Nazirlik: "Biçindən sonra taxıl sahələrini yandıranlar 6 min manatadək cərimələnəcək"


Digərləri 09 İyl 2019 17:18:00 214 0

Nazirlik: "Biçindən sonra taxıl sahələrini yandıranlar 6 min manatadək cərimələnəcək"

Taxıl sahələrinin biçindən sonra yandırılması məhsuldarlığın azalmasına səbəb olur.

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, dağlıq və dağətəyi bölgələr istisna olmaqla ölkə ərazisində taxıl biçini yekunlaşmaq üzrədir. Ötən illərdə müşahidə olunan taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də bir çox torpaq mülkiyyətçisi və fermer sahələrin yandırılmasının torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdirlər.

Bu gün əksər fermerlər taxıl biçinini başa vurduqdan sonra yerdə qalan kövşənliyi, yığılmamış samanı yandırmaqla torpağın münbitliyinin artacağını, alaqlara və zərərvericilərə qarşı mübarizənin səmərəli olduğunu güman edirlər. Halbuki, kökündən yanılırlar. Əksər kənd təsərrüfatı məhsul istehsalçıları XXI əsrdə belə əlavə xərclərin və vaxt itkisinin qarşısını almaq düşüncəsi ilə köhnə qayda ilə sahələrə od vururlar. Yanğın nəinki əkinə yararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır.

Bitki qalıqları müxtəlif üzvi maddələrin və qida elementlərin ən vacib resurslarından biri hesab olunur. Halbuki, onlarla düzgün və səmərəli davranmaq torpağın münbitliyini artırmaq, strukturunun, rütubət tutumunu yaxşılaşdırmaqla olduqca yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Günümüzün reallığıdır ki, ölkədə kənd təsərrüfatı məhsul istehsalçılarının az bir hissəsi hələ də əlavə material və əmək xərcləri tələb etdiyindən bitki qalıqları "gərəksizdir", "səmərəsizdir" və hətta "ziyanlıdır" kimi yalnış təsəvvürlərə malikdir. Kövşənliyin və digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, o həmçinin pulların havayı sovrulması, sözün hərfi mənasında, bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir.

Torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır. Belə ki, kövşənliyi və ya samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95%-ni təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir etməsinə gətirib çıxarır. 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrələri ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Kövşənliyin yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb olunur.

Yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Vahid sahədə samanın 30-40 saniyədə yanmasına baxmayaraq, bu qısa müddət torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Bu temperaturda torpağın 0-5 sm qatında humusun yanması, 10 sm qatında isə suyun buxarlanması baş verir. Kövşənliyin yandırılması zamanı humus itkisi hektara 1,3 ton təşkil edir. Bir hektar sahədə 1 ton samanın yandırılması nəticəsində 4,0-4,5 kiloqram azot, 2,0-2,5 kiloqram fosfor, 8-10 kiloqrama qədər kalium elementi itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə müqayisədə daha az məhsul götürür.

Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, 1 ton buğda samanında dəyəri 12 manatdan 35 manata qədər olan qida maddələri var. Bu isə kövşənliyin və ya samanın yandırılmayaraq torpaqda qalmasının iqtisadi baxımdan nə qədər əhəmiyyət kəsb etdiyini sübut edir. Sahənin yandırılması qida maddəsilə yanaşı, qiymətli torpaq biosenozunu da məhv edir. Bildiyimiz kimi, təbii torpaq biotası çox faydalılıq xüsusiyyətinə malikdirlər. Məsələn, 1 parabüzən özünün inkişaf prosesində 400-dən 2000-nə qədər mənənə fərdini məhv edir. Bitki qalıqlarının yandırılmasına dənli bitkilərin zərərvericilərinə qarşı mübarizə vasitəsi kimi baxmaq olmaz. Belə ki, dənli bitkilərin əksər zərərverici növləri yanğın zamanı torpaqda gizlənməklə özlərini mühafizə etmək xüsusiyyətinə malikdirlər.

Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də torpağın sıfır becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir.