Beynəlxalq Muğam Mərkəzindən "Muğam dunyasına səyahət" adlı layihə (FOTO)


Digərləri 09 İyl 2019 03:05:00 190 0

Beynəlxalq Muğam Mərkəzindən "Muğam dunyasına səyahət" adlı layihə (FOTO)

“Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının ilk tədbiri iyul ayının 5-də Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində reallaşıb.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi olan “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının ilk tədbiri iyul ayının 5-də Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində reallaşıb. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəz və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçən tədbir qəsəbə sakinləri tərəfindən böyük marağa səbəb olub. Belə ki, layihənin ilk konserti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və belə bir ideyanın həyata keçirilməsi qəsəbə sakinləri tərəfindən alqışlanıb. Gənc və sevilən xanəndələr Hüseyn Məlikov, Gülzar Fərəcova, Sədəf Budaqovanın çıxışları gur alqış sədaları ilə müşayiət olunub. Xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramda xanəndələri tarda Saleh Salahov, kamançada Fərrux Haşımlının rəhbərliyi ilə ansambl müşayiət edirdi. Bir-birindən maraqlı çıxışlar qəsəbə sakinlərinə əsl yay istirahəti və muğamlarımızın dərin fəlsəfəsindən bəhrələnmək imkanı yaradıb. Qəsəbə ağsaqqallarının, gənclərin və müxtəlif peşə sahiblərinin tamaşaçı qismində qatıldığı konsert proqramı UNESCO mədəni irs siyahısında qorunan muğam sənətimizin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib. Məharətli ifalar və xoş atmosferdə davam edən konsert proqramının sonunda tamaşaçılar xanəndələri bir neçə dəqiqə sürəkli alqışlayaraq təşəkkürlərini bildiriblər. Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi 10 illik fəaliyyətinin yekun mövsümündə daha bir maraqlı layihə ilə musiqisevərlərin görüşünə gəldi. “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramları iyul ayından start götürərək ilin sonuna kimi davam edəcək. İsti yay günlərində ən gözəl istirahəti milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarının sədaları ilə keçirmək istəyənləri tətil boyu təşkil olunacaq muğam axşamlarına dəvət edirik. Tamaşaçıların estetik zövqünə və xoş istirahətinə müsbət təsir göstərəcək konsertlərdə tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər.