Gənc yazarların qəfil ölümü


Digərləri 11 İyl 2019 21:05:00 270 0

Gənc yazarların qəfil ölümü

Son zamanlarda gənc yazıçı və şairlərin müxtəlif xəstəliklərin ağuşuna yuvarlandığı, bəzən isə müalicələrini tamamlanmadan vəfat etdiklərini eşidirik. Bəs, bunun səbəbi nədir, yazıçılar sadəcə səhhətlərinə fikir vermirlər, yoxsa daha başqa faktorlar mövcuddur? Son.az bildirir ki, bakupost.az bu suallara cavab tapmaq üçün bir neçə gənc yazar və şairə sualla müraciət edib. Yazıçıların cavablarını təqdim edirik:

Şərif Ağayar   Mən həkimdən bir az qorxağam. Əsaslı olmasa da, səhhətimi mümkün qədər gözləməyə çalışıram. Ancaq bəzən olmur. İcazənizlə sualı fərdiyyətdən çıxarıb sosiallaşdırım: ölkədə icbari tibbi sığorta tətbiq olunmalıdır. Bu yoxdursa, vətəndaşa dövlət qayğısı sözləri gülməli görünür.

  Kəramət Böyükçöl   Heç vaxt həkim müayinəsindən keçməmişəm. İynə dərman nədi, bilmirəm. Bəlkə də müayinədən keçsəm, məlum olacaq ki, ağır xəstəyəm. Bəlkə də o qədər ağır xəstəliklərim yoxdur. Elə xəstəliklər olub, öz-özünə sağalıb gedib. Yəni yabani adam kimi yaşayıram. Xəstəliklər gəlir keçir. Gücü çatmır gedir. Xəstəliklər gəlir, görür ki, hələ bunun ölmək vaxtı deyil. Canının qeydinə qalan adam deyiləm. Elə yaradıcı adamlara da acığım tutur. Belə yaşayıram da, harda qırılar qırılar...  

Sağlamlığımı qorumaq üçün çoxlu araq içirəm, pivə içirəm, siqaret çəkirəm. Hamısını vaxtı vaxtında edirəm. Murdar adamlardan uzaq dururam,. Onlardan qaçıb gəldim kəndə, heyvanların yanına. Bu artıq mənim üçün səhhətimi qorumaqdır. Bu zaman özümü yaxşı hiss edirəm.

Orxan Bahadırsoy  

Nevroloji problemlərim var. Bununla bağlı daimi nevropatoloq nəzarətindəyəm. Qarışıq yuxular, kabuslar, hallüsünasiyalar, titrəmələr və s. narahatlıqlarım var ki, hamısı ruhi-əsəb problemləridir. Həkimlər də tonla dərman yazmağı sevirlər. Qəbul edəndə olursan key kimi, heç nə də yaza bilmirsən. Ona görə həkim nəzarətində yüngül sakitləşdiricilər qəbul edib, digər sancılara dözürəm ki, yaza bilim. Hər 6 aydan bir bütün müayinələrdən keçirəm. Check-Up müayinələrdən istifadə edirəm. Son 3 ildə bunu adət halına gətirmişəm. Getməyəndə narahat oluram. Bu xüsusiyyətimdən çox razıyam.   Qida rasionumda mənşəyi bilinməyən qidalar yoxdur. Heç vaxt da olmayıb. Qətiyyətlə broyler toyuqlarından, firma şirniyyatları, südə qohumluğu belə olmayan ağartı məhsulları - hansı ki, mən onlara əhəng məhlulu deyirəm - kola, fanta, qablaşdırılmış meyvə şirələri, enerji içkilərindən uzağam. Ətdən tərəvəzə, meyvəyə, ağartı məhsullarına qədər bütün qida ləvazimatlarını kənd təsərrüfatından təmin edirəm. İçmək üçün adi su, kompot və evdə sıxılmış meyvə-tərəvəz şirələrindən istifadə edirəm.