifayət qədər sürətlə hərəkət edirdi. Təqib belə sürətli olduğu üçün sualtı qayığın özü üçün də təhlükə yaranmışdı. Biz, əlbəttə riskləri minimuma endirməyə çalışırdıq, amma videoda ekipaj üzvlərimizin narkotik maddələrlə mübarizədə öz vəzifə öhdəliyinə necə sadəqətlə yanaşdığını görmək mümkündür", - deyə Messon "Fox News"a bildirib.

Qeyd olunur ki, müsadirə edilmiş 7 ton narkotikin bazar dəyəri 232 milyon dollardan yuxarıdır.

ABŞ Sahil Mühafizəsi Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin may-iyul tarixləri arasında xidmət bazarda dəyəri 570 milyon dollar olan 17 tondan çox kokain, yarım tona yaxın marixuana ələ keçirib.