Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başladı FOTO


Digərləri 12 İyl 2019 12:27:00 285 1

Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başladı  FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Amerika Birləşmiş Ştatlarının aparıcı ali təhsil müəssisələrindən olan Texas A&M Universiteti (TAMİU) və Laredo Kollecinin rəhbər şəxsləri ilə görüş keçirilib. Görüşün məqsədi hər iki ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və birgə proqramların həyata keçirilməsi olub.

Son.az xəbər verir ki, görüşdə Texas A&M Universitetinin tədqiqat və sponsor layihələri üzrə prorektor müavini Con Kilburn, Laredo Kollecinin prezidenti Ricardo J. Solis, kollecin nümayəndəsi Silviya de Zeon iştirak edib.

Qonaqlar ilk olaraq BANM-in kampusu ilə tanış olub. Onlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib. Öz növbəsində, qonaqları salamlayan Elmar Qasımov onlara Ali Məktəbin əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumat verib.

Elmar Qasımov Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksəkixtisaslı kadrların hazırlanmasında BANM-in rolunu qeyd edib.

"Bakı Ali Neft Məktəbinə qəbul olunan tələbələr öz bilik və bacarıqları ilə fərqlənir. 2011-ci ildən etibarən ən yüksək bal toplayan tələbələr Bakı Ali Neft Məktəbini seçir. Digər tərəfdən BANM dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələriylə sıx əməkdaşlıq edir. Bu gün BANM-in Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarının məzunlarına Bakı Ali Neft Məktəbi ilə yanaşı, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin də diplomları verilir. Bu təcrübəni nəzərə alaraq tələbələrin Texas A&M Universitetində magistr təhsili, birgə elmi tədqiqatların aparılması, müəllimlərin distant və fiziki yolla tədris prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlığı məqsədəuyğun hesab edirik".


Xəbərə aid fotolar