“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları İlahiyyat İnstitutunu ziyarət ediblər FOTO


Digərləri 11 İyl 2019 07:55:00 227 0

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları İlahiyyat İnstitutunu ziyarət ediblər  FOTO

İyulun 10-da "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.

Son.az qol.az-a istinadən xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, onları ali tədris müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. İnstitut rəhbəri ümummilli lider Heydər Əliyevin ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər haqqında məlumat verib.

C.Məmmədov ulu öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətini hazırda Prezident İlham Əliyevin böyük uzaqgörənliklə davam etdirdiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da bu siyasətin uğurlarının məntiqi davamıdır.

Ali təhsil müəssisəsi haqqında məlumat verən rektor vurğulayıb ki, İnstitutda təhsil tam ödənişsizdir. Belə ki, Aİİ-də təhsilalanlar dərslik, yemək, geyim, yataqxana xərcləri ilə təmin olunurlar.

C.Məmmədov bildirib ki, İnstitutda bütün dinlərin tarixi, inanc və ibadət sistemi tədris olunur. Eyni zamanda, ingilis və ərəb dilləri müasir metodlar əsasında - 4 dil bacarığının (oxuma, dinləmə, danışma, yazma) inkişafı istiqamətində tədris edilir.

Aİİ rektoru qeyd edib ki, İnstitut xarici ölkə universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır. İlahiyyat sahəsində ixtisaslaşmış bir çox xarici ölkə universitetləri ilə əməkdaşlıq protokollarının imzalandığını vurğulayan rektor diqqətə çatdırıb ki, əsas məqsəd qarşılıqlı mübadilə proqramları vasitəsilə tədris metodunun və təcrübənin öyrənilməsidir.


Xəbərə aid fotolar