“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun təşkilatçıları mətbuat konfransı keçiriblər (FOTO)


Digərləri 12 İyl 2019 16:06:00 181 0

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun təşkilatçıları mətbuat konfransı keçiriblər (FOTO)

11-12 iyul 2019-cu il tarixdə ölkəmizin paytaxtında təşkil olunan “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun yekun mətbuat konfransı keçirilib.

Bakı. İlhamə İsabalayeva - 11-12 iyul 2019-cu il tarixdə ölkəmizin paytaxtında təşkil olunan “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun yekun mətbuat konfransı keçirilib. Trend-in məlumatına görə, mətbuat konfransında Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Simpoziumun məqsədləri barədə məlumat verilib. Simpozium Qafqazda İslam sivilizasiyasının yayılması dövrünün elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması, eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıtdırılması məqsədi daşıyır. Qeyd olunub ki, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu nəinki Azərbaycan, eyni zamanda, bütün region üçün əlamətdar hadisədir. Simpoziumda dəyərli alimlərin Qafqazda İslam mədəniyyəti, tarixi, dini abidələri, din təhsili mövzularında məruzələri dinlənilib. “İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpoziumunun 9-11 dekabr 1998-ci il tarixdə Bakı şəhərində keçirildiyini vurğulayan təşkilatçılar bu tədbirin ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü və dəstəyi ilə baş tutduğunu nəzərə çatdırıblar. Ümumilikdə, on iki ölkədən – Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı kimi xarici ölkə universitetlərindən Qafqazda İslam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlərin 12 paneldə 100-dən çox məruzəsi dinlənilib. Tədbirdə Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərinə tərcümə olunaraq dərc edilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları (Tezislər)” başlıqlı kitab təqdim olunub. Qeyd olunub ki, Simpoziumun materialları da qısa zaman kəsiyində qeyd olunan dillərə tərcümə olunaraq nəşr ediləcək. Sonda KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin