Bakıda UNESCOnun Ümumdünya İrs Komitəsinin 43cü sessiyası başa çatıb


Kriminal 10 İyl 2019 13:25:00 244 0

Bakıda UNESCOnun Ümumdünya İrs Komitəsinin 43cü sessiyası başa çatıb

İyulun 10-da Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sonuncu iclası keçirilib. Bakı sessiyasında 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb.

Son.az Trend-ə istinadən bildirir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev 10 gün ərzində görülən işləri yüksək qiymətləndirib. Sessiyasının sonuncu iş günü olduğunu xatırladan nazir dünən sənədlərin hazırlanması işinin başa çatdığını söyləyib: "Qərarların qəbul edilməsi ilə bağlı hesabatı dinləyəcəyik. Hesabat 2 hissədən ibarətdir. Bir daha xatırladım ki, bu hesabatdakı qərarlar qəbul edilib".

Sonra qısa hesabat dinlənilib. Qeyd edilib ki, qəbul olunmuş qərarlar üzərində redaktə işləri aparılıb. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı Bakıda 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb.

Bakıda keçirilən sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirən UNESCO-nun Ümumdünya İrsi Mərkəzinin direktoru Mextild Rössler bu günlər ərzində mühüm qərarların qəbul edildiyini söyləyib. O, bütün komitə üzvlərinin sessiyanın işində fəal iştirakını yüksək qiymətləndirib, təşkilat komitəsinin sədrinə UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan mədəni irslə bağlı məlumatları əks etdirən kitab hədiyə edib.

Norveç, Tunis, Anqola, Kuba, Burkina-Faso, Küveyt, Qırğızıstan, Braziliya, Uqanda, İndoneziya, Macarıstan, Bosniya və Herseqovina, Qvatemala, Avstraliya, Zimbabve, Çin və digər ölkələrin nümayəndələri sessiyanın işini yüksək dəyərləndirərək, ev sahibi olan Azərbaycana minnətdarlıqlarını çatdırıblar. Vurğulanıb ki, burada qəbul edilən qərarlar dünya mədəni irsinin qorunmasına, gələcək nəsillərə çatdırılmasına töhfə verəcək.

Bütün çıxışçılara səmimi sözlərə görə minnətdarlığını bildirən sessiyanın təşkilat komitəsinin rəhbəri Əbülfəs Qarayev deyib ki, Bakı sessiyasında 2500-ə yaxın nümayəndə iştirak edib. Ötən müddət ərzində çox ciddi müzakirələr aparılıb, 166 sahəyə baxılıb və 29 irs nümunəsi siyahıya salınıb.