“Gördüm artıqəskik hərəkətlər edir, İsrafilə zəng vurdum ki…”


Digərləri 07 İyl 2019 23:14:00 217 0

“Gördüm artıqəskik hərəkətlər edir, İsrafilə zəng vurdum ki…”

Hakim önünə çıxarılan, ağır ittihamlarla təqsirləndirilənlərin beşi də gəncdir. Onların arasında hətta üçqat dünya çempionu da var. Dostlar 23 yaşlı Muxtarın əl-qolunu bağlayıb, evdə köməksiz vəziyyətdə qoyaraq, Gürcüstana istirahətə gediblər. Amma dincəlmək qismət olmayıb, çətinliklə əl-qolunu açan Muxtar başına gələnlər haqda hüquq-mühafizə orqanlarını məlumatlandırıb, qız tanışının evində maskalı şəxslərin hücumuna məruz qalması ilə bağlı polisə şikayət edib. Məhz bundan sonra dəstə üzvləri Gürcüstan polisi tərəfindən saxlanılaraq Azərbaycana təhvil verilib. Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, hədə-qorxu ilə pul tələb etmədə ittiham olunan Bakı şəhər sakinləri - 24 yaşlı İsrafil Kərimov, 23 yaşlı Orxan Hüseynov, 23 yaşlı Elçin Qasımov, 23 yaşlı Saatlı rayon sakini Maya Qasımova və 20 yaşlı Şabran rayon sakini Seyidsara Heydərovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Maya Qasımova tanışları İsrafil Kərimov, Elçin Osmanov, Orxan Hüseynov və Seyidsara Heydərova ilə mütəşəkkil dəstə yaratmaqla qonşuluqda yaşayan Muxtar Məmmədovun azad olunması şərtilə onun atasından 70 min dollar vəsaitin onların bank hesabına köçürməsinə vadar etmək məqsədilə sonuncunu girov götürüblər. Əvvəlcədən planlaşdırdıqları bölgüyə əsasən, dəstə üzvü Maya Qasımova ötən il yanvarın 25-də axşam saatlarında M.Məmmədova zəng vuraraq ailə üzvlərinin evdə olmadığını deyib və onu kirayə yaşadığı mənzilə - Yasamal rayonu, B.Məcidov küçəsi, 22 saylı ünvana çağırıb. Plana uyğun olaraq, mənzilin yataq otağında "qonağın" gəlişini gözləyən dəstə üzvləri ona hücum çəkərək əl-ayağını yapışqan lent və naqillərlə bağlayıblar. M.Məmmədovdan 50 min dollar tələb ediblər, sonuncu isə o qədər məbləği verməkdən imtina etdikdə döyüblər. Onun üstündə olan 150 manat pulu və 600 manat dəyərindəki "Xiaomi" markalı mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.

Məhkəmə istintaqı zamanı dəstə üzvləri onlara elan olunan ittihamla özlərini təqsirli bilməyiblər.

Üçqat dünya çempionu: "Zəng vurub dedi ki, qorxuram, evə gəl"

Təqsirləndirilən İsrafil Kərimov ifadəsində üç ilə yaxındır ki, Maya ilə yaxın dostluq münasibətində olduğunu, sonuncunun ailə üzvlərinin rayonda, özünün isə Bakıda qaldığını, iş axtardığını, buna görə internetdə paylaşım etdiyini deyib: "Kirayə qaldığı evin sahibi Mayanı evdən çıxarmışdı. Mən ona başqa ev kirayələmişdim ki, bir neçə gün orda qalsın. Maya özünə iş axtarırıdı. Bu barədə sosial şəbəkələrdə paylaşım etmişdi. Muxtar da ona yazmışdı ki, atasının "Sədərək" ticarət mərkəzində mağazası var, onu oraya işə düzəldəcək. Bununla bağlı bir dəfə görüşüb söhbət də ediblər".

İ.Kərimovun ifadəsinə görə, kikboksinqlə məşğul olur, üçqat dünya çempionudur. Hadisə baş verən gün Maya ona zəng vurub evə çağırıb: "Elçinlə birgə avtovağzalda idik, bilet alırdıq. Maya zəng vurub dedi ki, qorxuram, evə gəl, getdim. Evin açarının biri məndədir, qapını açıb içəri girdim. Mayaya dedim, çıx get, bizi avtovağzalda gözlə. Muxtar kefli idi. Dedim, zir-zibilini də yığ, get burdan. Ayağa qalxıb məni yumruqla vurdu. Elçin onun əlindən tutdu. Nə danışdığını bilmirdi, evi dağıdırdı. Ona görə də, əlini yüngülvari bağladıq. Sonra da çıxıb getdik".

"Bizim ona qarşı heç bir qərəzimiz olmayıb"

Təqsirləndirilənin ifadəsinə inansaq, nə özü, nə də uşaqlıq dostları olan Elçin və Orxan Muxtardan pul tələb etməyiblər:

"Əksinə, Muxtar özü bizə pul təklif edirdi. Deyirdi ki, maşının bardaçokunda 10 min manat var, get götür. Bizim üzərimizdən nə onun mobil telefonu tapılıb, nə də başqa bir şey. Əgər telefonu itibsə, axtarışa versinlər, tapsınlar. Biz həmin gün Gürcüstana gedirdik. Biz az qalıb qayıdacaqdıq. Elçinin Gürcüstanda evi var. Bizim Muxtara qarşı heç bir qərəzimiz olmayıb".

Mayanın "Instagram"dakı iş elanı, qonşu oğlanın mesajı və...

Təqsirləndirilən Maya Qasımova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində "Instagram" sosial şəbəkəsində iş axtarması ilə bağlı paylaşım etdiyini, həmin iş elanın altında Muxtarın (əvvəl bir məhəllədə qalıblar və bir-birlərini tanıyıblar - red.) yazaraq ona ətrafının geniş olduğunu, ona iş tapa biləcəyini deyib. Hətta bir dəfə bununla bağlı şəhərdə görüşüb söhbət də ediblər.

Üstündən bir-iki gün keçəndən sonra Muxtar ona "hardasan, gəl iki dəqiqəlik görüşüb danışaq" məzmunlu mesaj yazıb. Maya da cavabında ona yol üstə olduğunu deyib. Lakin Muxtar qıza "gəlim danışaq, mən sonra olmayacağam" deyib. Maya da razılaşıb.

Muxtar Mayanın kirayə qaldığı mənzilə əliboş gəlməyib, özü ilə viski və meyvə də gətirib: "Qapını açanda gördüm əlində içki şüşəsi var, özü də içkili idi. Keçib oturdu, iş haqqında heç danışmadı da. Gördüm artıq-əskik hərəkətlər edir, dedim get, sonra danışarıq, yol üstəyəm, getməliyəm. İsrafilə zəng vurdum ki, hardasan evə gəl. İsrafilə gələndən sonra mən onu evdə qoyub vağzala getdim. Rəfiqəm Sara da ora gəldi. Vağzalda Elçinlə İsrafili gözlədik. Birlikdə Gürcüstana getdik".

"Onun dediklərinin hamısı yalandır"

Gürcüstanda olduğu müddətdə Mayanın anası onunla telefon əlaqəsi saxlayaraq polislər tərəfindən axtarışda olduğunu deyib: