Daxili istək motivasiyasının aqibətə təsiri


Digərləri 09 İyl 2019 22:10:00 199 0

Daxili istək motivasiyasının aqibətə təsiri

Bismilləhir-Rahmənir-Rahim!

İnsan həyatında önəmli olan mövzulardan bir də insanın öz istəklərini, seçimlərini nəyin əsasında müəyyən etməsidir. Qlobal mənada insanın iki seçimi var: ya öz bildiyi, istədiyi kimi yaşamaq, ya da onu Yaradanın - Allahın onun üçün uyğun gördüyü meyarlar üzərində seçimlər etmək.

Əməllərin insan təkamülünə təsiri fərqlidir

Bəzən bir əməli insana etmək vacib olur, şəri cəhətdən onu etmək insan üçün zəruri olur. Bəzən bir əməli etmək müstəhəb olur. Bəzən bir əməli etmək mübahdır - nə vacibdir, nə müstəhəbdir.

Bəzən vacib olan əməllərin içərisində görürük ki, bəzilərinin dərəcələri fərqlidir, onlara xüsusi olaraq təkid var. Bəzən bir mübah əməl olur, adi vaxtda xüsusi bir vurğusu yoxdur, amma bir şərait qarşıya gəlir ki, həmin şəraitdə ona əlahiddə vurğu olur, xüsusi əhəmiyyəti meydana gəlir.

Dəyər yükü olmayan, mənfi əməllər də o cürdür. Bəzən bunları ona görə etməmək lazımdır ki, Allah onları haram buyurur. Bəzən bu əməllərin kərahəti, xoşagəlməzliyi olur - haram deyil, amma edilməməsi bəyənilir.

Bəzən olur ki, əməlin haramlığının şiddəti fövqəl dərəcədə olur. Bəzən isə bir əməl öz-özlüyündə mübah bir əməldir, amma mənfi bir iş üçün müqəddimə rolunu oynayır və buna görə ondan çəkinmək lazımdır.

Ona görə də, bu əməlləri etmənin və ya çəkinmənin niyyətinə görə, şəraitinə görə, vəziyyətinə görə yükü fərq edir və insanın təkamülünə təsiri də fərqli-fərqli olur.

Seçimlərinə görə fərqlənən iki qrup insan

Həm Peyğəmbərimizdən (s), həm Həzrət Əlidən (ə), həm Həzrət İmam Baqirdən (ə) buyurulan bu xüsusda bir buyuruş var. Meracda baş vermiş bir hadisədir ki, Allah Təala iki qrupu müqayisə edir.

Bu buyuruşda Allah Təala iki qrupu biri-biri ilə müqayisə edir. Bir qrup Allahın istəyini öz istəyindən üstün tutanlardır - Allahın bunlarla bağlı sözləri var.

İkinci qrup öz istəyini Allahın istəyindən üstün tutanlardır - Uca Allahın bunlarla da bağlı sözləri var.

Mənim ürəyim bir şeyi istəyir, amma baxıram ki, bu mövzuda Allahın istəyi bu deyil, başqadır. Mən gərək öz istəyimi kənara qoyum, Allahın istəyinə uyğun davranım. Bu hal çətindir, ağırdır, bəzən böyük iradə tələb edir, amma Allahın istəyi başqa olduğu üçün bəndə gərək öz istəyindən keçsin. Bu, birinci haldır.

İkinci tip insan budur ki, bilir ki, Allahın istəyi nədir və öz istəyi də var, amma öz istəyinin dalınca gedir, şüurlu, dərkli surətdə öz istədiyinin arxasınca hərəkət edir. Təəssüf ki, heç bir kəs belə bir halı yaşamaqdan sığortalanmayıb.

Heç kəs gərək deməsin ki, mən belə etmərəm, zira günahların çoxu elə məhz bu halla baş verir.

Hər kim Allahın istəyini öz istəyindən üstün tutsa...

Birinci qrupla bağlı buyuruşda gəlir: "Mənim bəndəm bəzən bu cür olur ki, Mənim istəyimi, öz istəyindən üstün tutur. Bu halda onun üçün bu işləri görərəm:

1. Onun mühafizəsi üçün mələklər ayıraram.

2. Allah Təala göyləri və yeri onun ruzisini təmin etmək üçün kəfil, zamin qərar verər ki, harda olsa, onun ruzisi asanlıqla çatar.

