İran böhranı: indi nə olacaq?


Dünya 09 İyl 2019 21:41:00 234 0

İran böhranı: indi nə olacaq?

İran 3,67 faiz səviyyəsində saxlanan uran zənginləşdirmə nisbətinin artırılacağını açıqlayıb. ABŞ prezidendi Donald Trump isə buna cavab olaraq "İran diqqətli olmalıdır" deyib.

İranla P5+1 (ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə və Almaniya) arasında imzalanmış razılaşma pozulurmu? Yoxsa çoxdan pozulub, tərəflər etiraf etməkdən qorxurlar?

2015-ci ildə - prezident Barack Obamanın dövründə imzalanmış anlaşmadan ABŞ 2018-ci ildə - prezident Donald Trump-ın dönəmində çıxıb.

Bu il İran razılaşmada göstərilən uran saxlama limitini keçməyə başlayıb və bildirib ki, 3,67% səviyyəsində saxlanan uran zənginləşdirmə nisbətini artıracaq. Rəsmi Tehran bəyan edib ki, razılaşmayla bağlı problemlər həll olunmaya qədər 2015-ci ildə qəbul etdiyi digər məhdudiyyətləri də növbəylə aradan qaldıracaq.

İran Atom Enerjisi Qurumunun nümayəndəsi Behrouz Kamalyandi "İstədiyimiz nisbətdə və istədiyimiz qədər uran zənginləşdirməyə hazırıq" deyib.

Bazar günü ABŞ-ın New Jersey əyalətində jurnalistlərə açıqlama verən Trump buna "İran diqqətli olmalıdır" deyə reaksiya verib.

"İran diqqətli olsa, yaxşıdır. Çünki (uranı) yalnız bir məqsədlə zənginləşdirirsiz. Bu məqsədin nə olduğunu sizə deməyəcəm, amma heç yaxşı məqsəd deyil. Diqqətli olsaq yaxşıdır".

ABŞ-ın Xarici İşlər naziri Mike Pompeo isə bazar günü verdiyi açıqlamada bildirib ki, İran uranı zənginləşdirmə limitini aşarsa, bu ölkəyə qarşı daha çox sanksiya tətbiq ediləcək.

Razılşamada əldə edilən 3,67% səviyyəsi nüvə silahı əldə etmək üçün lazım olan 90% nisbətindən çox azdır.

Rəsmi Tehran 2019-cu ilin iyun ayına qədər razılaşmanın bütün maddələrinə əməl etdiyini açıqlayıb.

Ağ Ev bunun əksinin iddia etsə də, İranın dediklərini BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi də təsdiqləyir.

Ancaq ABŞ-ın razılaşmadan çəkilməsi və İrana yenidən sanksiyalar tətbiq etməsi bu ölkənin iqtisadiyyatına ciddi şəkildə təsir edib.

Ona görə də razılaşmanın iqtisadi gəlirlərindən faydalana bilməyən İran P5+1 formatına daxil olan digər ölkələrdən ona qarşı təzyiqləri azaldacaq addımlar gözləyir.

İngiltərə, Fransa və Almaniya Vaşinqton və Tehran arasında

Nüvə razılaşması 2015-ci ildə imzalanıb

Avropalı iştirakçılar razılaşmanın davam etməsini istəyirlər. Onlar Tehrana humanitar ehtiyac məhsullarının göndərilməsi üçün ABŞ-ın sanksiyalarından kənar bir mexanizm yaradıblar.

Ancaq bu mexanizm İranın tələbatlarını ödəmir. O, iqtisadiyyatını dirçəldəcək təbii qaz və metal sənayesində ABŞ-ın təzyiqinin azaldılmasını istəyir. Amma avropalılar buna çətinlik çəkirlər. Onların indiyə qədərki səyləri razılaşmaya dəstək verdiklərini göstərən diplomatik addımlardan uzağa getməyib.

Əslində, sankisyaları pozmaq riskini nəzərə alaraq İranla ticarət əlaqələri qurmaq qərarını dövlətlər yox, bu ölkələrdəki şirkətlər verməlidirlər.

Prezident Trump razılaşmadan çəkildiyini açıqlayanda belə bir vəziyyətin yaranacağını proqnozlaşdıranlar olmuşdu. Onun avropalı müttəfiqləri bu məsələdə ABŞ-la eyni mövqedə olmasalar da, onlar da İranla bağlı eyni narahatlığı keçirirlər: Tehranın nüvə fəaliyyətləri, raket proqramı və bölgə siyasəti sahəsində.

Körfəzdə zaman-zaman yaşanan gərginlik, xam neft daşıyan gəmilərə hücumlar və ABŞ-ın pilotsuz təyyarəsinin vurulması bu narahatlığın artmasına səbəb olub.

Obama və Trump-ın bu məsələdəki strategiyaları çox fərqlidir

Razılaşmanın imzalandığı tarixdə ABŞ, Rusiya və Çinin mövqeyi beləydi: İran durmadan nüvə fəaliyyətini davam etdirir; hələ ki, bu fəaliyət hərbi məzmun daşımırmış kimi görünür, amma İran bu səviyyəyə necə keçə biləcəyini artıq bilir və hər an fəaliyyətini o istiqamətə yönəltmək imkanına malikdir.