Məşhur türkiyəli professor: “23 ilə hepatit Dnin müalicəsində yeni dərmanlardan istifadə olunacaq”


Digərləri 06 İyl 2019 21:15:00 300 0

Məşhur türkiyəli professor: “23 ilə hepatit Dnin müalicəsində yeni dərmanlardan istifadə olunacaq”

Hepatit bütün dünyada, eləcə də Azərbaycanda  ən geniş yayılan problemlərdən biridir. Son məlumatlara görə, dünyada 400 milyon insan hepatit virusuna yoluxub. Hər il yüz minlərlə insanın hepatit virusundan öldüyü bildirilir. Bu isə hepatitin gec aşkarlanması, qaraciyərdə geriyə dönməz proseslərin getdiyi, sirroz yarandığı hallarda baş verir.

Daha çox B və C hepatitlərinə rast gəlinsə də, son illərdə Delta hepatiti də geniş yayılmağa başlayıb və hələlik bütün dünyada D hepatitinin tam müalicəsi mümkün deyil. Hepatit D, başqa sözlə, Delta virusu qaraciyərin iltihabına səbəb olan bir infeksiyadır. Bu virus qaraciyər xəstəliyinin şiddətlənməsinə, sonda isə xərçəng də daxil olmaqla ağır qaraciyər problemlərinə səbəb ola bilir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Bakıda beynəlxalq konfransa qatılan, dünyanın məşhur hepatit D mütəxəssislərindən biri, Ümumdünya Qastroenterologiya Təşkilatının baş katibi, Ankara Universitetinin Tibb Fakültəsinin müəllimi, professor Cihan Yurdaydın bu xəstəlik, onun səbəbləri, müalicəsi, görülən tədbirlər, yeniliklər barədə danışlıb.

- Professor, əvvəlcə Delta hepatiti nədir, bu haqda məlumat verməyinizi istərdik.

- Delta hepatit təkbaşına xəstəlik yaradan virus deyil. Hepatit B ilə birlikdə olduğu zaman xəstəlik yaradır. Delta hepatit virusu bədənə təkbaşına daxil olsa və çoxala bilsə də, xəstəlik yaratması üçün orqanizmdə hepatit B də olmalıdır. Bu isə hepatit B və C-yə nisbətən daha şiddətli xəstəlik yaradır.

- Yəni hepatit B olmadığı zaman Delta hepatiti təhlükəli sayılmır?

- Əgər orqanizmdə hepatit B yoxdursa, bir müddət sonra Delta hepatit çoxala bilmir və xəstəlik yaratmır. Deltanın orqanizmə daxil olması, xəstəlik yaratması hepatit B-nin orqanizmə daxil olması ilə birgə ola bilər. Eyni zamanda hepatit B bədəndə uzun müddət qalarsa, Delta hepatiti də orqanizmə daxil olur və xəstəlik daha da şiddətlənir. D hepatitinə daha az rast gəlinsə də, hepatitlərin ən şiddətlisidir. Bu səbəbdən də bu virusun müalicəyə daha çox ehtiyacı olur.  

- Bu virusun hepatitin digər növlərindən fərqi nədir?

- 2000-ci illərdə Hepatit B ilə bağlı çox mühüm irəliləyişlər əldə olundu və bu virusun müalicəsi problem kimi qəbul olunmadı. Hepatit C virusunda da son 6-7 ildə çox vacib irəliləyişlər qeydə alınıb. Bu gün artıq Hepatit C virusunun müalicəsi zamanı çox uğurlu nəticələr əldə edirik. Hepatit C ilə bağlı ənənəvi "interferon" müalicəsi aradan qaldırılıb. Bu virus artıq daha qısa müddətə müalicə olunur, kənar təsiri olmayan dərman qəbulu ilə həllini tapır. Hepatit B-də də demək olar artıq "interferon" müalicəsinə ehtiyac olmur. Amma Delta hepatitində hazırda ən effektiv üsul "interferon" müalicəsidir və daha uzun müddətli istifadə edilməlidir.

- Bu virusun müalicəsi üçün yeni metodların tapılması, işlənib hazırlanması gündəmdə deyil?

- Yeni dərman preparatının hazırlanması məsələsi gündəmdədir. Son bir neçə ildə yeni dərman hazırlanması ilə bağlı işlər görülür. Hazırda iki dərman preparatı üzərində işlənilir. Qarşıdakı 2-3 il müddətində Delta hepatitinin müalicəsində yeni dərmanlardan istifadə olunacaq. Bəlkə də 2 il gözləməyə ehtiyac qalmayacaq. Bir il ərzində də bu dərmanlardan birinin Rusiyada lisenziyalaşdırılması məsələsi müzakirə olunur.