Qadın və nida işarəsi: “redaktə” olunmalı münasibətlər


Digərləri 06 İyl 2019 19:21:00 209 0

Qadın və nida işarəsi: “redaktə” olunmalı münasibətlər

Salam! Ümid edirəm ki, yaxşısız! Sizdən məktub almaq necə də xoşdur!

Bütün tanışlarım bilirlər ki, mən çox gülərüz adamam.

Hətta ən pis günlərimdə də özümü elə aparmağa çalışıram ki, sanki hər şey əladır - ən azı dostum və iş yoldaşım olmayanların yanında.

Mənim elektron məktublarımda bu özünü çoxsaylı nida işarəsi şəklində büruzə verir.

Həmişə çalışmışam ki, münasibətlərdə xoşagələn biri olum.

Buna görə bəzən az qala bütün cümlələrin sonuna nida qoyuram.

Bunu etiraf etməyə qətiyyən utanmıram, çünki, böyük ehtimal, siz də hərdən belə edirsiz.

Son məktublarınızdan bir neçəsini oxuyun.

Əgər sizin də xasiyyətiniz mənimki kimidirsə, yazdığınız mətnlərdə bir xeyli iltifat və nida işarəsi görəcəksiz.

"Səbirsizliklə nəticələri gözləyirəm!"

"Sizdən tezliklə cavab gözləyirəm!"

"Sizə yardım edə bilməyimə çox sevindim!"

Doğrudanmı?

ABŞ prezidentliyinə keçmiş namizəd Jeb Bush özünün 2016-cı ildəki seçki kampaniyasının loqotipində nida işarəsindən istifadə etmiş və mətbuat bunu parodiyaya çevirmişdi

Gün ərzində yazdığınız bir neçə və ya onlarla məktubun hər birini göndərməzdən əvvəl mikro-qərar verirsiz - necə müraciət edəsiz, hansı durğu işarələrindən istifadə edəsiz, fikirlərinizin aydın və başadüşülən olması üçün hansı ifadələri yazasız.

Və bütün bunlar real zaman rejimində baş verir.

Bu yerdə çoxillik özünübəyəndirmə təcrübəsi işə düşür - o, qarşısıalınmaz bir xoşagəlmə arzusuyla birlikdə məktubunuza "hücum edir".

Amma bu, daha çox qadınlara aid haldır, onlar nida işarəsindən daha çox istifadə edirlər.

2006-cı ildə aparılmış bir araşdırmada professional diskusiya qruplarına aid 200 məktub analiz edilib və məlum olub ki, nida işarələrinin 73 faizi qadınların məktublarındadır.

Araşdırmaçılar belə qənaətə gəliblər ki, professional dialoq və kontaktlarda qadınlar bu yolla öz xoş niyyətlərini ifadə edirlər. Şəxsi təcrübəmə gəlincə: mənim nida işarəsindən tez-tez istifadə etməyim "alıcının" hisslərini idarə etmək istəyimdən irəli gəlir.

Mənim yazı tonum həmişə enerjili və nikbinliklə doludur - hətta situasiya buna uyğun olmasa da.

Nida işarələri bəzən xoşagəlməz olur, bəzən də güclü emosiyaları ifadə edir. Şəkildə: Avropa Parlamentinin üzvləri Macarıstan konstitusiyasına əlavələrə bu şəkildə reaksiya veriblər (2013)

Zəhmət olmasa

Biz qadınlar iş yerində xeyirxahlığın və iltifatların əhəmiyyətini şişirdirik, amma bu, səbəbsiz deyil.

"McKinsey" beynəxalq konsaltinq şirkətinin ötənilki hesabatına görə, kişilərlə müqayisədə bizim işə götürülmə və karyera pillələrində irəliləmə şansımız ənənəvi olaraq daha azdır. Ona görə də biz öz bacarıqlarımızı daha böyük səylə sübut etməli oluruq.

Bundan başqa, bizim hətta iş təcrübəsinə əsaslanan fikirlərimiz də şübhəylə qarşılanır.

Doğrudanmı, mən öz entuziazmımı göstərmək üçün nida işarələrindən bu qədər çox istifadə edirəm?

Mən özümə lazım olan nəticəni almamaqdan qorxuram, ona görə də tonumu yumşaldıb məktubumu alacaq adamın nəylə məşğul olmasıyla maraqlandığımı qabardıram.

Sanki mən öz məktubuma əsas məzmundan əlavə bir də mehribanlıq ştrixləri əlavə edirəm, çünki soyuq təsəvvür bağışlamaq istəmirəm. Hər bir yersiz nida işarəsi "alıcıya" mənim kiçik xahişimi çatdırır: xahiş edirəm, məndən xoşun gəlsin, xahiş edirəm, "hə" yaz.

Bu, təkcə məktublara aid vəziyyət deyil. Mən yığıncaqların heç də ən populyar iştirakçısı deyiləm və buna görə də həmişə kiminsə sözünü kəsməyə çətinlik çəkmişəm.

Mən öz fikrimi deməyə, onu müdafiə etməyə, öz təcrübəmi bölüşməyə qorxmuşam və imkan vermişəm ki, bunu başqaları etsinlər və təqdiri də onlar alsınlar.

Beləliklə, nəzakət xətrinə susub ümumi işə töhfə verməmişəm.

Biz qadınları xeyirxah olmaq, başqalarını dəstəkləmək və çox yer tutmamaq ruhunda tərbiyə edirlər. Bu bizi tükəndirir və zəiflədir.

Nida işarəsinə daha çox təhlükə xəbərdarlığıyla bağlı plakatlarda rast gəlinir. Sizin nida işarələrinizsə başqalarına belə bir xəbərdarlıq ötürə bilər: bu məktubun müəllifini ciddi qəbul etmək lazım deyil

Zaman gözləmir

Mən durğu işarələrimi ixtisara salmağa başlayanda fikir verdim ki, bu süni entuziazm mənim şəxsi həyatıma da sirayət edib.

Məlum oldu ki, mən öz tonumu başqalarına uyğunlaşdırmağa çox böyük enerji sərf edirəm.

İnsanların ovqatına təsir etmək cəhdləri adamı çox yorur.