Çimməyə hara gedək?


Digərləri 10 İyl 2019 16:13:00 242 0

Çimməyə hara gedək?

Artıq 20 gündür ki, yay mövsümü başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yayın gəlişi özüylə bərabər bir neçə məsələni də aktual edib. Bunlardan ən vacib olan mövzulardan biri isə çimərliklərdəki ekoloji vəziyyətdir. Belə ki, isti yay günlərində insanlar sərinləmək üçün dənizə üz tutur. Ancaq dəniz suyunun çirkliliyi onların sağlamlığına zərər vurur. Adıyla məşhur və  pulsuz olan bir sıra çimərliklərdə dəniz suyu mikrobioloji baxımdan çirklidir. Elə bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimərlik ərazilərində keçirdiyi növbəti monitorinqin nəticəsində də bu vəziyyəti müşahidə etdik. Monitorinq onu deməyə əsas verir ki, əgər insanlar Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərində çimmək istəsə, bu heç də onların sağlamlığı üçün yaxşı olmayacaq. 

Bu vəziyyətdə yayın gəlişini həsrətlə gözləyən insanlar nə etməlidirlər? Pullu çimərliklər cibə uyğun deyil, sözügedən çimərliklər  isə sağlamlıq üçün risklidir.

Problemin mahiyyətinə vardıqda isə, görünür ki, həmin çimərliklərin çirkli olmasının səbəbi kanalizasiya sularının birbaşa dənizə axıdılmasıdır. Yəni, fəaliyyət göstərən ictimai-iaşə obyektlərində kanalizasiya sularının dənizə axıdılmasının qarşısını almaq üçün lazım olan qurğular yerləşdirilməyib.

Bu sahədə məsul olan nazirlik yaranmış vəziyyətə  görə bir sıra obyekt  sahibi olan vəzifəli şəxsləri 4000 manat məbləğində cərimələyir. Amma bu vəziyyətdən çıxış yoludurmu? Obyekt sahibi hər dəfə 4000 manat cərimələnməkmi istəyir?! Yəqin ki, alternativ variant  kimi qurğuların quraşdırılması onun üçün  daha məqbul hesab oluna bilər. Bəs niyə quraşdırmır?

Məsələnin digər tərəfi isə həmin obyekti icarədarı ilə bağlıdır. Məlum olur ki, çimərlikləri sahibkara ya bələdiyyələr, ya da icra nümayəndələri icarəyə verir. Bu zaman hər iki qurumun sahibkarla bağladığı müqavilədə sanitar-gigiyenik qaydalara əməl etməyin vacibliyi əks olunurmu?

Qafqazinfo bu problemlərdən yola çıxaraq həm bələdiyyə, həm də icra nümayəndəliklərinə müraciət edib.

Novxanı bələdiyyəsinin sədri ilə əlaqə saxlamaq mümkün olmasa da, Türkan bələdiyyəsinin sədri telefonda sualları eşidib cavab verəcəyini söyləsə də, sonradan zəngləri açmayıb. 

Hövsan bələdiyyəsinin sədri Elburus Xəlilov isə bu ərazidə olan çimərliklərin heç bir sahibkara icarəyə vermədiklərini vurğulayıb. Həmin torpaqların dövlət mülkiyyətində olduğunu qeyd edib.

Suraxanı rayon İcra Hakimiyyətinin məsul işçisi Bərxudar Bərxudarov isə saytımıza bildirib ki, Hövsan çimərliyində  çimməyin qadağan olması barədə elan yerləşdirilib: " Amma buna baxmayaraq insanlar yenə dənizə girirlər. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişik. Orada hər hansı sahibkarın fəaliyyət göstərməsinə icazə verilməyib. Çünki dəniz suyu çirklidir.  Biz dənizə axıdılan kanalizasiya sularının qarşısını almaq üçün "Azərsu"ya təklif vermişik. Təklifimiz 2019-2023-cü ildə icra ediləcək Dövlət Proqramına salınıb. Orada  çirkab suların dənizə axıdılmasının qarşısını almaq üçün şəbəkə tikiləcək. Bundan əlavə, rayon ərazisində Duzlu göl kimi tanınan yer də sağlamlıq üçün zərərlidir. Amma insanlar yenə də xəbərdarlığa məhəl qoymurlar".