YARAT Müasir İncəsənət Mərkəzində iki sərgi təşkil olunacaq


Digərləri 09 İyl 2019 15:12:21 208 0

YARAT Müasir İncəsənət Mərkəzində iki sərgi təşkil olunacaq

YARAT Müasir İncəsənət Mərkəzində 12 iyul -29 sentyabra kimi Taus Maxaçeva "Şarivari" və Zadi Ça "Maqohalmi övladı və yaradılış sədası" adlı iki sərgi təşkil olunacaq.

Bakı. YARAT Müasir İncəsənət Mərkəzində 12 iyul -29 sentyabra kimi Taus Maxaçeva "Şarivari" və Zadi Ça "Maqohalmi övladı və yaradılış sədası" adlı iki sərgi təşkil olunacaq. Hər iki sərginin iş rejimi çərşənbə axşamı - bazar günləri ərzində saat 12:00 – 22:00 aralığını əhatə edir. Giriş sərbəstdir. Mərkəzdən Trend-ə verilən məlumata görə, geniş yaradıcılıq təcrübəsinə performans, film, qida məhsulları və obyektlərin daxil olduğu çoxprofilli rəssam bu dəfə interaktiv multimedia instalyasiyasını təqdim edir. İnstalyasiya ümumilikdə SSRİ sirkinin ənənələrinə, xüsusən də Bakı Dövlət Sirkinin tarixinə həsr olunmuş, yenicə təqdim edilmiş əsərlər vasitəsilə Qafqaz müasirliyini araşdırır. Memar Mariya Serova, yazıçı Aleksandr Sneqiryov və geyim üzrə rəssam Panika Derevya ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış monumental, çoxlaylı instalyasiyaya mərkəzi heykəltəraşlıq elementi də daxildir. Bu element sərgi müddətində genişləndiriləcək və nizamsız, daim inkişaf edən “şarivari” sirk ruhunu vurğulayacaq. Aparıcı əyləncə növü olmasına baxmayaraq, Sovet sirki nisbətən senzurasız mühit təqdim edirdi. Burada ən cəsarətli və hünərli bəyanatlar vizual və fiziki dil vasitəsilə ifadə edilirdi. Faktlar və uydurma vasitəsilə, bu instalyasiya sovet dövründən postsovet paradiqmasına keçid dövrü, habelə post-postsovet dövrünün bir neçə gələcəyinə qədər, ənənələr, müasirlik və mədəni autentiklik (əsillik) arasında daim dəyişən münasibətləri aşkara çıxarır. “Şarivari” termini, spesifik sirk hərəkətinə – sinxron şəkildə təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından ibarət kütləvi sirk tamaşasına istinad edir. Hər bir hərəkət və ritm get-gedə sürətlənir və tamaşanın texniki mürəkkəbliyi də artır; sanki artistlər bir-biri ilə rəqabət aparır, öz komik istedadları və məharətlərini, bacarıqlarını, cəsarətlərini və xarakterlərini nümayiş etdirirlər. Çıxışın sonu manej, havada süzən və salto vuran obrazlarla dolu olur. Taus Maxaçevanın Azərbaycan Milli Arxiv İdarəsinin təqdim etdiyi arxiv sənədləri, filmlər və fotoşəkillərdən hazırlanmış instalyasiyası xaotik, xəyali sirk mühitini yaradır və bura ən qeyri-adi, qəribə məxluqlarla doludur: danışan at, sintetik ayılar, şirin cəhəngində gimnast, gimnastın içində isə qoyun, güclü qadın-mühasib, gümüşü torlu milçək bunlardan sadəcə bir neçəsidir. Tamaşaçıya insan-heyvan piramidasının sirk arenasında doğmaq, VR (virtual reallıq) təcrübəsi və bir çox digər fantastik təcrübələrdə iştirak etmək imkanı təklif olunur. Bu təcrübələr zirək, adətən ziddiyyətli sosial-siyasi qeydlər kimi çıxış edir. Rəssam, müasir zamanın son dərəcə sərsəm sirk prizması vasitəsilə uzaq keçmiş və yaxın gələcək haqqında hekayələr danışır. Sərginin kuratoru Suad Qarayeva-Malekidir. YARAT Müasir İncəsənət Mərkəzi Bakı Milli Sirkinin direktoru Vaqif Bağırzadə, sirk tarixçisi Rəcəb Məmmədov, Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Əsgər