Xalq Bankdan beynəlxalq ticarətin əlverişli maliyyələşdirilməsi


Digərləri 08 İyl 2019 16:10:05 221 0

Xalq Bankdan beynəlxalq ticarətin əlverişli maliyyələşdirilməsi

Təkcə kökündə olan “kredit” hissəsindən anlamaq olar ki, “Akkreditiv” bank sahəsinə aid olan bir məhsuldur.

Bakı. Təkcə kökündə olan “kredit” hissəsindən anlamaq olar ki, “Akkreditiv” bank sahəsinə aid olan bir məhsuldur. Amma nəinki sıravi istehlakçılar, heç maliyyə sahəsində çalışan mütəxəssislər belə akkreditiv haqda hər kəs üçün anlaşılan tərzdə məlumat verə bilmirlər. Baxmayaraq ki, ölkədə fəaliyyət göstərən bütün bankların arsenalında bu məhsul var. Bank saytlarına nəzər yetirdikdə, akkreditiv bir-iki quru cümlə ilə ifadə olunur. Axı nədir bu akkreditiv? Kimə lazımdır? Ondan necə istifadə edirlər? Akkreditiv əslində olduqca vacib və əlverişli məhsuldur. Təsadüfi deyil ki, akkreditiv haqqında ən “ədalətli bank məhsulu” reputasiyası formalaşıb. Məhz akkreditiv əməliyyatda iştirak edən bütün tərəflərin maraqlarını təmin edir. Alıcı satıcının öhdəliklərinin tam olaraq yerinə yetirməsi, satıcı hesablaşmaların təhlükəsizliyi və ödəniş zəmanətindən arxayındır, bank isə komissiya və faiz gəlirləri hesabına qazanır. Beləliklə, hamı məmnundur! Düzgün yanaşdıqda akkreditiv idxal və ixrac əməliyyatları zamanı ən rahat və əlverişli bank məhsuludur. Akkreditiv haqda Wikipediyadan yox, necə deyərlər, birinci əldən daha ətraflı və dolğun məlumat almaq üçün ölkənin ən böyük özəl banklarından biri - Xalq Bankın İdarə Heyətinin üzvü, Hesablaşmalar idarəsinin rəisi Nazim İbrahimova müraciət etdik. Qeyd edək ki, İbrahimov Nazim Aydın oğlu Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin məzunudur. Bundan əlavə, o, Oksford Universitenin Said Biznes məktəbinin Strateji maliyyə üzrə EMBA kursunu keçmişdir. Bank sahəsində 15 ildən artıq iş təcrübəsi var. Nazim bəy, beynəlxalq ticarət və beynəlxalq ticarətin bankla təmas nöqtələri haqqında danışmaq istərdik. Beynəlxalq ticarət xarici iqtisadi münasibətlərin ən oturuşmuş və inkişaf etmiş formalarından biridir. Hazırda dünya dövlətləri arasında bütün iqtisadi münasibətlərin 85%-i beynəlxalq ticarətin üzərinə düşür və hər bir iş adamı bu nəhəng sistemdən öz payını götürmək istəyir. Təbii ki, bankların iştirakı olmadan bu proseslərin həyata keçməsi müşkül olar. Növündən asılı olmayaraq bütün ticari əməliyyatlar banklar vasitəsilə xidmət olunur. Əsasən hansı ödəniş növündən istifadə olunur? Beynəlxalq ticarətdə ən geniş istifadə olunan hesablaşma növləri avans ödənişi və açıq hesab üzrə ödənişdir. Avans ödənişi malın dəyərini onun çatdırılmasından əvvəl satıcıya ödənilməsini nəzərdə tutur. Bu ödəniş növü satıcı üçün son dərəcə əlverişli olduğu qədər, alıcı üçün risklidir. Bu halda alıcı artıq dəyərini ödədiyi malı almamaq təhlükəsi ilə qarşılaşır. Yaxud malın keyfiyyət və kəmiyyətinin uyğun gəlməmə riskləri var. Digər üsul isə açıq hesabla ödənişdir, onu fakt üzrə ödəniş də adlandırırlar -bu, malın alıcıya çatdırılmasından sonra ödənişin yerinə yetirilməsini nəzərdə tutur. Bu cür əməliyyat zamanı alıcı üstün vəziyyətdədir – o, öncədən vəsait ödəmir və mal çatdırıldıqdan sonra, fakt üzrə, ödənişi həyata keçirir. Açıq hesab satıcı üçün müəyyən risklər yaradır. Sadaladığım bu ödəniş formaları üstünlüyü və riskləri tərəflər arasında qeyri-bərabər bölür.Burada faktiki olaraq bir tərəf digər tərəfi kreditləşdirir. Avans ödəniş zamanı alıcı satıcını, açıq hesab üzrə ödəniş zamanı satıcı alıcını kreditləşdirir. Belə şərtlər tərəflər arasında möhkəm etimad və böyük maliyyə resursları nəzərdə tutur.