Akademik: Xan sarayı ilə birlikdə Şəkini tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi qələbədir


Digərləri 09 İyl 2019 15:48:52 216 0

Akademik: Xan sarayı ilə birlikdə Şəkini tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi qələbədir

Xan sarayı ilə birlikdə Şəkini tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Prezident İlham Əliyevin Vətən naminə yürütdüyü müdrik, uzaqgörən siyasətin çox böyük qələbəsidir.

Bakı. Xan sarayı ilə birlikdə Şəkini tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Prezident İlham Əliyevin Vətən naminə yürütdüyü müdrik, uzaqgörən siyasətin çox böyük qələbəsidir. Əldə olunan digər mühüm uğurlarla yanaşı, bu qələbə sübut edir ki, xalqımız ümumdünya mədəniyyətini, müasir sivilizasiyanı yaradan xalqlardandır. Bunun dünya miqyasında qəbul olunması, daha doğrusu, rəsmi olaraq etiraf edilməsi həqiqətən çox böyük tarixi qələbədir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. Yaqub Mahmudov qeyd edib ki, dünyanın ən qədim şəhərlərindən biri və 2700 ildən çox yaşı olan Şəki şəhəri haqqında bu tarixi qərarın UNESKO-nun Ümumdünya İrs Komitəsinin məhz Bakıda keçirilən 43-cü sessiyasında qəbul edilməsi Azərbaycan üçün çox mühüm tarixi hadisədir: “Bu qələbə çox çətin, mübarizələrlə dolu yolun parlaq sonluğudur. Bu qələbənin tarixi Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə baş tutan unudulmaz Şəki səfərindən, Prezident İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Şəkiyə saysız-hesabsız səfərlərindən, oradakı məşhur Şəki abidələri ilə tanışlıqlarından, ölkə başçısının birbaşa göstərişi ilə görülən bərpa işlərindən, Prezidentin Şəki ilə bağlı verdiyi çoxsaylı sərəncamlardan başlayır”. Deputat bildirib: “Mən Prezident İlham Əliyevin Şəki səfərləri zamanı onun Şəki abidələri ilə, şəhərin bütün qədim məhəllələri ilə, təkcə Aşağı Karvansarayla dörd dəfə tanış olması prosesinin şahidiyəm. Aşağı Karvansarayla tanışlıq zamanı Prezidentin “Bu abidənin bərpası zamanı onun memarlığına qətiyyən əl vurmayın” göstərişini necə kəskinliklə verməsinin şahidiyəm. Dairəvi Tanrıçılıq abidəsi ilə tanışlıq zamanı XIX əsrdə işğalçıların bu abidəni saxtalaşdıraraq görkəmini dəyişməsindən necə təsirləndiyinin və “Tezliklə bu abidəni əvvəlki görkəminə qaytarın!” deməsinin şahidiyəm. Yadımdan çıxmır: Prezidentimiz və Birinci xanım, Rəcəb Tayyib Ərdoğan və xanımı Şəki Xan Sarayı və digər abidələrlə tanış olarkən Ərdoğanın xanımı Əminə Ərdoğan Mehriban xanıma müraciətlə “Bu misilsiz abidələri UNESKO-nun qeydiyyatına saldırmaq haqqında düşünürsünüzmü?” sualını verdikdə Mehriban xanım çox inamlı və qəti cavab verdi - Biz artıq bu işə başlamışıq və məqsədimizə hökmən nail olacağıq!". Yaqub Mahmudov əlavə edib ki, o günlərdən sonra Şəkiyə çoxsaylı ekspertlər gəldi, xeyli iradlar oldu və Prezidentin qayğısı ilə əsaslı bərpa işləri görüldü: “Nəhayət, 2019-cu ildə Azərbaycanın məşhur tarixi şəhəri haqqında UNESKO-nun qərarı Bakıda qəbul olundu! Bu qələbə münasibəti ilə Prezident İlham Əliyev bütün Azərbaycan xalqını təbrik edib. Əslində isə təbrik məhz Prezidentimizə düşür. Çünki bu İlham Əliyevin Vətən naminə yeritdiyi müdrik siyasətin qələbəsidir, yürütdüyü qətiyyətli siyasətin qələbəsi naminə Mehriban xanım Əliyevanın yorulmadan apardığı davamlı mübarizənin nəticəsidir.”