Bakıda qürur qərarı: Şəki


Siyasət 08 İyl 2019 14:40:00 253 0

Bakıda qürur qərarı: Şəki

Xalq insanını və tarixini unutmayanda millət olur. Millət insanının qurduğuna etinasız qalanda, tarixini biganəlik tapdağında məhv edəndə parçalanır, vətənini itirir, cəlayi-yurd olur və əvvəl qonşuluqda, sonra da uzaqlardakı ölkələrə səpələnib yurdsuz, vətənsiz insanlar toplusuna çevrilir.

Tarixini unudub dilini və sözunu qorumaqla işini bitmiş sayan, yaddaşını hivz etdiyini düşünərək yad daşları öz daşından üstün tutan nə qədər xalq var indi dünyada - sayıbsınızmı?

Bizsə heç kimi unutmamışıq, heç nəyi də axirətəcən yaddan çıxarası deyilik. Binayi-qədimdən Nuxa xanlarının yaşadıqları, sonra Şəki Xan Sarayı kimi tanınan bina nəhəng memarlıq kompleksi deyil.

Amma onu nəhəngləşdirən millət və o millətin sevimli insanları var.

.... Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 7-də işini nominasiyaların təqdimatı ilə davam etdirir.

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilib.

Qurumun təqdimatı ilə Şəkidəki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin dünya mədəni irsi sayılması barədə təklifin müzakirəsi olub.

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının hesabatı da Azərbaycana dəstək idi.

Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılıb.

Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıb.

Azərbaycanın nümayəndəsi çıxış edərək bildirib ki, nominasiya altı ildir yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib və əraziyə dəvət olunub. ICOMOS-un tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görülüb. Yeni idarəetmə strukturu formalaşdırılıb və bir sıra qərarlar qəbul olunub.

Müzakirədə ilk çıxış edən Küveyt nümayəndə heyəti ICOMOS-un iki il əvvəl qəbul etdiyi qərara toxunaraq bildirdi ki, ötən müddətdə Azərbaycan Prezidentinin bununla bağlı sərəncamı olub, xeyli işlər görülüb. Bəhreyn Azərbaycanın mədəni irsinə bağlılığının nəzərə alınmasını qeyd etdi. Braziliya Şəkinin siyahıya salınması ilə əlaqədar detallar barədə üzv dövlətin çıxışını dinləməyi xahiş etdi.

İndoneziya, Tunis Şəki şəhərinin siyahıya daxil edilməsini təklif etdi. Bosniya, Uqanda, Anqola nümayəndələri də Şəki Xan sarayı və Şəki şəhərinin qədim hissəsinin siyahıya daxil edilməsini məqbul hesab etdi. Norveç Azərbaycanın mədəni irsə bağlılığını yüksək qiymətləndirdi. Zimbabve, Burkina Faso, İspaniya, Qvatemala, Avstraliya nominasiyanın müsbət həllini təklif etdi.

Müzakirələrdən sonra "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiya UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Görülən bu işlər nəticəsində Azərbaycanın Dünya İrs Siyahısına daxil edilən abidələrinin sayı artmaqdadır. Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Əlbəttə ki bu, ölkəmizin böyük uğurudur.

Xan sarayı ilə birgə Şəki şəhərinin tarixi hissəsinin UNESCO-nun Dünya İrs Siyahısına salınması münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına təbriki çox əlamətdardır. Təbrikdə qeyd edilib ki, Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Unikal abidələrlə zəngin olan Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılıb. Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab edilir.

Birinci vitse-prezident Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir:

"Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!"

Azərbaycandan bu siyahıya Bakı şəhərinin tarixi incisi olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu daxil edilib. Bundan əlavə, müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə 22, o cümlədən 5 təbii və 17 mədəni abidə daxil edilib. Bütün bunlar Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrin beynəlxalq miqyasda bir daha etirafıdır. Bu, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi növbəti uğurdur. Azərbaycanla UNESCO arasındakı əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf edərək belə yüksək səviyyəyə çatdırılması və bu əməkdaşlığın davam etdirilməsi imkan verəcək ki, xalqımıza məxsus, böyük əhəmiyyət daşıyan digər tarixi, maddi və mədəniyyət abidələrinin də UNESCO-nun Dünya Mədəniyyət Mirasları Siyahısına salınması məqsədi ilə aparılan işlər uğurla nəticələnsin.

