Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması


Digərləri 10 İyl 2019 20:18:09 174 0

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

İnsanların miqrasiyası heç də həmişə onların könüllü seçimi nəticəsində baş vermir.

Bakı. İlhamə İsabalayeva – İnsanların miqrasiyası heç də həmişə onların könüllü seçimi nəticəsində baş vermir. Bəzən insanlar özlərinin milli mənsubiyyətlərinə görə də öz doğma yurd-yuvalarından zorla qovulurlar. Hazırda bu və ya digər səbəblərdən dünya əhalisinin 1 faizi - 70 milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşayır. Lakin acınacaqlı hal budur ki, qaçqınların sayı getdikcə artır. Son 20 ildə qaçqınların sayındakı artım hətta 60 faizə çatıb. Dünyanı bürüyən qaçqın və məcburi köçkün problemi ölkəmizdən də yan keçməyib. 30 ilə yaxındır ki, bu ağır yükü çiynində daşıyan Azərbaycanın məcburi köçkün və qaçqın probleminin kökü Ermənistanın tarixi torpaqlarımız olan Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonun işğal etməsindən qaynaqlanıb. Ermənistanın həyata keçirdiyi hərbi təcavüz, işğal və etnik təmizləmə siyasəti nəticəsində 250 min azərbaycanlı Ermənistandakı ata-baba yurdlarından qovulub, 700 min insan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək məcburiyyətində qalıb. Bu işğal sayəsində Azərbaycanda əhalinin 10 faizi qaçqın və məcburi köçkün kimi həyatlarına davam edirlər. Azərbaycanda bir nəsil məcburi köçkün kimi böyüyür Uzun müddət davam edən köçürülmə problemini Azərbaycanın da yaşadığını təəssüf hissi ilə vurğulayan BMT-nin Məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi xanım Sesilia Ximenez-Damari bildirib ki, Azərbaycanda erməni işğalı nəticəsində artıq bir nəsil məcburi köçkün kimi böyüyür. Sesilia Ximenez-Damari Azərbaycan Hökuməti tərəfindən məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş tədbirləri təqdirəlayiq hesab edərək, 2014-cü ilin may ayında sələfi Çaloka Beyaninin Azərbaycana səfərindən sonra bu istiqamətdə böyük tərəqqinin əldə olunduğunu bildirib. O, Azərbaycan Hökumətinin BMT çərçivəsində məcburi köçkünlərlə bağlı yüksək səviyyəli beynəlxalq qrupun yaradılması təşəbbüsünə qoşulmasına görə minnətdarlığını bildirib. Məruzəçi bu addımın ölkəmizin qlobal səviyyədə məcburi köçürülmə hallarının həllinə yönəlmiş yüksək səviyyəli siyasi iradəsinin göstəricisi olduğunu bəyan edib. Dünyadakı bütün köçkünlər üçün Azərbaycandakı kimi imkan yaradılmayıb Bu gün Azərbaycan əhalinin sayına nisbətdə ən çox məcburi köçkün və qaçqın əhalisi olan ölkələr sırasındadır. Bunu Azərbaycanın BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov da deyir. Onun sözlərinə görə, Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin problemlərinin həlli bu gün dövlət siyasətinin prioritetlərindən biridir, onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması sahəsində davamlı tədbirlər aparılır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin sözlərinə görə, Azərbaycanda münaqişə siyasi həllini tapmasa da, köçkünlərin həyat tərzinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Bunun üçün bütün imkanlardan istifadə olunur. Komitə sədri hesab edir ki, Azərbaycanda məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı nümunəvi addımlar atılır, çünki dünyadakı bütün köçkünlər üçün bu imkan yaradılmayıb: "Azərbaycan köçkünləri bu gün dövlətin qayğısı ilə əhatə edilib. Amma beynəlxalq qurumlar tərəfindən onların yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atılmalıdır". Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, ötən müddətdə görülən tədbirlər nəticəsində 300 min məcburi köçkün soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb, məcburi köçkünlər arasında yoxsulluq həddinin 75 faizdən 12 faizədək azalıb. Ümumilikdə, ötən müddət ərzində bu sahəyə 7,4 milyard ABŞ dollar məbləğində vəsait ayrılıb. O, bu tədbirlərin məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnun bərpasına imkan yaradacaq Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin siyasi həllinin tapılmasına qədər müvəqqəti tədbirlər kimi xarakterizə oluna biləcəyini qeyd edib. Sədr müavini BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xususi məruzəçilərinin hesabatlarına istinad edərək, Azərbaycanda məcburi köçkünlərin problemlərinin yeganə davamlı həllinin yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və beləliklə məcburi köçkünlərin öz dogma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququnun təmin edilməsindən sonra tapılmasının mümkün olacağını vurğulayıb. Kiçik dövlətin böyük hədəfi Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 800 milyard ABŞ dollarından çoxdur . Hazırda bu rəqəm Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası tərəfindən də dəqiqləşdirilir. Kiçik bir dövlət olan Azərbaycan üçün bu zərəri qarşılamaq çətin olsa da, , insanların təhlükəsizliyini təmin etməyi, onların rifah halının yaxşılaşdırılmasını əsas hədəf götürən ölkəmiz ən həssas təbəqələrdən olan qaçqın və məcburi köçkünlərinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlərini öz gücü hesabına davam etdirir.