3. Allah dünyanı onun ixtiyarına buraxar".

Elə ki, insan Allahın iradəsini öz iradəsindən üstün bilir, Allahın istəyini özünə rəhbər tutur, öz istəyini kənara qoyur, Allahın istəyi əsasında davranır - Allah Təala əvvəla mələklərinə əmr edir ki, onun mühafizəsini təmin etsinlər. Mələklər onu qorumağa başlayır. Göylər və yer zamin qərar verilər ki, bu insanın ruzisi təmin olunsun. Daha sonra Allah bütün dünyanı onun ixtiyarında qoyar.

Bir var ki, insan öz dünyasının dalınca qaçır, yaxınlaşdıqca dünya da ondan qaçır. Bir də var ki, Allah Təala dünyanı bu cür bəndəsinin ixtiyarına buraxar. Əgər bir insan Allahın istəyini öz istəyindən üstün tutsa, həyatında çox ciddi hadisələr baş verər. Həmin insanın həyatı dəyişər, həyatı İlahi rəngə bürünər.

Hər kim öz istəyini Allahın istəyindən üstün tutsa...

Bir də ikinci qrup insan var ki, öz istəyini Allahın istəyindən üstün tutar. Deyərsən ki, "axı Allah bunu götürməz, Allah bu işi bəyənmir" - amma onun vecinə olmur, onun üçün öz həvayi-nəfsinin istəyi daha önəmlidir. Allahdan istəyimiz budur ki, bizləri bu ikinci qrupdan qərar verməsin!

Bu halda nə baş verir? Allah Təala buyurur: "Onun həyatından, işindən, gücündən, yaşayışından nəzm və sahmanı götürərik. Dünya işlərində xeyiri və zərəri nədə olduğunu müəyyən edə bilməz. O qədər dünya ilə məşğul edərik ki, ümumiyyətlə axirət yadından çıxar. Sonda da onun üçün təyin etdiyimizdən başqa bir şeyə çatmaz".

Bu cür insanın həyatında nəzm, sahman, hüzur olmaz, həyatı dağınıq, nizamsız bir hala gəlib çatar. Nə edərsə, ələ gətirə bilməz. İnsan üçün ən ağır cəza budur ki, özünü ağıllı sayar, özünü hər şeyi bilən sayar, guya hər şeydən başı çıxar, amma konkret özü üçün nəyin xeyir, nəyin zərər olduğunu müəyyən edə bilməz, hər şey onun üçün qarışıq, tərəddüdlü, şübhəli gələr, xeyir və zərərin nədə olduğunda müəyyənləşə bilməz.

Əgər insan xeyir və zərərin nədə olduğunu müəyyən edə bilməsə, faciəvi duruma gəlib çatar. Əgər biz həvayi-nəfsimizi Allahın istəyindən üstün tutsaq, həyatımızın nizami, səliqə-sahmanı, hüzuru aradan gedər, həyatımızda nəyin xeyrimizə, nəyin zərərimizə olduğunu müəyyənləşdirə bilmərik. Bir döngəyə qədər gedirik, gəlib dalana dirənirik, qalırıq ki, sonra nə edək. Sonra elə zənn edirik ki, yolu tapdıq - gedirik, yenidən dalana dirənirik və bu hal sonsuza qədər davam edir.

Qlobal olaraq bəşəriyyət bu vəziyyətdədir. Bəşəriyyət bu gün bir duruma gəlib çatıb ki, xeyir və zərərinin nədə olduğunu müəyyən edə bilmir. Bir insan fərd olaraq öz həvayi-nəfsini Allahın istəyindən üstün tutsa, nəticə etibarilə xeyir və zərərinin nədə olduğunu müəyyən edə bilməz. Növbəti budur ki, o qədər dünya ilə məşğul edilər ki, Allah, axirət onun yadından çıxar. Bu hal yaşandıqdan sonra onun üçün təyin ediləndən başqa bir şeyə çata bilməz.