"Azərbaycanda 403 nəfər qida zəhərlənməsinə məruz qalıb, 2si ölüb"


Digərləri 09 İyl 2019 12:15:00 247 0

"Azərbaycanda 403 nəfər qida zəhərlənməsinə məruz qalıb, 2si ölüb"

Qida Təhlükəsizliyi Agentliiynin səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən 1003 nömrəli "Çağrı Mərkəzi"nə vətəndaşlar tərəfindən istehlakçı hüquqlarının pozulması və ümumilikdə 17 241 digər xarakterli müraciət daxil olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliynin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunan tədbirdə deyib.

Agentlik sədrinin sözlərinə görə, müraciətlərdən 359-u qida zəhərlənmələri ilə bağlı şikayətlər olub. Agentliyin əməkdaşları tərəfindən operativ qaydada aparılan araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən 2-si vəfat edib.

Q.Təhməzli əlavə edib ki, qida təhlükəsizliyi nəzarəti sahəsində Agentlik tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən çıxarış alınmaqla 277 planlı, 302 plandankənar (növbədənkənar) olmaqla ümumilikdə 579 yoxlama aparılıb və 390 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlardan 5-i şərti cərimə, 22-i xəbərdarlıq, 363-ü isə inzibati qaydada cərimə edilməsi barədə qəbul olunmuş və 9850 AZN-i şərti cərimə olmaqla, ümumilikdə 280100 manat cərimə tətbiq olunub.

Q.Təhməzli qeyd edib ki, Agentliyin fəaliyyət göstərdiyi 1 il ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb, fındıq məhsullarının Avropa İttifaqı tərəfindən 7 dəfə idxaldan imtina halı müşahidə edilib: "Halbuki, 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı tarixədək bu cür imtina hallarının sayı 36 idi. Aparılmış yoxlamalar nəticəsində Agentlik tərəfindən istehlak üçün yararsız 127821 kq qida məhsulu və 3620 litr spirtsiz içki məhv edilib, 96177 kq məhsul zərərsizləşdirilib və 1500 ton taxılın geri qaytarılması haqqında qərar qəbul edilib.

Agentlik sədri bildirib ki, baytarlıq nəzarəti sahəsində Agentlik tərəfindən ümumilikdə 124 yoxlama aparılıb və 54 inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlardan 8-i xəbərdarlıq, 46-sı inzibati qaydada cərimə edilməsi barədə qəbul olunub və cəmi 15500 manat cərimə tətbiq edilib.

Q.Təhməzli bildirib ki, baytarlıq nəzarəti tədbirləri nəticəsində, baytarlıq müfəttişləri tərəfindən müvafiq nöqsanların aradan qaldırılması ilə bağlı ölkə üzrə ümumilikdə, 46187.5 kq ət və ət məhsulları məhv edilib, idxal edilmiş 58200 kq məhsul isə ixracatçı ölkəyə geriyə qaytarılıb.