Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib


Digərləri 10 İyl 2019 10:54:00 187 0

Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi arasında imzalanmış “Birgə Fəaliyyət Haqqında” müqaviləyə əsasən Azərbaycanda "PostPay" adlı yeni elektron pul kisəsi istifadəyə verilib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi arasında imzalanmış “Birgə Fəaliyyət Haqqında” müqaviləyə əsasən Azərbaycanda "PostPay" adlı yeni elektron pul kisəsi istifadəyə verilib. Trend-in məlumatına görə, yeni sistemin fiziki və virtual daşıyıcılara yerləşdirilməsi, ödəniş sisteminin və istifadəçilər üçün təhlükəsizlik tədbirlərinin aparılması, həmçinin sonrakı mərhələdə texniki dəstəyin göstərilməsi məsələləri razılaşdırılıb. “PostPay” layihəsinin “Azərpoçt”la birgə həyata keçirilməsi bu brendin əhatə dairəsinin sürətlə genişlənməsinə imkan yaradacaq. Belə ki, ölkənin bütün bölgələrində, ucqar kəndlərində mövcud olan poçt məntəqələri “PostPay”i vətəndaşlar üçün daha da əlçatan edəcək. Həmçinin, “Azərpoçt”da aparılan nağd əməliyyatların da bundan sonra “PostPay” üzərindən həyata keçiriləcəyi gözlənilir. “Postpay” elektron pul kisəsinin "Android" sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiqi də vətəndaşların istifadəsinə verilib. Bu tətbiqi “PlayStore”dan yükləmək olar. “PostPay”in əsas menyusu “Balansın artırılması”, “Nağdlaşdırma”, “Pul köçürmələri”, “Ödəmələr”, “Mal və xidmətlərin dəyərinin ödənişi (dinamik QR kod)” və “Balans” bölmələrindən ibarətdir. Ondan istifadə son dərəcə sadədir. “PostPay” istifadəçiləri balanslarını ödəmə terminalları, bank kartları, digər elektron pul kisələri və poçt şöbələri vasitəsilə artıra bilərlər. “PostPay”in digər elektron pul kisələrindən əsaslı fərqi poçt filialları və məntəqələrində həm balans artırma, həm də nağdlaşdırma əməliyyatlarının həyata keçirmək imkanını istifadəçilərinə təqdim etməsidir. Poçt vasitəsi ilə balansı artırmaq üçün istifadəçi “Azərpoçt”un filialına yaxınlaşmalı və əməliyyatçıya “PostPay” hesab nömrəsini təqdim etməlidir. Nağdlaşdırma etmək üçün isə istifadəçi əvvəlcə hesab nömrəsini və istədiyi məbləği əməliyyatçıya təqdim edir. Əməliyatçı proqram təminatı vasitəsi ilə hesabı yoxlayır və PİN kodu tələb edir. Təqdim edilən kod doğru olarsa əməliyyat uğurla həyata keçirilir və istifadəçiyə uğurlu əməliyyat haqqında bildiriş göndərilərək vəsait ödənilir.