“Şərqdə Ulduz” və “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmalarına şəhadətnamələr verilib (FOTO)


Digərləri 11 İyl 2019 18:03:09 314 0

“Şərqdə Ulduz” və “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmalarına  şəhadətnamələr verilib (FOTO)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına şəhadətnamələr təqdim edilib.

Bakı. İlhamə İsabalayeva - İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına şəhadətnamələr təqdim edilib. Trend-in məlumatına görə, Komitə sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə sağlam təməllər üzərində əsasını qoyduğu dövlət-din münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sədr müavini vurğulayıb ki, dövlət siyasətinə çevrilmiş tolerantlıq və multikulturalizm ölkəmizi dünyaya ən müasir və mütərəqqi cəmiyyət modeli kimi təqdim edir. S.Heydərovun sözlərinə görə, dövlətimiz tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır. S.Heydərov dini icmalara fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalarını və konfessiyalar arasındakı mövcud anlayış və harmoniyaya öz töhfələrini verməyi tövsiyə edib.