Abbas Lisani 8 il azadlıqdan məhrum edildi,


Dünya 08 İyl 2019 19:10:00 305 0

Abbas Lisani 8 il azadlıqdan məhrum edildi,

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib.

Son.az "GünAZ TV"yə istinadən xəbər verir ki, hökm Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən iyulun 8-də fəalın vəkilinə elan olunub. Hökmə əsasən o, 8 il həbs və ailəsi ilə birlikdə 2 il Yəzd şəhərinə sürgünə məhkum olunub.

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxıb. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olub. O təxminən 6 aydır ki, Ərdəbil zindanında saxlanılır.

Ərdəbil prokurorunun müavini hazırladığı iddianamədə fəala qarşı əsası olmayan "Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək", "milli təhlükəsizliyə qarşı cəhd göstərmək", "qanunsuz qrup yaratmaq" və "sistemin əleyhinə təbliğat aparmaq" kimi ağır ittihamlar irəli sürüb.

Abbas Lisani məhkəmədə irəli sürülən bütün ittihamları rədd edərək bu prosesi Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin davamı olduğunu bildirib. 

İttihamların qondarma olduğuna Güney Azərbaycan Milli Hərəkatının fəalları da müxtəlif formalarda etiraz bildirib.

Tanınmış fəalın sonuncu məhkəmə iclası iyunun 27-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib. Fəal proses zamanı hakimə xitabən bildirib ki, hər kəs mənə qarşı irəli sürülmüş ittihamların əsassız və yalan olduğunu bildiyindən, ümid edirəm ki, məhkəmə orqanları bu cinayət işində həssasiyyəti və müstəqilliyini qorumağın zəruri olduğunu anlayır.