"Şaban"ın oğlu: "Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu"


Şou-biznes 11 İyl 2019 10:38:00 256 0

"Şaban"ın oğlu: "Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu"

Azərbaycan və Türkiyə aktyorları növbəti layihədə bir araya gəlirlər. "Hərəkət səkkiz" adlanan filmdə bir sıra sevilən aktyorları görə biləcəyik. Çəkilişləri Bakıda davam edən filmin Türkiyədən təşrif buyurmuş aktyorları arasında Ali Sunal da var.

Son.az publika.az-a istinadla Ali Sunalla müsahibəni təqdim edir:

- Biz uşaq ikən türk serialları bu qədər geniş vüsət almamışdı. Amma TRT kanalından seriallar izləyirdik. Onlardan biri də "Ən son babalar duyar" adlanırdı. Sizi o dizidən tanıdım. "Şaban"ın oğlu olduğunuzu öyrənəndən sonra isə ikiqat doğma oldunuz mənə... bizə... hamıya...

- Məncə, iki yox beş, on hətta daha artıq...

- Əlbəttə.

- Əvvəllər sosial media bu qədər həyatımıza girməmişdi. Amma artıq azərbaycanlı doğmalarımdan o qədər gözəl mesajlar alıram ki, Bakıya çəkilişə gələcəyimizi öyrənəndə çox sevindim. Burada özümə qarşı böyük sevgi hiss edirəm. Qarşılıq vermək borcumdur. Bu marağa, diqqətə layiq olmaq gərəkdir.

- Söylədiyiniz kimi, sizi sevirik, amma atanız Kemal Sunal bizim qəlbimizdə taxt qurub. Baxmayaraq ki, rus kanalları, nağıl və film qəhrəmanlarını daha çox izləyirdik, Şaban bizim üçün toxunulmaz bir obraz idi...

- Bu yaxınlarda bir şey öyrəndim. Mənə dedilər ki, Azərbaycan televiziya kanallarında yayımlanan bütün türk filmləri dublyaj olunur. Yalnız atamın səsinin üzərinə dublyaj etmirlər.

- Doğru eşitmisiniz.

- Demək ki, atam xalqınıza o qədər doğma, yaxındır ki, onun səsini orijinaldan, özündən dinləmək istəyirsiniz. Bu, yaxşı mənada mənim qəlbimə çox toxundu.

- Atanız bizim saf, təmiz duyğularımızın səsidir. Yəqin, bu saflığa zərər gəlməsin deyə dublyaja ehtiyac duymamışıq.

- İnanın mənə, o, mələk idi.

- Əli bəy, sizi şəxsən tanımıram. Amma gözlərinizdən atanızdan miras qalan məsumluq var. Özünüzü məsum sayırsınız?

- Bəzən əsəbiləşirəm, ətrafımla anlaşılmazlıqlar olur. Amma atamdan aldıqlarım məni doğru yola yönəldir.

- Atanızdan nələr almısınız?

- Maraqlı sualdır. Ən əsası ailəyə, işimə sayğı. Ən xırda işin də böyük məsuliyyətini dərk etməyi, bütün canlılara qayğı, şəfqət göstərməyi...

- Çox vaxt səhnə insanları ailədə sərt olurlar. Atalar və oğullar problemlə üzləşirdiniz?

- Adətən küçədə gəzəndə çox ciddi görkəm alırdı, amma evə girən kimi dönüb uşaq olurdu. Şən, zarafatcıl, bir az da nadinc uşaq idi sanki... Amma başqa yerlərdə əsl Kamalı üzə çıxrmaqdan çəkinib ciddiləşirdi. Çünki insanlar onsuz da atama xüsusi diqqət göstərirdilər, bir də yumşaq xarakterini görsəydilər, sevgi ikiqat artardı. O, isə utancaq insan idi. Bütün marağı üzərinə çəkməkdən ehtiyat edərdi. Amma biz ata-oğul yox, dost idik və mən ən yaxın dostumu 23 yaşımda itirdim. Halbuki daha gözəl günlərimiz olacaqdı...

- Və bir gün ən yaxın dostunuza mən də sənin yolunla gedəcəm dediniz. Ümumiyyətlə, peşə seçiminizə necə reaksiya verdi?

- Heç yönləndirmədi. Dediyim kimi, insanlara, onların qərarlarına sayğı ilə yanaşardı. Aktyor olmaq istəyirsən, doğru edirsən, yaxud yox, get həkim ol, mühəndis ol demədi. Öz yolumu tapmağımı istəyirdi. Seçmimə də hörmətlə yanaşdı. Kömək etdi...

- Atanızla bağlı ilk dəfə bizimlə paylaşmaq istədiyiniz xatirəniz varmı?

- İlk film təklifi gəlmişdi. Rolumdan bir neçə cümlə əzbərləyib səhnəyə çıxdım. Çox bərbad performans göstərdim. Rejissor ümdsiz halda "sabah gəl, danışarıq" dedi. Gecə olanları atama danışdım. Məni cəsarətləndirdi: "Gəl, məşq edək, bu dəfə mütləq alınacaq". O gecə yatmayıb obraz üzərində birgə çalışdıq. Ertəsi gün rejissordan bir şans da istəyib səhnəyə çıxdım. Hər kəs çox bəyəndi. Bu, mənim ilk triumfum, aktyorluğa ilk addımım idi, ustadım isə Kemal Sunal...

- Özünüzü rejissor kimi də sınamısınız? Sənətinizin bu məcrası aktyorluqdan aldığınız həzzə bərabərdir?

- Sınadım, amma hər kəs öz peşəsi ilə məşğul olsa yaxşıdır. Məncə, aktyorluğumla özümə və cəmiyyətə daha çox fayda verirəm.

- Aktyor öz sənətini təkmilləşdirmək üçün mütləq film izləməlidir. Hansi janrda olan filmlərə maraq göstərirsiniz?

- Ən böyük hobbim, zövqüm, sevgim film seyr etməkdir. Seriallara da baxıram. Qorxu, macəra, hər janrı sevirəm. Ən zəif, sıxıcı filmləri də izləyirəm. Çünki uğursuz filmə baxıb nə edib-etməməyinə daha aydın qərar verirsən. Yəni bax, mən belə oynasam, izləyicini tez yoraram, yaxud özümdən uzaqlaşdıraram kimi seçimlərim olur. Bu baxımdan ən maraqsız filmin də faydası var. Ümumi düşünəndə isə əmək, sevgi olan bütün ekran işlərinə hörmətlə yanaşmaq lazımdır.


Xəbərə aid fotolar