... Şəki Xan Sarayının və Şəkinin mərkəzinin UNESCO-nun Mədəni İrs Siyaszısına salınmasının sakral, ötə mənası da var. Nuxa xanı Hacı Çələbi Azərbaycanın müstəmləkə zülmündən qurtulması və azadlığı uğrunda ən rəşadətli, qətiyyətli və mərd mübarizlərdən biri olmuşdu.

O, azərbaycançılıq ideyasının ilk daşıyıcılarından biri idi. Bəlkə də tarixi ədalət budur: canını və ruhunu müstəqillik, millilik uğrunda qurban deyənin şəhəri bütün dünyanın mədəniyyət dediyi və irs saydığı abidələri sırasında yer alır.

Əsrlər sonra Çələbinin arzusu çin oldu. Şəki Azərbaycanın milli varlığının təcəssümlərindən biri təki dünyanın qürur duyaraq qorumağa başladığı irs sayıldı.

Azərbaycanın siqlətinin daha bir nümayişi, milli və dövlət itentikliyinin bəyanı oldu bu qərar.

Rəsmi Bakı bir daha sübut etdi ki, dəyərlərinə sahibdir və dəyərləndirdiyi irsin qorunmasında gərəkli bütün addımları atır.

Şəki Xan Sarayı da milli mənliyin, tarixin və mənəviliyin dərk obyektlərindən olduğundan Azərbaycan simvollarından birini dünyaya tanıtmaqdan qürur duydu.

Keçmişinə sayğı bəsləyən millətin tarixi yaddaşını kimsə silə bilməz və bu baxımdan Azərbaycan memarlığının ecazkar, parlaq kəhkəşanında sadəcə, bir ulduz olan Şəki Xan Sarayı layiq olduğu yerdədir indi.

UNESCO-da bu qərarın qəbulu asan deyildi. Ermənilər tütək, gəbə, kilim, balaban, lavaş, xalça, sonra da Qarabağ atları barədə "bizimdir, irsimizdir" desələr də, xalqımızın mənəvi kodlarına çevrilən nəsnələri məhz Mehriban Əliyeva UNESCO-da qorudu, hifz etdi. O, bəşər övladının qəlbinə yol açan dəyərləri qorumaqdan, mədəniyyətimizin ruh səsi olan muğamdan tutmuş, yaddaşların daşlara çevrilərək məğrurluq qalasına döndərdiyi İçərişəhərədək bizi biz edənlərə gətirən şüur karvanının dərk yolçularına hamilik etdi.

Dünyanı yaşadan mədəniyyət, insanı var edən məruf olmaqdır. Şəki Xan Sarayı barədə qərar Azərbaycan üçün, sadəcə, mədəniyyət olayı deyil.

UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan abidələrinin sayını artıran Azərbaycan multikultural, tolerant, insanının və tarixinin qədrini bilən, inkişafda olan, fəqət irəlidədikcə geridə yaddaşını unutmayan ölkə olduğunu göstərdi.

Bu, geoosiyasətdə "yumşaq gücün mədəniyyət rıçaqı" adlandırılır və inkişaf etmiş ölkələrin strateji diplomatiyasının ən mühüm ünsürləri arasında yer alır.

İnkişaf etməkdə olan ölkələrçünsə bəhs etdiyimiz siyahı turizm, daxili investisiyalar, xarici sərmayə, kredit reytinqinin artımı və dünyada stabil ölkə təki tanınmaq deməkdir.

Radikalizm, separtizm, diktatura olan ölkələrdə mədəni irs dağıdılır, məhv edilir.

İrs sülh, inkişaf və tərəqqi tərəfdaşıdır.

Azərbaycan təki.

Elçin Alıoğlu Son.az