Əli Əhmədov: "UNESKOnun Azərbaycanla sıx əməkdaşlığı formalaşıb" VİDEO


Siyasət 10 İyl 2019 08:11:00 243 0

Əli Əhmədov: "UNESKOnun Azərbaycanla sıx əməkdaşlığı formalaşıb"  VİDEO

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuza sahib olmasından, digər tərəfdən beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki yüksək tərcübəsindən xəbər verir.

Son.az bildirir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə deyib.

Ə.Əhmədov bildirib ki, indiyə qədər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin nüfuzunun əhəmiyyətli dərəcədə dəyişməsinə, yeniləşməsinə səbəb olub:

"Azərbaycanda keçirilən bu tədbirlər ölkəmizə bütün dünya miqyasında olan diqqəti də artırıb. Digər tərəfdən, Azərbaycan UNESKO çərçivəsində böyük layihələrin həyata keçirilməsinə yaxından dəstək olur. Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva UNESKO çərçivəsində çox möhtəşəm layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Beləliklə də bu iştirakçılıq nəticəsində UNESKO-nun Azərbaycanla sıx əməkdaşlığı formalaşıb.

Bu əməkdaşlıq çərçivəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın bir çox mədəni irs nümunələri UNESKO-nun siyahısına daxil edilib. Hesab edirəm ki, bu da Azərbaycanla UNESKO əməkdaşlığının ölkə mədəniyyəti üçün faydalı tərəflərindən biridir".

Baş nazirin müavini vurğulayıb ki, çox sayda insanın Bakıda keçirilən 43-cü sessiyada iştirak etməsi onların Azərbaycanla tanış olmalarına, ölkəmizin bugünkü inkişafı ilə bağlı daha çox məlumatlar əldə etmələrinə və beləliklə də Azərbaycana olan münasibətlərinin bugünkü reallıqlar çərçivəsində formalaşmasına gətirib çıxarır.

Qeyd edək ki, iyunun 30-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda öz işinə başlayıb. 43-cü sessiyanın iyulun 7-də keçirilən iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.

Bu gün bağlanış iclasında sessiyanın yekun sənədi qəbul ediləcək.