Rəsulov, gimnast Tamilla Nəzirova, kloun Lada Sanatskaya, heyvan təlimçiləri Tofiq Axundov və Rauf Rəsulov, sirk şouları və konsertlərinin direktoru Vladimir Vavilov, arxivçi Aida Babazadə və şairə Leyli Salayevaya xüsusi təşəkkürlərini bildirir! Rəssam haqqında Taus Maxaçeva (d.1983) Rusiyanın Moskva şəhərində yaşayır və fəaliyyət göstərir. O, müxtəlif mədəniyyətlər və ənənələrin bir-birilə təmasda olduğu zaman nələrin baş verdiyini təhlil edən fəaliyyəti və video əsərləri ilə məşhurdur. Mədəni baxımdan mənşəyi Qafqazın Dağıstan regionundan olan və Moskvada böyümüş sənətçinin təcrübəsi onun sovetləşmədən əvvəlki və sonrakı dövrlərdə eyni anda mövcud olan dünyalarla şəxsi əlaqəsinə əsaslanır. Çox zaman yumoristik tərzdə olan əsərlərində o, müasir dünyada təsvirlər, obyektlər və bədənlərin çevikliyini sınaqdan çıxarmağa çalışır. Taus Maxaçeva Qoldsmit Universitetindən İncəsənət üzrə bakalavr dərəcəsi (2007) və Kral İncəsənət Kollecində magistr dərəcəsi (2013) üzrə təhsil almışdır. Seçilmiş sərgilərə Liverpul Biennalesi (2018), İnçuan Biennalesi (2018), Riqa Müasir İncəsənət Biennalesi (2018), Venesiya Biennalesi (2017); Qaraj Triennalesi, (Qaraj Müasir İncəsənət Muzeyi, 2017); ON/OFF Muzeyi (Pompidu Mərkəzi, 2016); Şanxay Biennalesi (2016); Kiyev Biennalesi (2015); Moskva Biennalesi (2015, 2011) və Şarja Biennalesi (2013) daxildir. Taus Maxaçeva 6-cı Moskva Biennalesinin Müasir İncəsənət Fondunun mükafatı (Moskva, 2015), Leypsiq Müasir İncəsənət Muzeyinin “Avropanın gələcəyi” mükafatı (2014) və “Yeni nəsil - innovasiya” Dövlət mükafatına (2012) layiq görülüb. YARAT Müasir İncəsənət Məkanı, həmçinin 12 iyul–29 sentyabr 2019-cu il tarixlərdə keçiriləcək Koreya-kanadalı rəssam Zadi Çanın fərdi sərgisini təqdim edir. Böyük yeni multimedia layihəsini təqdim edən Zadi Ça atmosfer işıqlandırması, hərtərəfli səs sistemi, iriölçülü videoproyeksiyalar, heykəllər və kostyumlar vasitəsilə seyrçiləri cəlbedici dünyaya dəvət edərək sualtı dəniz mühiti yaradır. Bu əsər “Art Night”, London (22 iyun), “Tramway”, Qlazqo (26 oktyabr – 16 dekabr) və “De La Warr Pavilion”, Bekshill-on-Si (1 fevral – 4 may 2020-ci il) birgə əməkdaşlıq çərçivəsində keçirilir. Zadi Ça YARAT Mərkəzində, diaspor biliyini gerçəkliyə çevirərək, təsəvvürlərdə olan və öyrənilən Koreya folklorunu bir araya toplayır. Öz cəlbedici dünyası daxilində o, nəhəng ana tanrı Maqo (Maqohalmi) üzərində qurulmuş, Koreya əfsanələrindən ilhamlanan yaradılış hekayəsini təqdim edir. Kainatın yaradılışı zamanı məsuliyyətlərin kişi və qadın arasında bölgüsünə əsaslanan matrilineal sosial strukturlar vasitəsilə qədim əcdadlar haqqında geniş bilik və məlumatları ötürülməsini müəyyən edən, bu işdə zaman keçdikdə ilahələrin mərkəzi statusundan marginallığa doğru bir-birlərini əvəzləmələri müşahidə olunur. O, öz təcrübəsində bilinməyəni kəşf etmək üçün su və dəniz ekologiyasından metafora kimi istifadə etməklə yanaşı, Kanadanın qərb sahilində boya-başa çatdığı vətəninin mücərrəd obrazlarına da istinad edir. Rəssam çox zaman fantastik sualtı aləmini yaradaraq, bu sərgidə iriölçülü, okeanın hərtərəfli səs sisteminə malik videoproyeksiya və qatil balina sürüsünü (bu element heykəllər silsiləsində də istifadə olunur) nümayiş etdirir.