9 yaşından dayıları və anasının sevgililəri tərəfindən zorlanan, 1 kəlməsi ilə dünya nizamını dəyişən qadın DƏHŞƏTLİ FAKTLAR FOTO


Digərləri 08 İyl 2019 07:35:00 283 0

9 yaşından dayıları və anasının sevgililəri tərəfindən zorlanan, 1 kəlməsi ilə dünya nizamını dəyişən qadın  DƏHŞƏTLİ FAKTLAR  FOTO

"Mən Opra Uinfriyəm..."

Uşaqlıq illərimin əsas xatirələri məni tez-tez döyən nənəmlə və səfil həyatımızla bağlıdır.

O, "İncil" qəhrəmanlarından biri olan Orfanın adını daşımalı idi. Amma doğumu qəbul edən həkim körpəni qeydə alarkən hərflərin yerini dəyişik yazır. Elə o vaxtdan Orfa dönüb Opra olur. Əsmər kraliça bu faktı təkzib edir. Dediyinə görə, Opra həm dilə yatımlı, həm də nadir addır.

Son.az bildirir ki, anası dünya televiziya məkanının ikonası Opranı dünyaya gətirəndə cəmi 15 yaşı vardı. Atası isə həmin vaxtlar doğma şəhərindən çox uzaqlarda hərbi qulluqda idi. Valideynləri rəsmən evli deyildilər. Qızı doğulandan bir az sonra ana başqa şəhərə gedib xadimə işləməyə başlayır. Körpəni nənəsi böyüdür. Hətta Opranın 3 yaşı tamam olanda oxuyub-yazmaq öyrədir. Opra illər sonra etiraf edəcəkdi ki, onun tək anası nənəsi olub. Amma tale ana anlayışını da Opranın çarəsiz başına çırpmışdı. Ömrünün ilk 6 ilini kəndin kar sükunətində keçirən qızcığaz çox sərt tərbiyə alır. Sözə baxmayanda isə nənəsi ona şiddət tətbiq edirdi.

6 yaşı tamam olanda anası itmiş duyğularını tapıb Opranı özü ilə Miluoki gettosuna aparır. Ömür kitabının bu səhifələrini Opra ağrı-acı ilə xatırlayır. İçindəki boşluğu doldurmaq üçün elə o yaşdan şeir yazmağa başlayır. 8 yaşı tamam olanda atası qızını onunla birgə yaşamağa çağırır. Opra anasından pul oğurlayıb atasının yanına qaçır, amma bir ildən artıq tab gətirə bilməyib yenidən anasının yanına qayıdır.

Hələ 9 yaşımda dayımoğlu məni zorlayıb, bir dondurma ilə günahını yumağa çalışdı.

Opranın uşaqlığı ilə çoxumuzun bütün həyatını əzab tərəzisinə qoysaq, o məsumiyyətin çəkisi daha ağır gələcək. Hələ 9 yaşında ikən dayısı oğlu onu zorlayır. Bir yandan da kasıblıq, təhqirlər onun ruhunu incidir. Opranın məsumiyyətini öldürən qatil onu cəmi bir dondurma ilə susdurmağa çalışır.

Bundan sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı. Hər gün atam yaşında kişilərin cinsi istismarına məruz qalırdım.

Getto milli azlıqların yaşadığı şəhərkənarı bölgələrə deyilir. Miluoki gettosunda da qaradərililər yaşayırdı. Burada yaşayan qadınların vəziyyəti çox acınacaqlı idi. Bəzən onlarla kişinin cinsi istismarına məruz qalırdılar. Anası nə sevgisi, nə də davranışları ilə Opraya gözəl örnək olacaq insan deyildi. Yatağına girən kişilərin sayını unutmuşdu. Evdə yetişən qızı görən azğın kişilər, hətta Opranın dayıları onu zorlayır, sinirlərini tarıma çəkirdilər. 13 yaşına qədər bu acılara dözən Opra məktəbdən də, anasının yanından da qaçır. Qəddar ana qızından imtina edir. Opranı çətin tərbiyə olunan yeniyetmələrin sığınacağına gətirirlər. Amma atası qızını orada çarəsiz qoymayıb öz yanına gətirir.

14 yaşım olanda, hamilə olduğumu öyrəndim. Dünyaya gələn övladım tələf oldu. O gündən etibarən, həyat məni ana olmaq həzzindən məhrum etdi.

14 yaşında hamilə qalıb övlad dünyaya gətirir. Opranın ilk və son beşiyinin taleyi məzarda yazılır. Ondan sonra bir daha ana ola bilmir. Hətta deyir ki, tanrı mənə ana olmaq həzzini çox gördü. Atası Opranı yenidən təhsilə yönəldir. O, həmçinin natiqlik sənəti ilə məşğul olur, müsabiqələrə qatılırdı. Atasının ciddi nəzarəti sayəsində Opra özünü, gələcəyini tapır. Qısa müddətdə məktəbin ulduzuna çevrilir. Dram dərnəklərinin əvəzsiz üzvü olur.

