“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb (FOTO)


Digərləri 11 İyl 2019 11:34:00 186 0

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb (FOTO)

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları Fəxri xiyabanda olublar

Bakı. İlhamə İsabalayeva - Bu gün Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb. Aİİ-dən Trend-ə verilən məlumata görə, öncə Simpozium iştirakçıları Fəxri xiyabana gələrək, Ümummilli Lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül çələngləri düzüblər. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da ruhu anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər. Məlumat üçün bildirək ki, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu 11-12 iyul 2019-cu il tarixdə keçiriləcək. İki gün sürəcək Simpozium açılış mərasimi və panellərlə davam etdiriləcək. Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlərin Simpoziumda məruzələrlə çıxışları nəzərdə tutulur. Qeyd edək ki, “İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpoziumu ulu öndər Heydər Əliyevin 22 fevral 1998-ci il 755 nömrəli Sərəncamına əsasən, 9-11 dekabr 1998-ci il tarixdə Bakıda keçirilib.