UNEC-də “Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” adlı monoqrafiyanın təqdimatı keçirilib (FOTO)


Digərləri 12 İyl 2019 10:11:15 238 0

UNEC-də “Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” adlı monoqrafiyanın təqdimatı keçirilib (FOTO)

“Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” adlı monoqrafiyanın Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə təqdimatı keçirilib.

Bakı. UNEC-də Azərbaycan Dövlət İqtisad Universitetinin professorları tərəfindən hazırlanan və Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin 50-ci və anadan olmasının 96-cı ildönümünə həsr olunan “Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” adlı monoqrafiyanın Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə təqdimatı keçirilib. Trend-in məlumatına görə, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, millət vəkilləri, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər. UNEC-in rektoru, professor Ədalət Muradov müstəqillik illərində ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyası sahəsində əldə olunan uğurların məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, bu gün də həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyində qarşıya qoyduğu vəzifələrdən söz açan rektor, ulu öndərin tövsiyələrinin UNEC-in inkişaf strategiyasının prioritet istiqamətləri kimi müəyyən olunduğunu qeyd edib. UNEC-in 90 illik yubileyində ulu öndərin verdiyi tapşırıqlara və bu tapşırıqların icrasına həsr olunan yeni kitabın hazırlanacağını deyib. Ə.Muradov monoqrafiyanın əhəmiyyətindən söz açaraq, ümummilli lider Heydər Əliyevin zəngin irsinin hələ uzun illər tədqiq ediləcəyini vurğulayıb. Ulu öndərinin irisinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi missiyasının UNEC-in öz üzərinə götürdüyünü bildirib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafındakı tarixi xidmətlərindən söz açıb. UNEC professorlarının hazırladığı dəyərli monoqrafiyada ulu öndərin iqtisadi inkişaf strategiyasının bütün məqamlarının dərin təhlil olunduğunu bildirib. AMEA-nın müxbir üzvü, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Akif Musayev Heydər Əliyevin müasir Azərbaycanın sosial-iqtisadi inkişafı, maliyyə institutlarının formalaşdırılması, ölkəmizdə tədris-təlim texnologiyalarının tətbiqi, xalq təsərrüfatının müxtəlif sahələrində və funksional bölmələrində iqtisadi islahatların aparılması, əhalinin sosial müdafiəsi, optimal vergi siyasəti, xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Monoqrafiyada ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasını əks etdirən və mühüm faktlara əsaslanan məqalələrin yer aldığını vurğulayıb.