Qəlbin paklanması üçün ən gözəl imkan


Digərləri 11 İyl 2019 21:10:00 266 0

Qəlbin paklanması üçün ən gözəl imkan

Bismilləhir-Rahmənir-Rahim!

İnsanın həyatında ən ciddi mövzulardan biri budur ki, biz nə edək ki, Allah bəyənən halda hər günə daxil olaq, nə edək ki, Qiyamətə üzüağ halda gələk. Mömini, iman əhlini düşündürən sual budur.

İnsan həyatı sürətlə gedir. Hesablayırıq ki, bir ay öncə mübarək Ramazan ayı ilə vidalaşmışdıq. Sanki, dünən idi. Zilqədə ayının daxil olması o deməkdir ki, bizi mübarək Ramazan ayından artıq bir ay ayırdı.

Əxlaq ustadları tövsiyə edirlər ki, mütləqdir ki, bizim özümüzlə məşğul olmamız üçün proqramımız olsun, hesab-kitabımız olsun. Maraqlıdır ki, əxlaq ustadlarının tövsiyələrində, İslamın əxlaq nəzəriyyəsində alimlər məsləhət görürlər ki, insan ara-sıra qırxgünlük proqramlar tərtib etsin. Bu proqramlara əsasən, insan özünün mənəvi sağlamlığı, mənəvi yüksəlişi, öz halı ilə bağlı konkret hədəflər qoysun, özü ilə birmənalı məşğul olsun.

Qəlbin paklanması üçün ən gözəl imkan

Ayətullah Cavad Amuli cənablarının buyuruşunda var ki, bu qırx gün ilin hər fəslində, hər dövründə, hər dönəmində ola bilər. Belə deyil ki, ancaq bəlli zamanlarda, bəlli müddətlərdə imkan var ki, bizlər düzələk, islah olaq. İlin hər günündə insanın düzəlmək imkanı var. Hər o gün ki, tövbə etmək halımız olsa, Allah Təala bizlərə bu halı nəsib etsə - bu, ilin hər günü üçün uyğundur.

Amma bu günlərin içərisində önəmli fürsətlərdən də biri olaraq - xüsusən də insan qırx gün mənəvi təkamülü ilə məşğul olmaq, özünün qırxgünlük mənəvi profilaktikasını etmək istəsə - xüsusi imkan da təqdim olunub. Bu imkanların baharı - Zilqədə ayının birinci günündən Zilhiccə ayının onuncu gününə qədər davam edən 40 gündür. Bu mənəvi yüksəliş Həzrət Musa peyğəmbər (ə) ilə mənəvi uyğunluq tapmaqla səciyyələnir. Zilqədə ayının başlaması - bu 40-günlük mənəvi marafona start verilməsi mənasını verir.

Allah peyğəmbərlərinin (ə) hər biri mənəvi yüksəlişə, təkamülə çatıblar. Həzrət Musanın (ə) da həmin mənəvi yüksəlişi baş tutub, ondan sonra ona İlahi kitab nazil olub. Zilhiccə ayının ilk ongünlüyündə qılınan namazda deyilən bəlli ayədə də məhz bu qırxgünlüyə işarə edilir.

İnsan Ərəfə gününə, Qurban bayramına bu cür halla hazırlaşsa, onun durumu, vəziyyəti tamamilə dəyişər. Bir var ki, Ərəfə günü daxil olur, insan ondan sonra həmin gündə nə edəcəyini düşünür. Bir də var ki, qırx gün öncədən insan hazırlaşır və sonuncu gün sözün bütün mənalarında onun üçün bayram olur.

Dostlar deyirlər ki, biz Zilhiccə ayınınilk ongünlüyünün əməllərini, orucunu, təsbihatını, zikrlərini etməyənə qədər Qurban bayramı ancaq bayram gününün namazı, qurban kəsilməsi ilə yekunlaşırdı və həmin mənəvi ab-havanı yaşamaq çətin olurdu. Amma indi insan hətta həccə getməyəndə də Zilhiccə ayının ilk günündən bacardığı qədər oruc tutur, ilk öngünlüyün əməllərini edir, zikrlərini deyir, sonra da Qurban bayramında nəfsinin həqiqi qurbanını verə bilir, həqiqi tövbə etmiş olur.

İndi insan buna bir qədər də öncədən hazırlaşsa, Zilqədənin birinci günündən əməllərə diqqət etsə, halı xeyli dəyişər.

