Sahil Babayev "CEO Lunch Baku"nun fəxri qonağı olub (FOTO)


Digərləri 10 İyl 2019 16:05:00 198 0

Sahil Babayev "CEO Lunch Baku"nun fəxri qonağı olub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Caspian European Club tərəfindən təşkil olunmuş CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Caspian European Club tərəfindən təşkil olunmuş CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. “Hyatt Regency Baku” otelində keçirilən, 50-yə yaxın şirkətin 85 nümayəndəsinin iştirak etdiyi tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək münasibətləri, layiqli əməyin təminatı, məşğulluq sahələrində biznes strukturları ilə əməkdaşlığının fəallaşması ilə əlaqədar Caspian European Club-un üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunub. Caspian European Club-ın sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində mühüm islahatların aparıldığını və bu islahatların Caspian European Club tərəfindən maraqla izlənildiyini deyib. O, CEO Lunch Baku-da fəxri qonağı - nazir Sahil Babayevi görüş iştirakçılarına təqdim edərək, bu görüşdə iştirakına görə nazirə təşəkkürünü ifadə edib. Sonra “AsProf Group” şirkətlər qrupunun, “Mirzayev’s Partners” hüquq şirkətinin və Qala Siğorta şirkətinin təqdimatı olub. Görüşdə çıxış edən S.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkədə innovativ iqtisadiyyatın formalaşdırılması və sahibkarlığın inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, ölkədə aparılan siyasətin ana xəttini vətəndaş amili təşkil etdiyini, bunun bariz nümunəsi olaraq milli iqtisadiyyatın sosialyönümlü olduğunu, iqtisadi islahatlardan əldə olunan gəlirlərin vətəndaş rifahının təminatına istiqamətləndiyini vurğulayıb. Nazir cari ildə dövlət başçısının iki sosial paketinin nəticəsi olaraq, əhalinin rifahı naminə inqilabi addımlar atıldığını deyib. Minimum əmək haqqı məbləğinin iki dəfəyə yaxın artırılaraq 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 200 manata çatdırıldığını, müavinət və təqaüdlərin 100 faizədək, həmçinin dövlət sektoru üzrə əmək haqlarının əhəmiyyətli dərəcədə artırıldığını qeyd edib. Bildirib ki, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahiblənir. Cari ildəki iki mühüm sosial islahat paketi 4,2 milyon vətəndaşı əhatə etməklə, nəticə etibarilə ölkədə hər bir ailənin rifahına ciddi dəstəyi təmin etmiş olur. Həmin inqliabi addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılacaq. Nazir vurğulayıb ki, minimum əmək haqqı artımı özəl sektora, bu sektorda işçi qüvvəsinin rəqabət qabiliyyətinin güclənməsinə, əmək bazarına müsbət təsirini göstərir, həmçinin əməyin leqallaşdırılması sahəsində önəmli rolunu oynayır. Minimum əmək haqqının artımı, eyni zamanda, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi cari ilin 6 ayında bu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayının 7,3 faiz və ya 101,66 min müqavilə artmasına imkan verib.