İmadəddin Nəsimiyə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı (FOTO)


Digərləri 12 İyl 2019 18:30:00 220 0

İmadəddin Nəsimiyə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı (FOTO)

“Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Bakı. İyulun 12-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Trend-in məlumatına görə, müsabiqə Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə gerçəkləşib. Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və media nümayəndələri iştirak edirdilər. Tədbirdə “Mədəniyyət” qəzetinin yeni çapdan çıxan “İmadəddin Nəsimi 650” adlı xüsusi buraxılışı haqqında məlumat verildi. Qeyd olundu ki, nəfis tərtibatlı, 48 səhifədən ibarət xüsusi buraxılış dahi şairin yubileyinə, “Nəsimi ili”nə töhfə olmaqla bərabər, respublikamızda, eləcə də xarici ölkələrdə bu mövzuda keçirilən tədbirləri, mədəniyyət layihələrini məcmu halda oxuculara təqdim edir. Jurnalist yazıları müsabiqəsi haqqında verilən məlumatda qeyd olundu ki, müsabiqə Prezident İlham Əliyevin "Nəsimi ili" ilə bağlı 11 yanvar 2019-cu il sərəncamından irəli gələrək jurnalistləri stimullaşdırmaq məqsədilə təşkil edilib. Tədbirdə sonra bədii hissə təqdim edildi. İmadəddin Nəsiminin qəzəlləri səsləndirildi, muğam ifaçılarının dahi şairin qəzəlləri üstündə musiqi nömrələri alqışlarla qarşılandı. Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev səhnəyə dəvət olundu. Nazir çıxışında bildirdi ki, Mədəniyyət Nazirliyinin hər il Milli Mətbuat Günü ərəfəsində jurnalist yazıları müsabiqəsi keçirməsi ənənəvi hal alıb: "Lakin builki təqdimat keçən illərdəkindən bir sıra nüanslarına görə fərqlənir. Çünki bu müsabiqə böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunub. Onu da diqqətinizə çatdırım ki, “Nəsimi ili” ilə bağlı keçirilən tədbirlər bununla yekunlaşmayacaq. Şəhər və rayonların mədəniyyət müəssisələrində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgiləri və digər tədbirlər ilin sonuna kimi davam edəcək”. Nazir qeyd etdi ki, dahi şairin yubileyi və “Nəsimi ili”nin bu ilə təsadüf etməsinin xüsusi əhəmiyyəti var: “İki gün sonra biz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd edəcəyik. O vaxt Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün nə Nəsiminin yubileyini belə təmtəraqla, beynəlxalq səviyyədə qeyd edərdik, nə də başqa dahilərimizi dünyaya tanıdardıq. Məlumdur ki, Azərbaycan xalqının keçdiyi yola bəşəriyyətin verdiyi qiymət heç də hər zaman istədiyimiz kimi olmamışdır. Ona görə də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə qayıdışı dünyaya sübut edir ki, biz böyük mədəniyyətə malikik”. Əbülfəs Qarayev bildirdi ki, ümummilli lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə gəldikdən sonra ilk addımlarından biri Nəsiminin adının UNESKO-da tanıtdırılması olub. Ulu öndərin təşəbbüsü və səyləri ilə 1973-cü ildə dahi şairin anadan olmasının 600 illiyi UNESKO-da təntənə ilə qeyd olunub: “İndi isə UNESKO-nun mötəbər tədbirləri Azərbaycanda keçirilir. Bu da Azərbaycanın yarım əsrdə keçdiyi möhtəşəm inkişaf yolunun göstəricisi, ölkəmizlə bu təşkilat arasında əlaqələrin möhkəm özülünün təsdiqidir”.