Miopiyanın yaranması əsasən irsi faktorlardan asılıdır


Digərləri 08 İyl 2019 21:54:00 245 0

Miopiyanın yaranması əsasən irsi faktorlardan asılıdır

Miopiya gözün qırıcılığının pozulması nəticəsində baş verir, yəni xəstə uzağı pis, yaxını yaxşı görür. Göz standarta görə normadan daha uzunsov olduğu üçün buynuz qişa və büllurdakı qırıcılıq yetərsiz qalır və görmə mərkəzinə tam işıq düşmür. Görüntü ön tərəfə düşdüyü üçün xəstənin uzaqgörməsi pozulur, yaxıngörməsi düzəlir. Miopiya sadə, orta və yüksəkdərəcəli olur. Bölgüyə əsasən, 3 dioptriyaya qədər sadə, 3-6 arası orta, 6-dan yuxarı olanlar yüksəkdərəcəli miopiya hesab edilir. Miopiya zamanı əsasən eynək və kontakt linzalardan istifadə olunur. Xəstə onların heç birindən istifadə etməyə də bilər. Ekzimer lazerlə eynəkdən azad olmaq mümkündür.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanası oftalmologiya şöbəsinin müdiri Elşən İbrahimov məlumat verib.

Mütəxəssis bildirib ki, miopiyanın əməliyyat edilməsi üçün müəyyən şərtlər var: "Gözdibi sinir təbəqəsində daha çox incəlmələr olur. İncəlmələr olan təbəqədə dəliklər açılır. Dəliklərdən həmin təbəqənin altına maye dolarsa, təbəqə qopur və korluğa səbəb olur. Ona görə də hər altı aydan bir xəstə müşahidə altında saxlanılır, göz dibindəki sinir təbəqəsi müayinə edilir. Hansısa dəyişiklik olarsa, ciddi fəsadların olmaması üçün onu vaxtında lazerlə möhkəmləndirmək lazımdır. Problem olmadığı təqdirdə gözün qırıcılığını tənzimləmək üçün buynuz qişanın qalınlığı ölçülür. Buynuz qişanın qalınlığı xəstənin gözündəki dioptriyaya uyğundursa, o zaman əməliyyat aparmaq olar. Müəyyən hallarda miopiyanın geri qayıtması mümkündür.

Xəstəliyin yaranmasına əsasən irsi faktorlar təsir göstərir. Lakin gözün quruluşu ilə əlaqədar də miopiya yarana bilər. Gözün arxa divarında problemlər yaranarsa, süni miopiyalar yaranması mümkündür. Lakin hər hansı bir travma miopiyaya səbəb olmur. Gözün buynuz qişasında problemlər yaranması nəticəsində astiqmatizm əmələ gəlir. Bununla yanaşı, miopiya ilə doğulan uşaqlar da ola bilər. Həmçinin telefona, planşetə və televizora yaxın məsafədən baxılması miopiyaya meyillilik yaradır".