AzMİU tələbələrinin təhsillərini xaricdə davam etdirməsinə "Akkord" şirkəti maliyyə dəstəyi göstərəcək (FOTO)


Digərləri 10 İyl 2019 14:30:00 208 0

AzMİU tələbələrinin təhsillərini xaricdə davam etdirməsinə "Akkord" şirkəti maliyyə dəstəyi göstərəcək (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3 tələbəsi magistr təhsillərinin bir semestrini xaricdə alacaqlar.

Bakı. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3 tələbəsi magistr təhsillərinin bir semestrini xaricdə alacaqlar. AzMİU-dan Trend-ə verilən məlumata görə, inşaat mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbələri Süleyman Qəmbərov və Amir Ələsgərov Portuqaliyanın Leiria Politexnik İnstitutunda, Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbəsi Mədinə Nəbiyeva isə İspaniyanın Koruna Universitetində təhsillərini davam etdirəcəklər. Adıçəkilən Avropa universitetləri ilə AzMİU arasında inşaat mühəndisliyi və ekologiya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində gerçəkləşən bu layihəyə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası (STİK) ASC maliyyə dəstəyi göstərəcək. Belə ki, təhsildə fərqlənən hər 3 tələbənin səfər, yaşayış və təhsil xərcləri "Akkord" şirkəti tərəfindən ödəniləcək. Bu məqsədlə iyulun 10-da AzMİU-da sözügedən universitetlərdə təhsil alacaq tələbələrlə, "Akkord" şirkəti və AzMİU arasında üçtərəfli müqavilə imzalanıb. İmzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Akkord STİK ASC-nin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədov, Keyfiyyətin idarə edilməsi departamentinin direktoru Abbas Quvalov, universitetin professor-müəllim heyəti, magistr tələbələr iştirak edib. AzMİU-nun rektoru Gülçöhrə Məmmədova universitet ilə "Akkord" şirkəti arasında faydalı əməkdaşlığın olduğunu, şirkətin tələbələrimizin uğurlu təcrübə keçməsinə böyük dəstək nümayiş etdirdiyini, universitetdə təhsilin keyfiyyətinin artırılmasına əlindən gələn yardımı göstərdiyini qeyd edib. Rektor əməkdaşlığın nəticəsi olaraq şirkətin universitetin 3 tələbəsinin xaricdə təhsilini maliyyələşdirməsini sevindirici hal kimi dəyərləndirib, şirkətin rəhbərliyinə və təmsilçilərinə göstərdikləri xeyirxah təşəbbüs üçün minnətdarlığını bildirib. Mütəxəssis hazırlığında digər iri şirkətlərin də belə gözəl təşəbbüslə çıxış etməsini arzulayıb. O, çıxışının sonunda magist tələbələrə müvəffəqiyyətlər arzulayıb, onlara öz tövsiyələrini verib.