Bütün əməlləri Allah razılığı üçün edək, razı olmadıqlarından çəkinək

Ayətullah Cavadi Amuli cənabları buyurur ki, insanın mənəvi təkamülünə diqqət ayırmasının baharı həmin bu qırx gündür. Amma bu qırx gün o cür olmalı deyil ki, bizlər tərki-dünya olaq. Dünyanın içərisində yaşayacağıq, dərs oxuyacağıq, işləyəcəyik, bütün məsuliyyətlərimizi, mükəlləfiyyətlərimizi icra edəcəyik, bununla paralel dünya vurğunluğunu kənara qoyacağıq. Bu qırx günü Allahın razılığına uyğun yaşamağa çalışacağıq.

Bizim böyük bir fürsətimiz var. Bu qırx günün içərisində nə yediyimizi, nə içdiyimizi, nəyə baxdığımızı, nəyə qulaq asdığımızı, həyatımızın bütün sahələrini nəzarətə götürə bilərik. İnsan qırx gün dilini nəzarətdə saxlasa, özünü xeyli bəlalardan qorumuş olar.

Burada iki mühüm məsələ var. Biri budur ki, Allahın razılığı olmayan işləri görməyək. Hər hansı bir iş ki, Allahın razılığına uyğun gəlmir - o işi həyata keçirməyək. Bunu etsək, işin böyük bir hissəsi həll olmuş olur. Allahla əhd bağlayaq ki, qırx gün ərzində Onun razılığına zidd olan bir işi görməyəcəyik. Digər tərəfdən də etdiklərimizin niyyətinə fikir verək ki, Allahın razılığı üçün edək. Adam ola bilər ki, namaz qılsın, amma Allahın razılığı üçün etdiyini yaddan çıxarmış olsun. Nə ediriksə, Allahın razılığı üçün edək. İnsan bu iki məsələyə diqqət etsə, işlər qaydasına düşər.

İnsanın qəlbi bir hovuza bənzəyir

Ariflər deyir ki, insanın qəlbi bir hovuza oxşayır. Hovuzlar bir neçə cür olur. Müasir hovuzlar çoxu bu cürdür ki, onları kənardan doldurarlar. Qədimdə hovuzlar fərqli olub. Bəzən həmin hovuzlar bulağın suyu ilə dolarmış, bəzən də mümkün idi ki, kənardan yağışın suyu, çayın suyu ilə və s. ilə zənginləşərmiş.

Allah insana bir qəlb verib. Bu qəlb iki cür dola bilir. Birinci - kənardan. Gözün vasitəsilə, qulağın vasitəsilə qəlb qidalana bilir. Allah insana göz verib ki, mütaliə etsin, ibrətlərə baxsın, qəlbi bu ibrətlərdən qidalanaraq dolsun. Allah insana qulaq verib ki, moizə eşitsin, dərs eşitsin, nəsihət eşitsin, qəlbi bunlarla dolsun. Biz indi bu mövzuda eşidəndə, oxuyanda qəlbimiz qidalanır.

Allah insana elə bir qəlb verib ki, həm kənardan, həm də daxildən dolmaq qabiliyyətinə malikdir. Qəlbimizin daxildən bir bulağı var ki, o, qəlbimizi aşırıb-daşıra bilər. Biz bir ömür ancaq kənar mənbələrdən qidalanırıq. Məktəb kənar, bağça kənar, həyatımızın digər sahələri kənar. Çox zaman da bu aldıqlarımız qəlbimizin qidalanması üçün o qədər də faydalı olmur. Hətta yaxşı qida alsaq da, öyrəşmişik qəlbimizi kənardan qidalandırmağa.

Amma dinimiz deyir ki, daxilimizdə də bir bulaq var, o bulaq əgər sağlam olsa, o bulağın gözləri tutulmasa, işə düşsə - qəlbimiz içəridən də dolar. Bu qırxgünlüklər onun üçündür ki, biz kənardan alacaqlarımızı kontrol edək, filtrlər qoyaq, lazımsız məsələlərin daxil olmasına imkan verməyək.

Bir kondisioner bir il işləyir, ikinci ildə görürük ki, lazımi qədər sərinlik vermik. Dərhal həmin kondisionerin filtrlərini çıxardırıq, baxırıq ki, toz basıb, qubar basıb. Tez onu təmizləyirik. İndi illərlə təmizləmədiyimiz qəlbimizin mənəviyyat filtrləri nə vəziyyətdədir?!

Allah bizə bir varlıq, bir mövcudiyyət verib, biz kənardan gələn təhrikləri qəbul edərkən onları filtrlərdən keçirməliyik. Əgər o filtrləri vaxtaşırı təmizləməsək - elə nə gəldi, necə gəldi qəbul edəcəyik.