Hovuzla dəniz arasında böyük fərq var Reportaj FOTO


Digərləri 08 İyl 2019 23:55:00 240 0

Hovuzla dəniz arasında böyük fərq var  Reportaj  FOTO

Və ya hündürboy, gözəl qamətli olmaq istəyirsinizsə...

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Çəkilin, çəkilin. İndi tullanacağam". Məkana yenicə daxil olmuşdum ki, üst-başım su olmamışdan əvvəl eşitdiyim son cümlə bu oldu. Ani olaraq səsin haradan gəldiyini və nə baş verdiyini müəyyənləşdirmək üçün arxaya döndüyümdə artıq gec idi. Sanki haradansa, üstümə bir vedrə su atdılar. Əslində, hovuz başına reportaja gəlib, üst-başım su olmadan geri qayıtmaq günah olardı. Ona görə də, baş verən hadisəni gülüşlə qarşılayıb işimə davam etdim.   Son dönəmlər uşaqlar və gənclər arasında böyük maraq qazanan idman növlərindən biri də üzgüçülükdür. Bu idman növü ölkəmizdə də yavaş-yavaş inkişaf etməkdədir. Belə ki, bir müddət əvvəl sadəcə hobbi, yalnız boş zamanlarda məşğul olunacaq idman növü kimi yanaşılsa da, artıq professional şəkildə də davam etdirib, beynəlxalq arenaya çıxanlar var. Ona görə də, qərara gəldik ki, bu dəfə yolumuzu üzgüçülük dərsindən salaq və oradan reportaj hazırlayaq.   Dənizdə rahat və yaxşı üzmək üçün...   Bayaq məni isladan isə balaca boyu ilə hündürlüyü 2 metr olan hovuzda üzməkdən doymayan Əli idi. Əli o möhtəşəm tullanışı edib bir az üzdükdən sonra yanıma gəlir. Məşqçi digər uşaqlarla dərs keçdiyindən, biz də Əli ilə bir az həmsöhbət oluruq. Əlinin 9 yaşı var və 7 aydır ki, üzgüçülüyə gəlir. Üzgüçülüklə bərabər karate ilə də məşğul olur. Deyir ki, bədəninin formalaşması və dənizə gedəndə daha rahat üzmək üçün müəllim yanına gəlir. Həmçinin bunu növbəti illərdə daha professional şəkildə davam etdirməyi düşünür. Əlini dərsə nənəsi Səkinə xanım gətirmişdi. O deyir ki, nəvəsi başqa idman növü ilə də məşğul olur, amma ən çox sevdiyi üzgüçülükdür: "Üzgüçülüyə marağı böyükdür, bu dərsə böyük həvəslə gəlir. Su ilə oynamağı, suda vaxt keçirməyi sevir. Demək olar ki, üzgüçülüyün bütün növlərini bilir. Üzgüçülük həm boyuna, həm də bədənin formalaşmasına müsbət təsir göstərib".

Heç olmasa, üzgüçülüyə gətirsinlər   Üzgüçülüyün faydasından danışan müsahibim nəvəsinin keçən qış xəstələnmədiyini qeyd edir: "Bu dərsin digər bir faydası isə bədəni sağlam etməsidir. Əli hər qış xəstələnirdi, amma bu qış xəstələnmədi. Boyunda da artım hiss edirik. Mən digər valideynlərə də məsləhət görərdim ki, başqa idman növünə aparmasalar da, uşaqlarını heç olmasa, üzgüçülüyə gətirsinlər. Bu idman növü həm psixoloji, həm də fizioloji olaraq uşağın inkişafına müsbət təsir göstərir".   Yavaş-yavaş hovuz başına yaxınlaşıb dərsin gedişini izləyirəm. Məşqçi Rüstəm Şahbazovdur. Məşqçi müxtəlif əl hərəkətləri ilə uşaqlara ilkin təlimatları verir. Üzərkən ayaqlardan və əllərdən necə istifadə etmək lazım olduğunu izah edir. Eşitdiklərimdən aydın olur ki, üzgüçülüyün 4 - sərbəst, arxa, qurbağa, kəpənək növləri var. Uşaqların ən çox sevdiyi isə sərbəst növdür. İlk dərsləri olan uşaqlar əlləri ilə hovuzun qıraqlarından tutub suda ayaq hərəkətlərini öyrənirlər. Məşqçi deyir ki, ayaq hərəkətlərini bilmək vacibdir. Təzə başlayanlar mütləq qolçaqlarla suya girməlidir. Bu, onların rahat və sərbəst üzməyinə kömək edir. Müəyyən qədər öyrəndikdən sonra isə qolçaqsız üzmək olar. Dərs prosesi bitdikdən sonra məşqçi ilə həmsöhbət olub, üzgüçülüklə bağlı olan suallarımızı ünvanlayırıq.

Bəzən könüllü yox, həkim məsləhəti ilə gələnlər də olur   Rüstəm müəllim deyir ki, son dönəmlər üzgüçülüyə maraq artıb və müxtəlif yaşda olanlar gəlir: "Ən çox uşaqları gətirirlər. Uşaqları daha çox 6 yaşından qəbul edirik, amma elə istedadlı uşaqlar olur ki, 4 yaşdan da götürürük. Nə üçün 6 yaş? Çünki öyrənmək üçün ən ideal yaşdır. Yuxarı yaşda öyrənmək çətin olur. Bu yaşda üzgüçülüyə gedən uşağın inkişafı 1-ə 5 artır. Həmçinin uşağı qəbul etməmişdən əvvəl də valideynlə söhbət edirik. İlk olaraq uşağın sağlamlığı ilə maraqlanıram. Onun xlorlu suya allergiyasının, nəfəs çatışmazlığı kimi problemin olub-olmadığını öyrənirəm. Yəni hər bir məşqçi bu tip nüanslara fikir verməlidir. Bəzən könüllü yox, həkim məsləhəti ilə gələnlər də olur. Çünki üzgüçülüyün müalicəvi əhəmiyyəti də var. Xüsusilə, belində problemi olan uşaqları gətirirlər. Biz də zamanla bu problemi həll etməyə çalışırıq. Tam da olmasa, 85-90 % köməyi olur".

Xanımların 70-80%-i sudan qorxurlar   Həmsöhbətimiz deyir ki, təzə başlayan insanlarda ən böyük mane suya olan fobiyadır: "Xanımların 70-80%-i sudan qorxur. Özləri üçün psixoloji travma halına gətirirlər. Sudan qorxmaq lazım deyil. Əksinə, "qorxuram" sözünü nə qədər çox istifadə etsələr, öyrənmələrinə bir o qədər əngəl olacaq. Əgər insan hovuza girməmişdən əvvəl bunu bacaracağına özünü inandırsa, qalan işlər müəllimdən asılıdır".    Bu məqamda bir sual yaranır ki, üzgüçülük müəllimi necə biri olmalıdır, uşağı necə öyrətməlidir? R.Şahbazov deyir ki, üzgüçülük müəllimi üzməkdən əvvəl, psixologiyanı yaxşı bilməlidir: "Yəni uşaqla uşaq, böyüklə böyük kimi. Xanımlarla da zərif rəftar etməlidir. Azyaşlı tələbələrim məni müəllim yox, dost kimi qəbul edirlər. Bir az da tibbi sahədən xəbərdar olmaq lazımdır".


Xəbərə aid fotolar