Bakı Ali Neft Məktəbində “Cisco” Akademiyası açılacaq


Digərləri 09 İyl 2019 10:44:00 211 0

Bakı Ali Neft Məktəbində “Cisco” Akademiyası açılacaq

Bakı Ali Neft Məktəbində (BANM) "Cisco" şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi şirkətin Ali Məktəblə birgə effektiv əməkdaşlığının qurulması və perspektivlərinin müzakirəsi olub.

Son.az xəbər verir ki, görüşdə "Cisco" şirkətinin Azərbaycan üzrə meneceri İbrahim Səidov, şirkətin ölkə üzrə İnnovasiya üzrə direktoru Ramil Eyyubov, şirkətin əsas partnyorlarından olan "AzNEXT"in baş direktoru Səməd Abbasov və şəbəkələr üzrə mütəxəssisi Emin Seyidov, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva və kafedranın professor-müəllim heyəti iştirak edib.

Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlıq qurulduğunu bildirib.

Rektor "Cisco" kimi nüfuzlu şirkət ilə əməkdaşlığı strateji maraq hesab edib. O, gələcəkdə BANM-də Cisco Şəbəkə Akademiyasının və təlim mərkəzinin açılmasının proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını şirkət nümayəndələrinin diqqətinə çatdırıb.

"Cisco" şirkətinin Azərbaycanda İnnovasiya üzrə direktoru Ramil Eyyubov bildirib ki, şirkətin əsas istiqamətlərindən biri təhsil sahəsidir və şirkətin nümayəndələri ölkədə fəaliyyət göstərən BANM kimi nüfuzlu tədris müəssisəsi ilə əməkdaşlıq qurmağa maraqlıdır.

O qeyd edib ki, gələcəkdə BANM-lə qurulmuş əməkdaşlıq nəticəsində şirkətin əməkdaşları proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələri avtomatika sahəsində peşəkar təlimçi kimi yetişdirə bilər.


Xəbərə aid fotolar