Şəki haqqında Bakı qərarı


Digərləri 08 İyl 2019 17:37:00 234 0

Şəki haqqında Bakı qərarı

Son.az Əkbər Qoşalının yazısını təqdim edir:

Şəki ilə, daha doğrusu Şəki adı ilə tanışlığım Sovet dövrünə - uşaqlıq illərinə təsadüf edir. Dayımqızı müəyyən simsarlıqlara dayanaraq, Şəki Pedoqoji Texnikumuna daxil olmuşdu; bu vəsilə ilə Şəki adı evdə-eşikdə, qohum-əqraba arasında, kənddə-kəsəkdə intensiv şəkildə işlənməyə başlamışdı: "dayımgil Şəkiyə getdi"; "dayımgil Şəkidən gəldi"; "Şəki Xan Sarayında şəkil çəkdiriblər"; "Şəki halvası gətiriblər", "Şəkidən qonaq var" və s. və i.. Yay aylarında dayımgilin Şəkidən çoxlu qonaqları olardı; qonaqlar biz tərəflərçün çox qəribə təsir bağışlayan, ekzotika deyə biləcəyimiz şirin ləhcə ilə danışır... sanki yalnız başqa rayondan deyil, başqa ölkədən gəlmiş kimi bir təsir bağışlayırdılar. Amma bu başqalıq, bu qəribəlik özlüyündə BAŞQA BİR DOĞMALIQ, BAŞQA BİR QƏRİBƏLİKDİ - əziziydi, xoşuydu...  

Sonralar gözəl duyğular qohumluqlara çevdildi; Şəkidə ilk təhsil alan Qoşalı (bəlkə də, ümumən Tovuzlu) olan dayımqızı Səkinə taleyini Şəkili ilə ömürlük bağlayıb, Bakıya köçdü; bundan illər sonra bir Şəkili qızı o biri dayımın oğlu ilə evləndi, onlar da Bakıya köçdü. Beləcə, Tovuz-Şəki, Şəki-Tovuz marşurutları gəlib-gəlib Bakıda yeni məzmun, yeni ünvan qazandı...

Bakı Bakıdır. Bugünlərdə Bakıda Şəki ünvanlı önəmli hadisə baş verdi. Yalnız Şəkililər, Şəkililərlə qohum olanlar üçün deyil, ümumən Azərbaycanımız üçün, xalqımız, mədəniyyətimiz, mədəni irsimiz üçün dərin anlam daşıyan bu hadisə Şəkini yenidən Tovuzlu, Lerikli, Naxşıvanlı, Qubalı, Şuşalı, Astaralı... Bərdəli, Siyəzənli... hamının, hamının dilinə, könlünə saldı. Düşərli olsun!

Bəli, Bakıda  UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü ses­siya­sın keçirilirdi. Ses­siyada "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümum­dünya İrs Siyahısına daxil edildi! - 07 iyul 2019-cu il tarixi mədəniyyət tariximizə qızıl hərflərlə yazıldı!

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edən Azərbaycan Pezidenti öz duyğularını bu sözlərlə ifadə edib:

"Hörmətli həmvətənlər!

Bu gün Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır.

Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqa­mə­tində çoxsaylı layihələr həyata keçirilmişdir. Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əmək­daşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, "İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

Əziz həmvətənlər!

Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.

UNESKO tərəfindən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi"nin Ümumdünya İrsi elan edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm."

Bu önəmli hadisə münasibəti ilə xalqımıza ikinci təbrik I vitse-prezident, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevadan gəldi:  

"Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin tək­rar­olunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm!"

Əziz dostlar, bilənlər bilir, bilməyənlər üçün xatırladaq ki,

UNESKO (UNESCO - United Nations Educational, Scientific and Cultural Organization) -BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olub, (mərkəzi qərargahı Parisdə yerləşməklə) 16 noyabr 1945-ci ildən fəaliyyət göstərir.

Qurumun əsas məqsədi - irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların işbirliyini genişləndirmək yolu ilə sülhün və təhlü­kə­sizliyin möhkəmlənməsinə kömək etməkdir.

1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilib.

UNESKO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, üzv dövlətlərdə qurulan Milli Komissiyalar vasitəsilə gerçəkləşdirməyə çalışır.

UNESKO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin qorunmasıdır. UNESKO hazırda sənətçilərin, alimlərin qurduğu təşkilatları dəstəkləyərək, elmin və müxtəlif mədəniyyətlərin yayılmasına kömək göstərir.