Dövlət Gömrük Komitəsinin Akademiyası “Məzun Günü” keçirib


Digərləri 10 İyl 2019 15:48:38 203 0

Dövlət Gömrük Komitəsinin Akademiyası “Məzun Günü” keçirib

Dövlət Gömrük Komitəsinin Akademiyasını 2018-2019-cu tədris ilində bitirən tələbələr üçün “Məzun Günü” keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsinin Akademiyasını 2018-2019-cu tədris ilində bitirən tələbələr üçün “Məzun Günü” keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və idarə rəisləri, Akademiya rəhbərliyi, dövlət və hökumət nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, bir sıra ali təhsil müəssisələrinin rektorları və valideynlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən davamlı inkişaf strategiyası nəticəsində bütün sahələrdə olduğu kimi, təhsil sistemində mütərəqqi islahatlar, innovativ yeniliklər reallaşdırılır, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının beynəlxalq standartlara uyğun hazırlanması təhsilin keyfiyyət göstəricilərini yüksəldir. Birinci vitse-prezident Mehriban Əliyevanın elmə, təhsilə verdiyi dəstəyi də xüsusi vurğulayan Səfər Mehdiyev qeyd edib ki, bu gün gənclərimiz istənilən ali təhsil müəssisələrində müasir standartlara uyğun şəkildə təhsil ala bilirlər. Komitə sədri Dövlət Gömrük Komitəsinin Akademiyasının sayca ikinci məzun gününü qeyd etməsini, məzunların ən mötəbər universitetlərdə magistr pilləsinə qəbul olunmasını yüksək qiymətləndirib və istər təhsil, istər gələcək karyeralarında vətənə, müstəqil dövlətimizə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib. Bu ali təhsil ocağının uğurlarından söz açan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov bildirib ki, Akademiyanı 45 məzun bitirir və əksəriyyəti qəbul zamanı 600-dən çox bal toplayıb. Akademiyanın rəisi qeyd edib ki, sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi gömrük orqanlarında da köklü islahatlar aparılır və bu islahatların uğurla reallaşdırılmasında ixtisaslı kadrlara da ehtiyac var. Bu baxımdan da Dövlət Gömrük Komitəsinin Akademiyası insan kapitalının yetişdirilməsi yolunda mühüm bir misiyanı yerinə yetirir. Qulu Novruzov Akademiyada yüksək təhsil mühitinin yaradılmasına görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.