BŞBPİ əhaliyə müraciət etdi: Binaların fasadlarında paltar qurutma ənənəsinə son qoyun


Digərləri 08 İyl 2019 17:20:00 185 0

BŞBPİ əhaliyə müraciət etdi: Binaların fasadlarında paltar qurutma ənənəsinə son qoyun

Bakı şəhər Baş Polis İdarəsi əhaliyə müraciət edib.

Bakı. Samir Əli - Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) əhaliyə müraciət edib. Trend-in məlumatına görə, müraciətdə deyilir: "İnkişaf tempinə uyğun olaraq paytaxtda həyata keçirilən layihələr uğurla icra olunur. Paytaxt müasirlik və estetik gözəlliyinə görə dünyanın ən məşhur şəhərləri sırasında olduğunu nəzərə alaraq hər bir şəhər sakini ətraf mühitin ümumi görkəminə töhfə verməlidir. Nədir bu töhfələr, kimdən daha çox asılıdır? Bu, hər birimizdən asılıdır. Antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti qayğılandırır. Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayırı-ayırı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin mühafizəsi, piyada səkilərinin zəbt olunması məsələsi önə çəkilir. Vətəndaş müraciətlərini nəzərə alaraq, paytaxt sakinlərindən xahiş olunur ki, piyada səkilərini təyinatı üzrə istifadə etməklə, dayanma-durma qaydalarının tələblərinə əməl etsinlər, avtomobilləri piyada səkilərində saxlamasınlar, şəhərin təmizliyinə həssas yanaşsınlar, binaların fasadlarında paltar qurutma ənənəsinə son qoysunlar.