Deputat: "Ümumdünya İrs Komitəsinin 43cü sessiyası xalqımızın zəngin mədəni irsinin qorunmasına öz töhfəsini verəcək"


Siyasət 08 İyl 2019 20:21:00 246 0

Deputat: "Ümumdünya İrs Komitəsinin 43cü sessiyası xalqımızın zəngin mədəni irsinin qorunmasına öz töhfəsini verəcək"

Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilən, zəngin tarixə və mədəniyyətə malik Azərbaycan bir neçə gündür ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edir. Bu dəfə ölkəmiz ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirməklə dünya ictimaiyyətinə sülh, əmin-amanlıq çağırışları səsləndirilməsinə, elm, təhsil və mədəniyyət sahələrində yeni əməkdaşlıq körpülərinin salınmasına vasitəçi olub. Qarşılıqlı inam və etimada söykənən Azərbaycan - UNESCO əməkdaşlığı nəticəsində ölkəmiz, həmçinin milli-mənəvi dəyərlərinin, tarixi-mədəni mirasının qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsinə də dəstək verir.

Son.az xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı, tarix üzrə fəlsəfə doktoru Pərvin Kərimzadə deyib.

Deputatın sözlərinə görə, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası iştirakçı ölkələrə həm də bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradıb:

"Sessiyanda iştirak edən mötəbər qonaqlar da iclasların tribunasından Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğunu səsləndirib, multikultural sahədə təcrübəsinin digər dövlətlərə nümunə olduğunu qeyd ediblər. Bütün bunlar sülhün, dayanıqlı inkişafın, qlobal və regional sabitliyin ölkəmizin əsas hədəflərindən olduğunu bir daha təsdiqləyir. Azərbaycan dövləti milli mədəniyyətimizin, tarixi irsimizin nadir incilərini qoruyub saxlayaraq dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl və sistemli siyasət aparıb. Bu siyasətin nəticəsi olaraq Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına salındı. Təsadüfi deyil ki, tarixən beynəlxalq karvan-ticarət yolları üzərində yerləşən Azərbaycan, xüsusən də onun unikal təbii gözəlliklərə və tarixi-mədəni xüsusiyyətlərə malik qədim ipəkçilik mərkəzi olan Şəki şəhəri mədəni müxtəlifliyin yaradılmasına, qorunub saxlanmasına və bəşəri sivilizasiyanın inkişafına öz töhfəsini verib. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi isə minillərlə bu coğrafiyada yaşayan, etnik milli xüsusiyyətlər çərçivəsində özlərinin yaradıcılıq və sənətkarlıq qabiliyyətlərini yaradan və inkişaf etdirən, dünyanın həm mənəvi, həm də maddi irsinə bənzərsiz nailiyyətlər bəxş etmiş bu diyarın sakinlərinə verilmiş ali qiymətdir".

P.Kərimzadə vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub, milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də yaxından iştirak edib:

"2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən-bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik olan belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva sessiyanın açılışında çıxış edərək, ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu, ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını xüsusilə qeyd edib.

Azərbaycan-UNESCO münasibətlərinin inkişaf etdirilməsi sahəsində UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban Əliyevanın uğurlu fəaliyyəti nəticəsində İçərişəhər, Qız qalası, Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, Novruz ənələrimiz, aşıq, misgərlik kəlağayı və xalça sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunub. Həmçinin, bir çox tədbirlər UNESCO çərçivəsində qeyd edilib. Bütün bunlar Azərbaycan - UNESCO əlaqələrinin yüksələn xətlə inkişafda olduğunu göstərir".

Deputat əlavə edib ki, Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Heydər Əliyev Fondu və UNESCO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər də yüksək səviyyədə həyata keçirilir:

"UNESCO-nun sabiq baş direktoru İrina Bokovanın Mehriban xanım Əliyeva haqqında söylədiyi "Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız" sözləri isə UNESCO-nun Xoşməramlı səfirinin bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə verilən qiymətdir. Bu il ölkəmizdə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası da xalqımızın zəngin mədəni irsinin qorunmasına, ölkəmizdə mədəni və turizm imkanlarının təşviq olunmasına öz töhfəsini verəcək".