"Əmioğluna ərə getməkdənsə, ingilisə ərə gedərəm"


Digərləri 07 İyl 2019 22:25:00 190 0

"Əmioğluna ərə getməkdənsə, ingilisə ərə gedərəm"

Son.az gencaile.az-a istinadən Kübra Məhərrəmovanın yazısını təqdim edir

XXI əsr olsa da, statistikaya görə ölkəmizdə qohum nikahları artmaqdadır. Əsas arqument isə odur ki, küçədən keçənə qız verəsi deyilik. Ya da küçədən keçəni oğlumuza ala bilmərik. Yenə də övlad "əşyaya" çevrilir. Alıb-vermək. Sanki alver gedir, lap orta əsrlərdəki kimi. Əsas maraq isə var-dövlətin kənara çıxmaması, "xalxın oğlu"nun, ya da qızının "mənim" var-dövlətimə sahib olmamasıdır.

Qurulacaq ailənin xoşbəxt və ya bədbəxt olacağı ən son yerdə durur. Ən böyük bədbəxtlik isə yaxın qohumlar arasında qurulan ailələrdə doğulan uşaqların əksəriyyətinin xəstə olmasıdır. Düzdür, buna çoxu əhəmiyyət vermir. Və zənn edirlər ki, təbiəti aldatmaq mümkündür, bu problem onlardan yan keçəcək.

Statistika deyir ki, qeydə alınan nikahların 56 faizindən çoxu qohumlar arasında olur. Bu ailələrdə doğulan uşaqların 50 faizdən çoxu qüsurlu dünyaya gəlir. Amma biz statistika-filan nəzərə almırıq. Dədə-baba qaydası ilə qızı verdik dayıoğluna, Allah xeyir versin.

Dayıoğluna gedən qızların işi elə asan olmur. Dayısı olur qayınata, dostusu olur qayınana, "qardaş" dediyi də ər. Və ya əmi variantı. Eyni söhbət. Çox zaman belə ailələrdə problemlər yaşansa da, gəlinin söz deməyə haqqı olmur. Həm ata-anası, həm də yeni ailəsi tərəfindən təzyiqlərə məruz qalır. "Səsini çıxarma, doğmaca dayıngili yola ver" tövsiyəsi.

Övlad dünyaya gətirdisə, vəziyyət lap çətinləşir. Uşağına görə döz, otur. Ailə institutu isə çevrilir zindana, həbsxanaya. "Öləndə meyitin çıxacaq o evdən" misalı olur ömürlük verilən qərar. Kimisi dözür, kimisi qaçır, kimisi ölür. Onsuz da hamı öləcək, vecinizə almayın.

Bu vurhavurda cəmiyyətdə ikinci tərəf də var ki, həyatlarını əcnəbi vətəndaşlarla bağlayırlar. Qızlarımızın daha çox beynəlxalq nikahlara üstünlük verdikləri nəzərə çarpır. Səbəblər müxtəlif olur. Əcnəbilər daha rahatdırlar, sıxmırlar, boğmurlar.

Geyim onlar üçün problem deyil. Amma əmioğlunun xasiyyəti ağırdır. Uzun yubka geyinməlisən: toya da, vaya da. Əcnəbiləri nəsil-kök, cer-cehiz narahat etmir. "İndiyə kimi neçə adamla telefonla danışmısan" kimi məlumatlar da onun üçün vacib deyil. Amma əcnəbi məcburdur ki, qızın qohumlarına xatir bizim bütün toy ənənəsini yaşasın. Özü bunu tam anlamasa belə.