Bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq - PROQNOZ


Digərləri 11 İyl 2019 19:30:41 202 0

Bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq - PROQNOZ

Ötən ilə nisbətən bu il taxıl sahələrindən daha çox məhsul yığılıb.

Bakı. Samir Əli - Ötən ilə nisbətən bu il taxıl sahələrindən daha çox məhsul yığılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov məlumat verib. Assosiasiya sədri bildirib ki, iyulun 9-na olan məlumata görə, indiyədək 2 milyon 884 min ton taxıl yığılıb. 2018-ci ilin iyulun 9-na qədər ölkədə 2 milyon 319 min ton taxıl yığılmışdısa, bu ilin müvafiq dövründə 2 milyon 884 min ton taxıl yığılıb. Başqa sözlə, bu il ötən ilə nisbətən 565 min ton daha çox taxıl yığılıb. Onun sözlərinə görə, bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən çox olacaq. Əgər ötən il hər hektara görə orta məhsuldarlıq 29,6 sentner olubsa, bu il hər hektara orta məhsuldarlıq 31,6 sentnerə yüksəlib. Müşahidələr göstərir ki, bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq. T.Qasımov qeyd edib ki, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə məhsuldarlığı daha da artırmaq mümkündür: “Assosiasiya taxıl istehsalının və taxılçılıq məhsulları ilə özünütəminetmə səviyyəsinin artırılması üçün fermerlərin maarifləndirilməsinə xüsusi diqqət yetirəcək. Bundan başqa, aqrar sahədə çalışanların bazarın nəbzini daha yaxşı tutması üçün onlara lazımı məsləhət və tövsiyələr veriləcək. Bildiyiniz kimi, dünya bazarında kənd təsərrüfatı məhsullarının qiyməti hər il müxtəlif istiqamətlərdə dəyişir. Məsələn, bu il dünya bazarında qarğıdalı baha, taxıl ucuz olursa, gələn il qiymətlər əksinə olur. Balansı düzgün tənzimləmək və fermerlərin qazanması üçün öz tövsiyəmizi verəcəyik. Çünki fermer bu sahədən qazanc əldə etməsə, növbəti il əkində maraqlı olmayacaq”.