16 yaşında Tennesi Universitetinin ictimaiyyətlə əlaqələr fakültəsinə daxil olur. Peşə seçimi gələcək karyerasında çox dadına çatacaqdı...

Yəqin ki, çoxu mənim aldığım zərbələrə tab gətirməyib, əzilərdi. Lakin mən əzilmədim, yıxılmadım, mübarizə aparıb, qalib gəldim.

Opranın televiziya karyerası 1971-ci ildən start götürür. Hətta bir müddət CBS kanalında ikinci dərəcəli xəbərlər aparıcısı kimi çalışmağa başlayır. Telekanalın ilk qaradərili aparıcısı Opra olduqca sentimental, həssas təbiətə malik idi. Zəlzələ, ölüm xəbərləri səsləndirəndə dodağı əsir, ürəyi döyünürdü. Həddən artıq incə qəlbli gənc qadın, kanal rəhbərliyini qane etmir və işdən qovulur.

Amma Opra taleyini televiziya ilə bağlamaq fikrindən bir an da olsa, vaz keçmirdi. 1976-cı ildə yenidən karyerasına davam etməyə qərar verir. Öncə xəbərlər, sonra isə səhər verilişinin aparıcısı olur. Qısa zamanda proqramın reytinqi kəllə çarxa qalxır.

İllər keçir, Opra pillə-pillə şöhrətə yaxınlaşırdı.

1985-ci ildə Uinfri özünü akrtisa kimi sınamaq qərarına gəlir. Oskar və Qızıl Qlobus mükafatlarına layiq görülür.

Fərqi yoxdur, sən kimsən, haradan gəlmisən. Əgər savaşa hazırsansa, mütləq qalib gələcəksən.

Əsmər gözəlin həyatını kökündən dəyişən əsas vulkan "Opra Uinfrinin şousu" olur. Bu layihə onu nəinki dünyanın ən məşhur qaradərili aparıcısına, eləcə də ən varlı qadın aparıcısına çevirdi. Opranın şousu 138 şəhərdə canlı yayımlanırdı. İlk iki il ərzində şou 125 milyon dollar gəlir gətirdi. 1993-cü ildə Opranın verilişi ölkənin ən çox baxılan şousuna çevrildi və 64 dövlətdə yayımlanmağa başladı.

Verilişin qonaqları adətən biznesmenlər, aktyorlar, musiqiçilər və digər peşələrin məşhur simaları olurdu. Layihənin nə az, nə çox 5 min bölümü çəkilir. Şounun ən məşhur bölümü pop kral Maykl Ceksonla müsahibə olur. Müsahibəni tək Amerikada 85 milyon tamaşaçı izləyir. Maykl həyatında ilk dəfə Opraya atasının uşaq ikən ona etdiyi zülmlərdən danışır. Yadda qalan bölümlər arasında Tom Kruzun dəli etiraflar etdiyi müsahibə də var.

Opranın verilişinin maraqlı məqamlarından biri də məşhurlardan master klass adlı süjet idi. Bu layihədə qonaq olan minlərlə ulduz uğurlarının sirlərini publika ilə bölüşürdü.

Unutmayın - Biz olduğumuz kimi qalaraq, olmaq istədiyimiz insana çevrilə bilmərik!

2011-ci ildə Opra şan-şöhrətini riskə atıb "özünün "OWN" kanalını yaradır. Bu gün Opranın öz jurnalı, restoranı və xeyriyyə işləri ilə məşğul olan fondu var. Onunla ünsiyyətdə olan, tanıyan və sevən hər kəs deyir ki, bu qadının qarşısındakını tamlıqla duymaq bacarığı var. Onun ən böyük özəlliyi odur ki, duyğularını və həddini aşan həssaslığını gizlətməyə cəhd etmir. Əksinə, onu Opra edən də elə budur.

Opra 20 ildən çoxdur ki, Stedman Qrehemlə vətəndaş nikahında yaşayır. Amma təəssüf ki, o bədbəxt hadisədən sonra övladı olmur.

Bir müddət əvvəl KİV-də sensasion xəbər yayılır. Guya Opranın Kalvin adlı oğlu var. Əsmər kraliça bütün şayiələri rədd edərək, Kalvinə uşaqlıqdan maddi yardım göstərdiyini bildirir.

O, özünü nəinki Kalvinin, əsasını qoyduğu qız məktəbindəki qızların da mənəvi anası hesab edir. Həmçinin təqaüdə çıxandan sonra universitetdə evdarlıqdan dərs verib yenə qızların yanında olmaq arzusundadır. Opranın instaqram səhifəsinin izləyiciləri ölkəmizdəki vətəndaşların sayına bərabərdir.


Xəbərə aid fotolar