Turistlər bütün dünyada qiymətlərin artmasından şikayətlənirlər


Digərləri 10 İyl 2019 23:39:00 194 0

Turistlər bütün dünyada qiymətlərin artmasından şikayətlənirlər

"Transwise" maliyyə şirkətinin analitikləri bu qənaətə gəliblər ki, turistlər arasında populyar olan 100-dən çox ölkədə turistlərin xərcləri artıb. Araşdırmanın nəticələri Almaniyanın "FVW" nəşrində dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər dünyanın 139 ölkəsində avropalı səyahətçilərin xərclərini keçənilki göstəricilərlə müqayisə ediblər. Nəticə heç də təsəlliverici olmayıb. Dövlətlərin əksəriyyətində turistlərin xərcləri artıb. Bu artım həm valyuta məzənnələrinin dəyişməsi, həm də inflyasiya ilə bağlıdır.

139 ölkədən 105-də səyahətçilər daha çox pul xərcləməyə başlayıblar. Yalnız 34 ölkədə qiymətlərin azalması qeydə alınıb.

Ən çox artım Misirdə müşayiət olunur. Son bir ildə buraya gələn turistlər 26,8 faiz çox xərcləməli olur. Meksikada 11,4 faiz. Kubada 10,4 faiz, Filippində 8,8 faiz, Tailandda 7 faiz, Yaponiyada və Braziliyada 6,5 faiz, ABŞ-da 6 faiz, Bolqarıstanda 3,5 faiz, Macarıstanda 2,9 faiz, Polşada 2,6 faiz qiymət artımı qeydə alınıb.

"Transwise" şirkətinin hesablamalarına görə, Rusiyaya səyahət 4,2 faiz bahalaşıb. Eyni zamanda, bəzi ölkələrdə istirahət xərcləri azalıb. Argentinada bu göstərici 8,8 faiz, İslandiyada 8,4 faiz, Avstraliyada 3,4 faiz, Türkiyədə 2,1 faiz həddindədir.