"Günah həmin qadında idi"


Kriminal 07 İyl 2019 18:50:00 222 0

"Günah həmin qadında idi"

Şabran rayonunda baş verən qətlə görə məhkəmə iclası davam etdirilib. İlkin məlumata görə qətl hadisəsi namus üstündə törədilib. Amma həbs edilən şəxs qətli özünün törətmədiyini deyir.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilərək həbs edilən 1980-ci il təvəllüdlü Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İttihama görə, Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, Vüsal Hacıyev evinə gələn zaman Ruslan Hacıyevi həyətində görüb. Bu zaman V.Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib. R.Hacıyev hadisə yerindəcə ölüb.

Amma Vüsal Hacıyev ittihamla razılaşmır. Deyir ki, bu qətli törədən İsmayıl Səfərəliyev adlı şəxsdir.

Məhkəmə iclasında mərhumun anası, hüquqi varis kimi tanınan Kafiyə Şeydayeva ifadə verib. O, əvvəlcə məhkəmədən xahiş edib ki, işin düzgün araşdırılması təmin edilsin.

"Mən itirdiyimi itirmişəm. Oğlum artıq yoxdur. Bu hadisəni də kim törədib bilmirəm. Məhkəmədən xahiş edirəm ki, əsas günahkarı üzə çıxarsın. Mənə fərq etmir ki, oğlumu kim öldürüb. Artıq olan olub, keçən keçib. Əsl günahkar kimdisə ən ağır cəzasını almalıdır"- deyə mərhumun anası məhkəmədən xahişində bildirib.

Daha sonra hadisə barədə danışan Şeydayeva qeyd edib ki, həmin gün oğlu məhəlləyə çıxıb, Amma geri qayıtmayıb:"Evə gec gələn deyildi. Gecikəndə də xəbər edirdi. Amma nə qədər gözlədimsə, xəbər çıxmadı. Tanıdığım adamlara zəng elədim. Sonra xəbər gəldi ki, oğlum xəstəxanadadır. Dava etmədiyini, xəstəxanaya aparıldığını dedilər. Xəstəxanaya gedəndə isə öldüyünü bildim. Mən heç nə görməmişəm. Amma eşitmişəm ki, orada İsmayıl da olub. İndi həmin şəxs ölkədə yoxdur. Onu nə polis dindirib, nə də prokurorluq. Eşitdiyimə görə Tümendədir".

Şeydayeva suallara cavab verərkən mərhum oğlu ilə həbs edilən Vüsal arasındakı münasibətlərdən də danışıb. O da bir neçə il əvvəl baş verən və indiki cinayətə səbəb olduğu deyilən hadisədən xəbərdar olduğunu deyib.

Bildirib ki, oğlu ilə Vüsalın həyat yoldaşı arasında əlaqə olub. Amma bu söhbətin üstündən illər keçib: "Vüsal boşandı. Günah həmin qadında idi. Mənim oğlumda da səhv var idi. Amma bu hadisə olub keçmişdi. İllər sonra həmin hadisəyə görə qətl törədiləcəyinə inanmıram. Məhkəmədən bu işi obyektiv araşdırmasını xahiş edirəm".

Prosesin davamında Vüsal Hacıyevin bacısı Gülayə Hacıyeva da şahid kimi dindirilib.

Məhkəmə əvvəlcə şahiddən Hacıyev soyadlarının qohumluqla bağlı olub-olmadığını soruşub. Gülayə Hacıyeva qohum olmadıqlarını, soyadların təsadüfən eyni olduğunu bildirib.

Sərbəst ifadə verən Gülayə Hacıyeva da qardaşının günahsız olduğunu deyib. Bildirib ki, bu işdə günahkar İlham adlı şəxs və qardaşının keçmiş həyat yoldaşıdır.

"Rəhmətlik Ruslan bizim qapıya gəlmişdi. O vaxt qardaşımın yoldaşı ilə münasibəti var idi. Söz-söhbət oldu. Qardaşım da bundan xəbər tutmuşdu. O vaxt Ruslan da içkili idi. Polis çağırdım, gəlib Ruslanı apardılar. Ona 15 sutka verdilər. Bu işdə qardaşım günahsızdır. Hər şeyi onlar elədi"- deyə şahid ifadəsində bildirib.