Restrukturizasiya prosesi müştərinin kredit yükünü dəfələrlə azaltmaqla yanaşı, kredit tarixçəsini də müsbətə dəyişir Müsahibə


Digərləri 09 İyl 2019 16:29:00 209 0

Restrukturizasiya prosesi müştərinin kredit yükünü dəfələrlə azaltmaqla yanaşı, kredit tarixçəsini də müsbətə dəyişir  Müsahibə

Cənab Prezidentin fərmanına uyğun olaraq, Unibank artıq müştərilərinin bir hissəsini kreditlərini restrukturizasiya edib. Bu haqda "Unibank" KB-nın  Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov bildirib.

- "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında"  Prezident fərmanının icrası banklar tərəfindən davam etdirilir. "Unibank"da fərmanın icrası hansı mərhələdədir?

- Bildiyiniz kimi, Unibank kompensasiya ödənişlərini Fərmanda nəzərdə tutulduğu kimi vaxtında başa çatdırdı. Proses dövründə 122 651 müştəriyə 65 milyon 257 min manat məbləğində kompensasiya ödənişi həyata keçirildi. Həm vətəndaşlarımızın sosial rifahının gücləndirilməsi, həm də bank sektorunun inkişafı baxımından son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında və yüksək səviyyədə icrası, ilk gündən Unibank üçün əsas prioritet məsələ olub. Ona görə də kompensasiya ödənişləri başa çatan kimi, biz fərmanın ikinci hissəsinin icrasına- fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı hazırlıq prosesinə başladıq. Qısa müddətdə texniki məsələlər həll edildi. Artıq müştərilərimizin bir qisminin kreditləri  restrukturizasiya edilib və bu proses davam edir.

- Restrukturizasiya prosesi hansı formada həyata keçirilir?

- Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Kompensasiya ödənişində olduğu kimi bu proses zamanı da, biz müştərilərin bankda vaxt itirməməsi üçün onların banka dəvət edilməsini növbəlilik prinsipi ilə aparırıq. Restrukturizasiyanın başlanılması ilə bağlı müştərilərə SMS göndərilir, telefonla zəng edilərək məlumat verilir və banka dəvət edilərək restrukturizasiya müqaviləsi imzalanır. Müştərilərin restrukturizasiya ediləcək kreditləri üzrə cari günə hesablanmış cərimə, faiz borcları avtomatik olaraq bağışlanır, müştəriyə cari günə olan kreditlərin yalnız əsas məbləğ üzrə borcu qədər yeni kredit açılaraq, digər kreditləri bağlanılır. Fərmanda da nəzərdə tutulduğu kimi kredit illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə rəsmiləşdirilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir ki, bu da ay ərzində bir neçə manata yaxın bir vəsait edir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Restrukturizasiya zamanı müştərinin iş yerinin olub-olmaması tələbi yoxdur.

- Bu proses müştərinin kredit yükünün dəfələrlə azaldılması ilə yanaşı, kredit tarixçəsinin də yenilənməsinə səbəb olur. Qeyd etdiyiniz kimi, bu müştərilər 360 gündən artıq gecikməsi olan , kredit tarixçəsi pozulmuş müştərilərdir.